BAKI, 6 iyul. TELEQRAF
Böyük Britaniyada "Eurofighter Typhoon" qırıcılarının istehsalı yeni sifarişlərin olmaması səbəbindən dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Bildirilib ki, bu, ölkənin aerokosmik sənayesində mühüm texnoloji bacarıqların itirilməsi riski yaradır.
Onilliklərdir "BAE Systems" şirkətinin Lankəşirdə yerləşən Varton zavodunda yığılan bu qırıcıların istehsalı, 2017-ci ildə Qətərlə bağlanmış müqavilə çərçivəsində sonuncu təyyarənin təhvili ilə yekunlaşır. Hökumət 2009-cu ildən bəri yeni "Typhoon" sifarişi verməyib, Səudiyyə Ərəbistanı və Qətərdən gözlənilən ixrac müqavilələri isə hələ razılaşdırılmayıb.
Qeyd olunur ki, sifarişlərin olmaması Böyük Britaniyanın Qlobal Döyüş Aviasiyası Proqramında (GCAP) növbəti nəsil qırıcıların hazırlanmasında rolunu zəiflədə bilər.
Təyyarələr Avropa konsorsiumu – "BAE", "Airbus" və "Leonardo" tərəfindən istehsal olunur. Hər bir ölkə təyyarənin fərqli hissələrini yığıb, son montajı öz ərazisində həyata keçirir. "BAE Systems" bəzi komponentləri hələ də istehsal etsə də, onlar artıq yığım üçün Avropaya göndərilir.
Britaniya hökumətinin "Typhoon" sifarişi vermək əvəzinə ABŞ istehsalı olan F-35A təyyarələrini almaq qərarı isə tənqidlərə səbəb olub.