Dekabr ayının 12-də Biləsuvar şəhərində “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlu və Xırmandalı kəndində şəhid Məmmədov Elvin Tərlan oğlunun doğum günləri ilə əlaqədar ailələri ziyarət olundu.
“İki sahil” xəbər verir ki, ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılaraq xatirələri yad edilmiş, ruhlarına dualar oxunmuş və yaxınlarına baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Vətən Müharibəsi Qəhrəmanı, şəhid Əkbərov Orxan Nadir oğlu 12 dekabr 1982-ci ildə Saatlı şəhərində anadan olmuşdur. 1989-1997-ci illərdə Saatlı şəhər 3 nömrəli tam orta məкtəbində, 1997-1999-cu illərdə isə Biləsuvar şəhər 1 nömrəli tam orta məкtəbində təhsil almışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlu ölümündən sonra Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi - Vətən Müharibəsi Qəhrəmanı adı ilə və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid Orxan Əkbərov ailəli olub 1 oğul və 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir. Ölümündən sonra adı əbədiləşdirilərək Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə verilmişdir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarının MAHHXHQ-sı olmuş Məmmədov Elvin Tərlan oğlu 12 dekabr 1992-ci ildə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmədov Elvin Tərlan oğlu ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid Elvin Məmmədov ailəli olub 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir. Ölümündən sonra adı əbədiləşdirilərək Xırmandalı kənd küçələrindən birinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!