Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Qan Turalı yazır...
Bəzi insanlar üçün mövqenin heç bir əhəmiyyəti yoxdur. Bu gün Rusiyanı dəstəkləyə bilərlər, sabah Ukraynanı. Bu gün ateist ola bilərlər, sabah dindar. Bir sözlə, ictimai mövqe, fikir hər nədirsə onun ziddinə getməyi özlərinə amal seçiblər. Bu, nəyə görə lazımdır? Nəyə görə belə edirlər? Çünki onların ali məramı diqqət mərkəzində olmaqdır.
Ancaq məsələ bununla yekunlaşmır. Bir çox insan da heç bilmədiyi mövzularda fikir bəyan etməyə can atır. Bu da onlar üçün həyati əhəmiyyət daşıyır. İlk abzasda qoyulan məsələnin əksi də mümkündür. Fərq etməz. Ya o mövqe olsun, ya da bu mövqe. Əsas diqqət mərkəzində olmaqdır.
Bəs insanları bunu etməyə vadar edən şey nədir? Niyə insanlar nəyin bahasına olursa olsun diqqət çəkməyə can atırlar. Burada Maslovun ehtiyaclar piramidasını xatırlamaq gərəkdir. Piramidanın ilk mərhələsi fizioloji ehtiyaclardır - yemək, içmək, yatmaq kimi. İkinci mərhələ isə təhlükəsizliklə bağlıdır. Növbəti mərhələlər isə mənsubiyyət, dördüncü mərhələ isə özünəhörmət, başqaları tərəfindən qəbul edilmək kimi təqdim olunur. Biz daş dövründə yaşamırıq. Fizioloji və təhlükəsizlik tələbatları asanlıqla ödənilir. Heç kim acından ölmür, hüquq-mühafizə orqanlarının və ordunun sayəsində ölkədə asayiş təmin edilib. Buna görə də insanların tələbatı üçüncü mərhələdən başlayır.
Maslov piramidası mövcud vəziyyəti müəyyən dərəcədə izah edir. Ancaq bu vəziyyəti daha dərindən anlamaq üçün bizim başqa nəzəriyyələrə ehtiyacımız var. Burda dövrəyə fransız psixoanalitik Jak Lakanın "Güzgü nəzəriyyəsi" düşür. Lakana görə 6-12 aylıq körpə özünə güzgüdə baxdıqda güzgüdəkinin özü olduğunu bilmir. Bundan əlavə olaraq uşaq güzgüdə özünü bütöv görür, ancaq o hələ də öz bədəninə hökm edə bilmir. O güzgüdəki əksini arzulayır, istəyir ki, onun kimi olsun. Bu insanda hələ körpə ikən natamamlıq yaradır, insan daim bu natamamlığı aradan qaldırmağa can atır, mükəmməl olmağı arzulayır.
Müasir dövrdə sosial media insandakı bu natamamlığı daha da dərinləşdirir. Lakan "Güzgü nəzəriyyəsi"ni yaradarkən hələ sosial media yox idi. Lakanın dahiliyi də bundadır. Məsələ həm də bu cür qoyula bilər: Sosial media bizdə yeni bir "Mən" yaratmadı, sadəcə olaraq şəxsiyyətimizdəki qüsurları daha da qabarıq formada üzə çıxartdı. İnsanların bir çoxu da bu natamamlıqdan əziyyət çəkmirmi? İnsanlar olduğundan daha fərqli görünmək istəmirmi? Olduğundan daha gözəl, daha ağıllı, daha varlı, daha güclü, daha sağlam...
Burada Lakanın məşhur arzu ideyası da təqdirəlayiqdir. Bu ideyanı bir cümlə ilə ifadə etmək olar: "İnsanın arzuları başqalarının arzularıdır". İnsan daim başqasına baxıb özünü düzəldir. Özünü başqalarının gözündən görməyə meyllənir. Maslov piramadasında olduğu kimi. Başqaları tərəfindən qəbul edilmək ehtiyacı, tələbatı, təqdir olunmaq istəyi... İnsanın amalı budur.
Lakana görə istək heç vaxt tamamilə təmin edilmir, o daim başqasının istəyidir, istək duyğusunun özündə boşluq var, çatışmazlıq var, natamamlıq var. İnsan daim bu boşluğu, çatışmazlığı, natamamlığı doldurmağa can atır. Və bu heç zaman mümkün olmur. Sevginin özü də tamamlanma istəyi deyilmi?
Bəs çarə nədədir? Maslovun piramidasının son mərhələsi özünügerçəkləşdirmədir, özünüdərkdir. İnsan özünü tapana qədər başqalarının arzusu üçün çalışacaq. Lakan da burada bir təklif irəli sürür: "Susma! Öz arzunu de!"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.