İran kimi terror yuvasında hakimiyyəti təmsil edən və onun simvollarından biri olan cənab Pezeşkianın söylədiyi fikirlər, sərgilədiyi mövqe təkcə bir fədakarlıq və ləyaqət nümunəsi, millət təəssübkeşliyi deyil, gözümüz önündə dəyişən dünyanın yeni müjdəsi kimi geopolitik münasibətlərin keyfiyyətcə yeni mərhələsinin başlandığının əlamətləridir.
Bu sözlər Tibb elmləri doktoru, professor Adil Qeybullanın özünün sosial media hesabında yazdığı statusdandır. İran prezidenti Pezeşkianın Azərbaycanın Xankəndi şəhərində keçirilən İƏT-in 17-ci Zirvə görüşündəki çıxışına münasibət bildirən professor yazır ki, onun çıxışı sıradan bir deklarasiya deyildi:
“…Bizim ölkədə bir ana dilində təhsil problemi var... Bu adamların ana dili Türk dili, etnik mənsubiyyəti türkdür...»
Dövlət adına bir şeytan yuvası içərisində, iki əsrdən çoxdur ki, hər türlü pressinqlər və ölüm təhdidi altında yaşamaq zorunda qalan 40 milyon civarında nüfuzun fundamental hüquq və azadlıqlarının bu şəkildə sərrast tələb dili ilə bəyan edilməsi, nəinki hissələrə parçalanmış nəhəng bir millətin ruhundan gələn sədadır, həm də onun çarəsizlik durumuna son vermək əzminin və bütövlükdə yeni dövrün başlanmasına işarədir. Millətin adının və dilinin bir dövlət başçısının dilindən təsbit edilərək səsləndirilməsi, gen yaddaşının qutsal enerjisinin haqq səsi kimi bir daha dünyaya yayıldı. Bəli, bu gün bölünmüş, ərazisi hissələrə parçalanmış, tarixi toponimləri dəyişdirilmiş bir millətin azərbaycanlı adı ilə assimilyasına yatırılan saysız-hesabsız hərbi, maddi, siyasi, iqtisadi, təbliğati sərmayənin göyə sovrulmasının şahidiyik. Millətin və dilimizin bir adı var – türk. Vaxtilə Azərbaycanı işğal edib quru ərazisini haylara peşkəş edən Rusiya bununla vətənimizin quru torpağı olan Naxçıvanı bizdən ayrı saldı, qardaş Türkiyəni bizdən və Orta Asiya türklərindən təcrid etdi. Hər rəzil yola əl atdılar.
Cənab Pezeşkianın dediyi bir cümlə də çox möhtəşəmdir: «...Şəhriyar İran tarixinin ən dahi şəxsiyyətidir...» İran tarixən türk idarəçiliyində olub və bir türk coğrafiyasıdır. Şəhriyar da bir türk şairi kimi bu coğrafiyanın ən əzəmətli şəxsiyyətidir.
Cənab Pezeşkian təkcə bu çıxışı ilə özünü şərəfli türk tarixinə qürur nümunəsi kimi həkk etdi. Son dərəcə sevindirici haldır ki, millətimizin və dilimizin adının türk olması ifadəsini rəsmi dildən eşidə bildik. Haqq nazilər, lakin üzülməz...”
SAMİRƏ