AZ

“Geridə qalmışlığın üstünlüyü”nün Çin nümunəsi – ARAŞDIRMA

Bakı, 8 iyul, Elnar Buludov, AZƏRTAC

Çinin siyasi olaraq yüksək inkişaf etmiş Qərbdən tamamilə fərqli siyasi sistemə malik olduğu halda yüksək iqtisadi inkişaf səviyyəsinə çatması uzun müddətdir ki, akademiyalarda müxtəlif aspektlərdən müzakirə edilir. Bu müzakirələr zamanı Çinin inkişafında önəmli rol oynadığı iddia edilən nüanslardan biri akademik terminologiyada “geridə qalmışlığın üstünlüyü, avantajı” adlanır. “Geridə qalmışlığın üstünlüyü” anlayışı daha çox qəbul olunmuş fikrə görə, ilk dəfə rus əsilli amerikan iqtisadçısı Aleksandr Gerşenkron tərəfindən 1952-ci ildə irəli sürülüb. Bu, o deməkdir ki, hələ inkişaf etməkdə olan bir ölkə, inkişaf etmiş ölkə ilə arasında olan texnologiya/sənayeləşmə fərqindən öz xeyrinə yararlana bilər. Belə ki, həmin ölkə öz iqtisadiyyatında yeni olan, lakin inkişaf etmiş ölkədə artıq oturuşmuş, müəyyən səviyyədə inkişaf etmiş texnologiyanı tətbiq edə və ya yeni bir sənaye sahəsinə daxil ola bilər. Bu halda, inkişaf etməkdə olan ölkələr üçün innovasiya xərcləri, texnologiyanın tətbiq sahələri və s. inkişaf etmiş ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olacaqdır.

AZƏRTAC-ın təqdim etdiyi bu məqalədə yuxarıda qeyd edilən nüansın iqtisadi inkişafa necə töhfələr verə biləcəyi Çin Xalq Respublikası nümunəsi üzərindən göstəriləcək, məsələnin dərinliklərinə baş vuraraq institusional, yoxsa texnoloji imitasiyanın daha önəmli olduğuna nəzər yetiriləcək və eyni zamanda, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin bu üstünlüklərdən necə yararlana biləcəyi haqda müəyyən mülahizələr irəli sürüləcək.

“Geridə qalmışlığın üstünlüyü”nü anlamaq

“Geridə qalmışlığın üstünlüyü” (və ya gec gələnlərin üstünlüyü) iqtisadi inkişaf və sənayeləşmə prosesində “geridən gələnlərin” təcrübəli öncüllərin texnologiyalarını, institutlarını və inkişaf yollarını təqlid edərək uzun sınaq-yanılma prosesindən keçmədən sürətli şəkildə irəliləməyə nail olacağını vurğulayır. Bu proses üç əsas mexanizmdən ibarətdir:

Texnoloji sıçrayış: İnkişaf etmiş ölkələrin tətbiq etdiyi, sınaqdan keçmiş texnologiyaların, təkrar tədqiqat xərcləri olmadan birbaşa idxalı. Məsələn, XIX əsrin sonunda Almaniya buxar mühərriki dövrünü adlayaraq birbaşa elektrik sənayesini inkişaf etdirdi və qısa zamanda bu sahədə Böyük Britaniyanı ötdü (Gerschenkron, 1962. Landes, 1969). 19-cu əsrdə ABŞ və İkinci Dünya Müharibəsindən sonrakı Yaponiya kimi ölkələr Avropadan mövcud texnologiyaların (toxuculuq, polad, dəmir yolları) bənzərini yaratmış (kopyalayıb), məhz bu bənzəri sayəsində tədricən yerli innovasiya imkanlarını inkişaf etdirmişdilər. Məsələn, ABŞ 1800-cü illərdə İngilis sənaye nümunələrinə qarşı açıq şəkildə piratçılıq etmişdi. Yaponiya 1960-70-ci illərdə Qərb elektronika və avtomobillərinin sirlərinə tərs mühəndislik ilə sahiblənmiş və bu sahələrdə yüksək ixtisaslaşmışdı (Chang, 2002).

İnstitutların köçürülməsi: İnkişaf etmiş ölkələrin idarəetmə sistemlərindən, effektiv institutlarından istifadə. Məsələn, Yaponiya “Meiji” islahatları zamanı Prussiya konstitusiyası və Britaniya hərbi donanması idarəetmə sistemlərini birbaşa tətbiq edərək 20 il ərzində müasir dövlət çərçivəsi yaratdı (Akita, 1967).

Resursların cəmlənməsi: Hökumət tərəfindən həyata keçirilən sənaye siyasəti vasitəsilə darboğazların aradan qaldırılması. Cənubi Koreya 1960-cı illərdə "beşillik planlar"la polad və gəmiqayırma sənayesini dövlət səviyyəsində dəstəkləyib və bununla da bu gün qlobal bazarda nəhəng aktor sayılan “Samsung” şirkəti toxuculuq emalatxanasından texnologiya nəhənginə çevrilib (Amsden, 1989. World Bank 1993).

Tarixi kontekstdə sözügedən üstünlükdən faydalanaraq yüksək iqtisadi inkişaf səviyyəsinə çatan ölkələr çoxdur. Məsələn, Almaniyada kimya sənayesi bu prosesin maraqlı nümunəsidir. 1880-ci illərdə alman şirkətləri Britaniyanın boya patentlərini tərs mühəndisliklə “həll edərək” dünyanın ən böyük kimya kombinatı olan “IG Farben”i qurdu və 1913-cü ildə dünya sintetik boya bazarının 83 faizini ələ keçirdi.

Yaponiyanın avtomobil sənayesi də, həmçinin oxşar yol keçib. 1950-ci illərdə “Toyota” şirkəti ABŞ avtomobillərini sökməklə tərs mühəndislik həyata keçirərək yığım istehsalı modeli ilə birləşdirdi və 20 il ərzində avtomobil yığım müddətini 20 gündən 17 saata endirdi. Beləcə avtomobil istehsalında çox böyük səviyyə qət etmiş oldu.

Eyni şey, Çin şirkətləri üçün də keçərlidir. Bu gün qlobal bazarda olan nəhəng Çin şirkətləri demək olar ki, hamısı bazardakı rəqiblərini imitasiya edərək istehsala başlayıb, müəyyən müddət sonra bazarda böyük aktora çevriliblər. Hətta bu yaxınlarda bütün dünyada haqqında danışılan və qlobal ABŞ şirkətlərinin dəyərinin milyardlarla dollar ucuzlaşmasına səbəb olan “DeepSeek” süni intellekti belə ilk başlarda “OpenAI” şirkətinin “ChatGPT”sini imitasiya edərək inkişaf etdirilib.

Çin Təcrübəsi: Yan Syaokay və Lin Yifu arasında debat

Çinin islahatlar və dünyaya açıqlıq qərarı iqtisadi ictimaiyyətində "gec gələnlərin üstünlüyü" ilə bağlı qızğın müzakirələrə səbəb olub. Beləcə Çin iqtisadi tarixinin ən böyük intellektual müzakirəsi – Yan Syaokay (Yang Xiaokai) və Lin Yifu (Justin Yifu Lin) arasındakı "geridə qalma üstünlüyü" anlayışının hüdudlarını müəyyənləşdirmək üçün apardıqları epik akademik debat ortaya çıxıb. Bu, təkcə akademik bir debat deyil, eyni zamanda, Çinin "qapıları açmaq" qərarının fəlsəfi əsaslarını formalaşdıran ideyaların müzakirəsidir.

Xiaokai Yang (杨小凯) (1948-2004), neoklassik iqtisadiyyata verdiyi töhfələr və inframarjinal təhlilin ixtirası ilə tanınan görkəmli Çin-Avstraliya iqtisadçısıdır. Professor Yang dəfələrlə iqtisad üzrə Nobel mükafatına namizəd göstərilib, həm yerli həm də beynəlxalq həmkarları tərəfindən avtoritetliyi qəbul edilmiş elm adamıdır. O, həm Çin, həm də qlobal akademiya üçün ingilis dilində paylaşdığı çoxsaylı məqalə və kitabların müəllifidir. Professor Yang "Təqlid Tələsinə Düşməyin!" deyərək gec gələnlərin avantajlarına yox, dezavantajlarına diqqət çəkir və xəbərdarlıq edirdi: İnstitusional islahatlar aparmadan (məsələn, mülkiyyət hüquqları və hüququn aliliyi) texnologiyanı sadəcə təqlid etmək uzunmüddətli inkişaf tələsinə gətirib çıxaracaq. Belə ki, texnoloji imitasiya qısa müddətdə iqtisadi artımı təşviq edir, lakin bu, eyni zamanda, maraq qruplarını gücləndirir və dərin institusional islahatlara mane olur. Yanga görə bunun maraqlı nümunəsi SSRİ-dir.

Sovet İttifaqı texnoloji gücə arxalansa da, bazar mexanizmlərinə məhəl qoymadı və bu tələyə düşdü. “SSRİ kimi nüvə raketləri hazırlayıb, ancaq ət mikroblarını öldürə bilməyən bir sivilizasiya yaratmaq istəyirsinizsə, davam edin!”, deyərək Yang əlavə edirdi ki, əgər Çin siyasi və iqtisadi islahatları təşviq etmədən yalnız ÜDM artımını davam etdirsə və bunun üçün çalışsa, o “dövlət kapitalizmi”nin korrupsiyasına və səmərəsizliyinə düşə və Sovet İttifaqı kimi planlı iqtisadiyyatın institusional çatışmazlığı səbəbilə onunla eyni taleyi yaşaya bilər. Yang ümumən özünün “inframarjinal analiz” çərçivəsinə əsaslanaraq institutların və texnologiyanın birgə imitasiya və tətbiqinin önəmini vurğulayır (Yang, 2001).

Bənzər tənqidi institusional iqtisadiyyatın əsas simalarından Nobel laureatlı iqtisadiyyatçılar Daron Acemoğlu və James Robinson da irəli sürərək qeyd edir ki, gec gələnlərin avantajları avtomatik deyillər: “Əgər ölkədə inklüziv institutlar yoxdursa, hətta texnologiyanı təqlid etmək və ya bəzi institutları borc almaq belə (davamlı) iqtisadi inkişafa gətirib çıxarmaya bilər”.

Sovet İttifaqını nümunə gətirərək o, da iddia edir ki, mütərəqqi texnologiyaların mənimsənilməsinə baxmayaraq, inkluziv institutlarının olmaması son nəticədə dövlətin iqtisadi iflasına səbəb olur (Acemoglu, Robinson 2012).

Pekin universitetinin dünya səviyyəli iqtisadçısı, qeyd etdiyimiz debatın digər tərəfi Lin Yifu (林毅夫) (1952-ci il) isə bu mövzuda optimist yanaşma sərgiləyərək, qeyd edir ki, "Addımları sayaraq irəliləmək lazımdır!". Professor Yifu özünün irəli sürdüyü "Yeni struktural iqtisadiyyat" ilə Yang’ın qeyd etdiyi problemlərə həll yolu gətirir. O, geridən gələnlərin avantajlarına diqqət çəkərək gec inkişaf etməkdə olan ölkələrin aşağı qiymətli “faktor ianələrindən” (əmək, resurslar) istifadəyə üstünlük verməli, onların müqayisəli üstünlüklərinə uyğun gələn sənayeləri inkişaf etdirməli və sistemi təkmilləşdirməzdən əvvəl tədricən kapital toplamalı olduqlarını qeyd edir. Məsələn, Çin bu yolu təqib edərək tədrici islahatlar vasitəsilə (məsələn, ikili sistem və xüsusi iqtisadi zona təcrübələri) köklü institusional dəyişikliyin sosial xərclərindən yayınır. Professor Yifu bu zaman hökumətlərin “təşəbbüskar rol” oynamalı və resursları yüksək potensiallı sahələrə (məsələn, infrastruktur tikintisi kimi) istiqamətləndirməli olduğunu qeyd edir (Lin, 2012). Çin kontekstində bunun nümunələri həddən artıq çoxdur. Məsələn, 1984-cü ildə sənaye məhsullarının cəmi 12 faizi bazar qiymətləri ilə satılarkən, 1994-cü ildə bu rəqəm 93 faizə çatdı. Bu, Çinin "planlı bazar" paradoksunu həll etdiyi an kimi qiymətləndirilir. Digər tərəfdən, 2000-2015-ci illər arası Çinin günəş panellərinin dəyərini 90 faiz endirərək dünya bazarının 70 faizinə sahiblənməsi dövlət subsidiyalarının "dəli kimi işlədiyinin" sübutudur.

Bu debat Çin iqtisadi cəmiyyətində “institutlar və texnologiya” arasında qarşılıqlı əlaqəyə dair dərin araşdırmaları təşviq etdi və bu günə qədər siyasətin qurulması üçün istinad koordinatı olaraq qalır. Hazırda debatda ən azından Çin kontekstində kimin daha haqlı olduğunu demək çətin olsa da, müəyyən müşahidələr əsasında fikirlər yürütmək mümkündür. Çin 2000-ci illərdə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaqla qloballaşmaya daha da inteqrasiya etdi və onun ÜDM-i sürətlə artdı. Bu da Lin Yifunun “artan üstünlüyünü” təsdiqləyirdi.

Başqa bir maraqlı nümunə, infrastrukturla bağlıdır. Çin dəmir yollarının 2004-2015 arası 21 min kilometrdən 121 min kilometrə qədər genişlənməsi və texnoloji lokalizasiyanın 60 faizə çatması, "təqlid-innovasiya" modelinin uğurunu nümayiş etdirir. Görünən odur ki, Yifu, öz praqnozlarında haqlı idi. Bununla belə, artan ÜDM fonunda korrupsiya, ekoloji xərclər, zənginlərlə yoxsullar arasındakı uçurum kimi problemlər də Yang Xiaokainin xəbərdarlığını qismən təsdiqləyir (Huang, 2008). Üstəlik, statistikaya görə 2003-2013 arası Çinin kapital sərvətinin ÜDM-də payı 41 faizdən 48 faizə yüksəlsə də texnoloji innovasiyanın töhfəsi 46 faizdən 31 faizə enmişdi. Bu, "investisiya narkomaniyası"nın təhlükəsini doğrulayır.

Digər tərəfdən, “Shenzen (Şençjen) möcüzəsi” - Çinin Şençjen şəhərinin kiçik bir balıqçılıq kəndindən qlobal əhəmiyyətli texnoloji və innovasiya mərkəzinə sürətlə çevrilməsi maraqlı faktlar ortaya qoyur. Şençjen Çinin belə demək mümkünsə “Silikon Vadisi”dir. Çinin əsas texnoloji şirkətləri və onların tədqiqat mərkəzləri burada yerləşir. Şençjendə tətbiq edilmiş "neqativ siyahı" sistemi ilə 2015-2020 illər arası qeydə alınmış 167 faiz biznes artımı, institusional çevikliyin əhəmiyyətini vurğulayır.

“Neqativ siyahı” sistemi Çin dövləti tərəfindən tətbiq edilən xarici və ya özəl investisiyaların məhdudlaşdırıldığı və ya qadağan edildiyi sektorları və ya fəaliyyətləri müəyyən edən tənzimləmə alətidir. Siyahıda olmayan hər şey avtomatik olaraq sərmayə üçün açıqdır, bu, investorlar üçün bürokratik maneələri azaldır. Bu yanaşma ənənəvi "müsbət siyahı" sistemini (yalnız təsdiq edilmiş sektorların açıq olduğu) açıq şəkildə məhdudlaşdırılmadığı təqdirdə açıq olan sistemə çevirir. Şençjen 1980-ci ildən bəri Xüsusi İqtisadi Zona (SEZ) olaraq Çinin bazar islahatları ilə sınaqlarına rəhbərlik etməkdədir. “Neqativ siyahı” (rəsmi olaraq 2013-cü ildə Şanxay Azad Ticarət Zonası kimi sonrakı islahatlarda qəbul edilib) Şençjenin daha açıq, qaydalara əsaslanan iqtisadiyyata keçidinin simvolu olub. Bu, xarici firmaların əksər sektorlara sərbəst şəkildə sərmayə qoymasına imkan verdi və Şençjenin qlobal təchizat zəncirlərinə inteqrasiyasını sürətləndirdi. Məhdudiyyətləri əvvəlcədən aydınlaşdırmaqla “neqativ siyahı” sistemi “Huawei”, “Tencent” və s. kimi yerli, eyni zamanda, çoxmillətli korporativ xarici şirkətlər üçün qeyri-müəyyənliyi azaldıb. Bu, Şençjenə kapital, texnologiya və istedadı cəlb etməyə kömək edərək, onun istehsal və texnoloji güc mərkəzi kimi yüksəlişinə təkan verib. “Neqativ siyahı” dövlətin müdaxiləsini azaltmaqla özəl sahibkarlara geniş səlahiyyət verib. Şençjenin texnoloji startapları və KOM-ları rahat giriş və rəqabətə əsaslanan innovasiyalardan faydalanaraq elektronika, fintech və AI kimi sektorlarda inkişaf eedib. Beləcə, Şençjenin ÜDM-i 30 milyondan (1980) 475 milyard dollara (2022) yüksəlib (SSY - 2023).

Hazırda Şençjen iqtisadiyyatının 30 faizdən çoxu açıq bazar siyasəti ilə dəstəklənən xarici ticarət hesabına idarə olunur. Şəhər indi 17 mindən çox milli yüksək texnologiya firmasına ev sahibliyi edir və qlobal miqyasda patentlərdə liderdir. Bu, Çin kontekstində institusional imitasiyanın önəmini vurğulayan əsas nümunələrdən biridir.

Uzunmüddətli debat həm Çin, həm də başqa ölkələrin təcrübəsi ilə göstərir ki, inkişaf etməkdə, sənayeləşmədə gecikmiş ölkələr inkişaf etmiş ölkələrin texnologiyalarını təqlid edərək yerli innovasiya imkanlarını inkişaf etdirməlidirlər. Koreyalı iqtisadçı Ha-Joon Chang bununla bağlı qeyd edir: “Təqlid yolu ilə öyrənmək innovasiyanın üzərində qurulduğu təməldir. Kopyalama qabiliyyəti olmasa, yaradıcılıq da ola bilməz” (Chang, 2007).

Bununla belə, texnoloji imitasiya uzunmüddətli və davamlı inkişaf üçün yetərli deyil. Yang Xiaokainin xəbərdarlığı bizə xatırladır ki, uzunmüddətli artım qanunun aliliyi və mülkiyyət hüquqlarının qorunması kimi institusional əsaslara əsaslanır (məsələn, Hindistanın xarici sərmayələri cəlb etmək üçün apardığı son məhkəmə islahatları kimi). Burada inkişaf etməkdə olan ölkələr üçün başqa bir problem “orta gəlir tələsi” ola bilər. Texnoloji asılılıq inkişaf etməkdə olan ölkələrin "orta gəlir tələsinə" (məsələn, Latın Amerikası ölkələri) düşməsinə səbəb ola bilər ki, bu da sənayenin təkmilləşdirilməsi və institusional dayanıqlılıq yolu ilə həll edilməlidir. Digər tərəfdən, Çin kimi ölkələr üçün başqa bir təhlükə də mövcuddur - “Texnoloji tavan effekti”. Məsələn, Çin yarımkeçirici sənayesinin tədqiqat sıxlığı 2020-ci ildə 2,4 faizə çataraq ABŞ-ın 2,8 faizinə yaxınlaşır. Beləcə, artıq "kopyalamaq üçün heç nə qalmır", innovasiyalara ehtiyac duyulur. Bu halda isə Yangın qeyd etdiyi institusional təqlidin önəmi daha da artır.

Tarixi praktika Yan Syaokayın qorxularını da, Lin Yifunun optimizmini də təsdiqləyir. Hər iki tərəfin ideyalarını dəstəkləyən çoxsaylı nümunələr olmaqla bərabər, bu iki yanaşmanın qızıl ortası ilə irəliləməyin iqtisadi inkişafla nəticələnəcəyi aşkardır. Çin təcrübəsi göstərir ki, texnoloji irəliləyişlə institusional transformasiya, insan bədənində qan və limfa kimi sinxron axmalıdır. Bu, XXI əsrin inkişaf etməkdə olan ölkələri üçün ən qiymətli dərsdir.

Seçilən
6
1
azertag.az

2Mənbələr