AZ

Rusiyada işdən çıxarıldıqdan saatlar sonra meyiti tapılan nazirin ölümü ilə bağlı müəmmalar artır...


Dünən səhər saatlarında Vladimir Putinin vəzifəsindən uzaqlaşdırdığı nəqliyyat naziri Roman Starovoytun elə həmin gün meyiti tapılıb. Moskvanın Odintsovo bölgəsindəki parkında ölü tapılan 53 yaşlı sabiq nazirin yanında 2023-cü ildə ictimai təhlükəsizliyə verdiyi töhfələrə görə hədiyyə edilən “Makarov” tapançası olub.

Onun ölümünün intihat, yaxud qətl olması ilə bağlı heç nə deyilmir. Ancaq istintaq intihar versiyası üstündə dayanır. RBC-nin məlumatına görə, Roman Starovoytun cəsədi avtomobilindən bir neçə metr aralıda kolluğun arasında tapılıb.

Son iddiaya görə, Starovoyt ölümündən əvvəl şəxsi mühafizəçilərinə bir mesaj göndərib. “Mash” kanalının məlumatına görə, Starovoyt mühafizə dəstəsindən cəsədinin hara və nə vaxt götürülə biləcəyini yazıb və gəlib onu götürmələrini istəyib.

Həmçinin bildirilir ki, meyitin kimliyini Starovoytun köməkçisi və sevgilisi olduğu iddia edilən Polina Karniyeva müəyyənləşdirib. Baza Telegram kanalının məlumatına görə, həyat yoldaşından boşanan Starovoyt Polina ilə Kursk vilayətində işləyərkən tanış olub. Starovoyt tibb fakültəsini təzəcə bitirmiş gənc qadının buraxılış mərasimində də iştirak edib. Onların daha sonra birlikdə Moskvaya köçdükləri bildirilie. O vaxt yerli media Polinanı “Kurskun gələcək birinci xanımı” adlandırıb.

“Forbes” isə nazirin bazar günü öldüyünü iddia edib. RİA "Novosti" isə xəbər verir ki, keçmiş nəqliyyat naziri Starovoytun cəsədinin yanında tapılan "Tesla" markalı avtomobili nazir intihar etməzdən ay yarım əvvəl şəxsi avtomobil kimi alıb. Nəşrin əldə etdiyi qeydiyyat məlumatlarına görə, keçmiş nazir Tesla Model X-i 20 may 2025-ci ildə alıb. Bundan əvvəl o, 2018-ci ilin iyul ayından başqa adla qeydiyyatdan keçib. Bu arada hadisə yerindən xəbər verən “Komsomolskaya Pravda” cəsədin yerli saatla 15:00 radələrində Tesla Model X-dən bir neçə metr aralıda kolluqların arasından tapıldığını yazıb.

Məlumata görə, avtomobil keçmiş nazirin evinin yaxınlığında, Razdorı kəndi yaxınlığındakı “Malevich Park” dayanacağında saxlanılıb. Lakin məlumatda bildirilir ki, ölüm vaxtı barədə dəqiq məlumat yoxdur. Parkın təhlükəsizlik xidmətinin əməkdaşları “Komsomolskaya Pravda”ya bildiriblər ki, bazar günü keçmiş nazirin avtomobilini elə həmin yerdə görüblər. Digər məlumata görə, Starovoyt dünən Nəqliyyat Nazirliyində görünüb. İşdən çıxandan sonra isə sağollaşıb evə gedib.

RBC mənbələrinin məlumatına görə, Starovoytun nəqliyyat naziri vəzifəsindən uzaqlaşdırılması Kursk vilayətinin sərhədində istehkamların tikintisində korrupsiya araşdırmaları, nəqliyyat sektorundakı böhranlar və sektorda ümumi problemlərlə əlaqədar olub.

Starovoyt 2024-cü ilin mayında nəqliyyat naziri təyin olunana qədər Kursk vilayətinin qubernatoru olub. Starovoyt vilayət rəhbəri vəzifəsindən getdikdən sonra onu vilayət hökumətinin başçısı və birinci müavini Aleksey Smirnov əvəz edib. Starovoyt federal vəzifəyə gəldikdən cəmi 2,5 ay sonra, avqustun 6-da Ukrayna ordusu Kursk vilayətinə daxil oldu. Avqustun 12-nə olan məlumata görə, Ukrayna qoşunları 28 yaşayış məntəqəsini nəzarətə götürərək bölgənin 12 kilometr dərinliyinə qədər irəliləyib.

Smirnov 2024-cü ilin dekabrında tutduğu vəzifədən istefa verib. O, istefasını sərhəd bölgəsində əhali ilə ünsiyyətdə ciddi boşluqlar olması ilə izah edib. Qısa müddət sonra bölgədə müdafiə strukturlarının tikintisi ilə bağlı korrupsiya iddiaları gündəmə gəlib. Ardınca Smirnova qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Hələ Roman Starovoyt nəqliyyat naziri postundan uzaqlaşdırılmamışdan əvvəl RBC mənbələri bu prosesin sonda ona da təsir edəcəyini bildiriblər. Axı məhz onun dövründə müdafiə strukturlarının tikintisinə başlanılıb. Mənbələrin sözlərinə görə, hər şey istintaq çərçivəsində həbs edilən şəxslərin ifadələrindən asılı olub. "O, mütləq şahid kimi ifadə verəcək. Çünki o, baş verənləri ya görməyib, ya da ört-basdır edib", - federal məmur bildirib. Prezident administrasiyasına yaxın olan başqa bir mənbə deyib ki, həqiqətən də təhlükəsizlik xidmətinin Starovoyta sualları var.

Prezident administrasiyasına yaxın RBC mənbələrindən biri, həftə sonu pilotsuz təyyarələrin hücumu nəticəsində yaranan hava limanlarındakı xaosun Starovoytun işdən çıxarılmasına təsir göstərə biləcəyini söyləyib. Mənbənin sözlərinə görə, Starovoyt böhrana kifayət qədər fəal müdaxilə etməyib və bu, onun işdən çıxarılmasına səbəb ola bilərdi.

Bununla belə, RBC-nin prezidentliyə yaxın olan digər iki mənbəsi buna şübhə ilə yanaşıb. "O, nə edəcəkdi? Zenit silahları alıb pilotsuz təyyarələri vuracaqdı?" – deyə bir mənbə bildirib. Digəri isə "Starovoyt nazir postunda cəmi bir ildən bir az çox qaldı. Bu qədər qısa müddətdə belə köklü dəyişikliklərin olacağı ehtimalı azdır. Üstəlik, bizdə adətən kadr dəyişikliyi performansa görə o qədər də tez aparılmır, ona görə də mən bu ehtimalı real görmürəm" deyib.

“Kommersant” qəzeti isə yazıb ki, Starovoytun yaxın günlərdə saxlanılması və dindirilmək üçün Rusiya İstintaq Komitəsinin bölmələrindən birinə aparılması planlaşdırılırmış.

TAHİR

Seçilən
61
15
baki-xeber.com

10Mənbələr