ABŞ Dövlət Departamenti Suriyaya qarşı sanksiyaların ləğvindən sonra terror təşkilatı siyahısında olan Heyət Təhrir əş-Şamın (HTŞ) siyahıdan çıxarıldığını açıqlayıb.
ABŞ Dövlət Departamentinin müvafiq qərarı “Official Gazette”də dərc olunub.
ABŞ dövlət katibi Marko Rubionun imzaladığı qərarda “Əl Nusra Cəbhəsi olaraq da bilinən HTŞ-nin “Xarici Terror Təşkilatı (FTO)” siyahısından çıxarıldığı bildirilib.
Qərarın ABŞ Baş Prokurorluğu və Maliyyə Naziri ilə məsləhətləşərək qəbul edildiyi, HTŞ-nin İmmiqrasiya və Vətəndaşlıq Qanununun 219-cu maddəsinə əsasən “Xarici Terror Təşkilatı” kimi təyin edilməsi ilə bağlı əvvəlki qərarın ləğv edildiyi qeyd edilib.
İyunun 30-da ABŞ prezidenti Donald Tramp ABŞ-ın Suriyaya qarşı sanksiyalarına son qoyan fərman imzalayıb.
Açıqlamada, “Bu gün prezident Donald Tramp ölkənin sabitlik və sülhə gedən yolunu dəstəkləmək üçün Suriyaya qarşı sanksiyalar proqramını dayandıran tarixi sərəncam imzalayıb”.