Son illərdə səhiyyə infrastrukturunun yenilənməsi, peşəkar tibbi personalın cəlb olunması və müasir tibbi avadanlıqların təmin edilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında ağır və mürəkkəb cərrahi əməliyyatlar yerli xəstəxanalarda uğurla həyata keçirilir. Bu, Bakı şəhərinə müraciətlərin sayında nəzərəçarpacaq azalmaya səbəb olub.
Day.Az xəbər verir ki, bu sözləri Trend-ə özəl müsahibəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Samiq Sadıxov deyib.
Nazirin sözlərinə görə, əlavə olaraq Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığortanın tətbiqi əhalinin tibbi xidmətlərə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
"Artıq vətəndaşlar sığorta çərçivəsində ilkin tibbi yardımdan tutmuş mütəxəssis konsultasiyalarına və zəruri laborator müayinələrə qədər geniş çeşiddə xidmətlərdən pulsuz və fasiləsiz şəkildə yararlana bilirlər. Bu yanaşma, həm əhalinin tibbi xərclər baxımından yükünü azaldıb, həm də səhiyyə sistemində xidmətin keyfiyyətini və əlçatanlığını artırıb", - deyə nazir qeyd edib.