AZ

Moskva nə üçün AZAL təyyarəsini vurduğuna görə üzr istəmədi? DETALLAR KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya hərbçiləri tərəfindən Azərbaycanın sərnişin təyyarəsinin vurulmasından sonra nə rəsmi üzr, nə də məsuliyyətin tanınması müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bu, təkcə texniki səhv və ya “insani faktor”la izah oluna biləcək hadisə deyil – bu, Moskvanın artıq illərlə dəyişməyən, kobud və sayğısız davranış modelinin davamıdır. Dünyanın sivil dövlətləri — istər ABŞ, istər İsrail, istərsə də Ukrayna öz səhvlərini etiraf edir, başsağlığı verir, zərərçəkənlərə təzminat ödəyir və məsələni hüquqi və mənəvi müstəvidə həll edirlər. Amma Rusiya bu gün də “üzr istəmək zəiflikdir” yanaşması ilə hərəkət edir.

Tarixə nəzər salsaq, 1973-cü ildə İsrail səhvən Liviya sərnişin təyyarəsini vurdu və nəticədə 108 nəfər həlak oldu. Rəsmi Tel-Əviv gec də olsa, məsuliyyəti qəbul etdi və təzminat ödəyərək məsələni bağladı. 1988-ci ildə ABŞ donanması səhvən İran təyyarəsini vurdu, 290 nəfər həyatını itirdi. Vaşinqton bunu rəsmən etiraf etdi, üzr istədi və kompensasiya verdi. Hətta 2001-ci ildə Ukrayna səhvən Qara dəniz üzərində İsrail təyyarəsini vurduqda da məsuliyyət daşıdığını etiraf etdi.

Amma Rusiya nə 1983-cü ildə Sxalinin üzərində Cənubi Koreya təyyarəsini vurduqda, nə də 2014-cü ildə Donbasda Malayziya təyyarəsinin faciəsi zamanı məsuliyyət daşımaq istədi. İndi isə Qroznı yaxınlığında AZAL təyyarəsinin vurulmasından sonra da eyni mövqe: nə bir üzr, nə bir təəssüf, nə də bir jest.

Üstəlik, faciədən dərhal sonra Rusiya şəhərlərində — Yekaterinburq və Voronejdə — onlarca azərbaycanlıya qarşı zorakılıq və həbs halları baş verib. Nəyə görə və kimlər olduqları önəmli deyil. Əsas məsələ, bunun açıq-aşkar Bakıya verilən mesaj olmasıdır: “kimin əsas, kiminsə ikinci dərəcəli tərəfdaş olduğunu unutma.”

Ancaq Rusiya unudur ki, Azərbaycan artıq 5 il əvvəlki ölkə deyil. Güclü Türkiyə ilə strateji tərəfdaşlıq, Qarabağda əldə olunan parlaq qələbə və güclənən regional mövqe — bütün bunlar Azərbaycanın diktə olunan qaydaları qəbul etməyəcəyini göstərir.

Sonda isə xatırladaq: böyük dövlət olmaq üçün tanklar, nüvə silahı və ya təbliğat yetmir. Böyük dövlət, ilk növbədə, səhvlərini etiraf edə bilən, insaniyyət nümayiş etdirə bilən və tərəfdaşlarına hörmət edən dövlətdir.

Mənbə: https://haqqin.az/news/353460

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
konkret.az

2Mənbələr