AZ

Azərbaycan “yaşıl” enerji istehsalını 10 ildə 43 faizə çatdıracaq

Dünya Bankı ölkəmizin bu yöndə layihələrini fəal dəstəkləyir

Maliyyə naziri Sahil Babayev Azərbaycan hökuməti və Dünya Bankı arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit sazişinin imzalanması mərasimində dövlətimizin qarşısında ölkəmizin “yaşıl” enerji ixracatçısına çevirilməsinin əsas məqsəd kimi qoyulğunu, bunun üçün respublikanın geniş imkanları, istehsal potensialı olduğunu bildirib.

Nazir, eyni zamanda, Dünya Bankı Qrupunun Azərbaycanda həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. O, mövcud əməkdaşlığın ölkəmizin enerji sektorunda dayanıqlığa müsbət təsiri, “yaşıl” enerji mənbələrinə keçidin sürətləndirilməsi, enerji təhlükəsizliyinin gerçəkləşdirilməsi və iqlim dəyişiklikləri ilə mübarizə baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd edək ki, son illərdə iqlim dəyişiklikləri ilə mübarizə, enerji təhlükəsizliyinin təmin olunması və davamlı iqtisadi inkişaf istiqamətində qlobal çağırışlar ölkələrin enerji siyasətlərində ciddi dəyişikliklərə yol açıb. Azərbaycanın bu prosesdə oynadığı rol isə getdikcə daha da ön plana çıxır. “Yaşıl gündəm”ə uyğun olaraq ölkəmizin enerji siyasəti təkcə daxili tələbatı qarşılamaqla kifayətlənmir, həm də bərpa olunan enerji mənbələrinin ixrac potensialını reallaşdırmaq məqsədi daşıyır. Bu istiqamətdə mühüm addımlardan biri, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit sazişidir.

Maliyyə naziri Sahil Babayevin yuxarıda adıçəkilən əhəmiyyətli mərasimdə verdiyi bəyanatlar Azərbaycan dövlətinin strateji hədəflərinin bir daha aydın ifadəsi kimi qiymətləndirilə bilər. S.Babayev qeyd edib ki, ölkəmizin qarşısında duran əsas məqsədlərdən biri Azərbaycanın yaxın gələcəkdə etibarlı və miqyaslı “yaşıl” enerji ixracatçısına çevrilməsidir. O vurğulayıb ki, bu məqsədə çatmaq üçün Azərbaycanın həm texniki, həm təbii resurslara əsaslanan, eyni zamanda, institusional potensialı mövcuddur.

Əslində, Azərbaycanın “yaşıl” enerji siyasəti ötən illər ərzində planlı şəkildə həyata keçirilən islahatlar və strateji yanaşmaların nəticəsidir. Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl enerji zonası” konsepsiyası, xüsusilə də azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji potensialının reallaşdırılması bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Təkcə Kəlbəcər, Laçın və Cəbrayıl rayonlarında minlərlə meqavatlıq günəş və su elektrik potensialının mövcudluğu Azərbaycanın enerji strategiyasında yeni səhifənin açılmasının parlaq ifadəsidir.

Sahil Babayev, mərasimdəki çıxışında Dünya Bankı Qrupunun Azərbaycanla əməkdaşlığını da xüsusi qeyd edib. O, bankın ölkəmizdə həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstəyi yüksək qiymətləndirərək bildirib ki, bu əməkdaşlıq enerji sektorunda bərpa olunan mənbələrə keçidin sürətləndirilməsində, enerji təhlükəsizliyinin təmin olunmasında və iqlim dəyişikliklərinə qarşı mübarizədə əvəzsiz rol oynayır.

Qeyd edək ki, Dünya Bankı ilə əməkdaşlıq təkcə maliyyə dəstəyi ilə məhdudlaşmır. Bu, texniki yardım, strateji məsləhətlər və institusional potensialın artırılması sahəsində də özünü qabarıq göstərir. Azərbaycan üçün bu əməkdaşlıq, xüsusilə də beynəlxalq investisiya mühitinin cəlbedici saxlanılması və enerji bazarına yeni oyunçuların daxil olması baxımından da olduqca önəmlidir.

Azərbaycanın bərpa olunan enerji sahəsində inkişaf hədəfləri təkcə daxili ehtiyaclarla bağlı deyil. Avropa İttifaqı ilə imzalanmış strateji enerji sazişləri çərçivəsində Azərbaycan Xəzər dənizi vasitəsilə Avropaya “yaşıl” enerji ixracını da planlaşdırır. Bu kontekstdə Gürcüstan və Rumıniya ilə birgə həyata keçirilən Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi, həmçinin Avropaya uzanan “yaşıl” enerji dəhlizinin yaradılması strateji baxımdan əhəmiyyətli təşəbbüslərdir.

Belə bir zamanda Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın bərpa olunan enerji sektorunda beynəlxalq etimadını daha da möhkəmləndirir. Kredit sazişləri təkcə maliyyə resurslarının cəlb edilməsi deyil, həm də enerji infrastrukturunun modernləşdirilməsi və dayanıqlı inkişafın gerçəkləşdirilməsi baxımından strateji önəm daşıyır.

Burada onu da qeyd edək ki, sözügedən istiqamətdə gerçəkləşdirilən layihələrin perspektivdə mühüm uğurlarla nəticələnəcəyi proqnozlaşdırılır. Məsələn, energetika naziri Pərviz Şahbazov Çinin Ninqbo şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin iclasının açılış mərasimində və “Sənaye innovasiyası dayanıqlı enerji inkişafının hərəkətverici qüvvəsidir” adlı forumda bildirib ki, Azərbaycanda növbəti 5 ildə quraşdırılan gücdə bərpa olunan enerji payınının 38 faizə, 2035-ci ildə isə, təxminən, 43 faizə çatdırmaq üçün külək və günəş stansiyalarının tikintisi nəzərdə tutulur.

Nazir daha sonra əminliklə bildirib ki, Çinlə tərəfdaşlıq Xəzər dənizinin 157 QVt-lıq külək enerjisi potensialının hərəkətə gətirilməsində və Mərkəzi Asiyanın “yaşıl” enerji resurslarına əsaslanan “yaşıl enerji dəhlizləri”nin reallaşdırılmasında mühüm rol oynayacaq. Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə layihəsi – “Transxəzər Yaşıl Enerji Dəhlizi”, “Xəzər – Qara dəniz – Avropa” və “Azərbaycan –Türkiyə – Avropa” “yaşıl” enerji dəhlizləri və interkonnektorları ilə inteqrasiya edilməklə, Asiya ilə Avropa arasında yerləşən Orta Dəhliz boyunca bərpa olunan enerjinin genişmiqyaslı və fasiləsiz ötürülməsinə imkan yaradacaq.

“Yaşıl” enerji interkonnektorları coğrafi baxımdan qeyri-bərabər paylanılan və təbiəti etibarilə dəyişkən olan günəş və külək enerjisinin ehtiyac olan regionlara çatdırılmasına, bərpa olunan enerjinin səmərəli istifadəsinə və enerji sistemləri arasında qarşılıqlı dayanıqlığın təmininə xidmət edən kritik infrastruktur elementləridir. Bu kontekstdə regionlararası inteqrasiya ŞƏT ölkələrindən Azərbaycana, buradan isə Türkiyə və Avropa bazarlarına “yaşıl” enerjinin ötürülməsi üçün əsas vasitəyə çevriləcək. Bu əməkdaşlıq Çin üçün texnologiya transferi və investisiya imkanlarının genişlənməsi ilə yanaşı, “Yaşıl İpək yolu” təşəbbüsünü və ŞƏT-in enerji gündəliyini praktik nəticələrlə dəstəkləyən platforma olacaq.

Nazir, həmçinin enerji təhlükəsizliyi, iqlim öhdəlikləri və iqtisadi davamlılıq kimi çağırışlarla dərin transformasiya mərhələsində olan qlobal enerji sektorunda innovasiyaların roluna dair fikirlərini bölüşüb. Azərbaycanın “yaşıl enerji zonaları” modeli növbəti 5 ildə quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 38 faizə, 2035-ci ildə isə təxminən 43 faizə çatdırmaq üçün külək və günəş stansiyalarının tikintisi, dənizdə külək enerjisinin istifadəsi, həmçinin interkonnektorlar layihələrinin məhz innovasiyalara əsaslandığı diqqətə çatdırılıb.

Ümumilikdə, “yaşıl” enerjiyə keçid təkcə iqtisadi və ekoloji deyil, həm də geosiyasi əhəmiyyət daşıyan məsələdir. Bu sahədə əldə olunan uğurlar Azərbaycanın beynəlxalq nüfuzunu artırır, regionda enerji xəritəsinin yenidən formalaşmasında ölkəmizi öncül mövqeyə çıxarır.

Azərbaycan hökumətinin bərpa olunan enerji sahəsində israrlı və məqsədyönlü siyasəti Dünya Bankı kimi qlobal tərəfdaşların dəstəyi ilə birləşərək ölkəmizin “yaşıl” enerji ixracatçısına çevrilməsi istiqamətində yeni imkanlar açır. Bu, təkcə enerji strategiyası deyil, həm də davamlı gələcəyin qurulması yolunda atılan uğurlu addımdır.

 

Seçilən
41
8
xalqqazeti.az

10Mənbələr