Bakı, 9 iyul, AZƏRTAC
Latviya Nazirlər Kabineti milli təhlükəsizlik üçün vacib şəxslərin Rusiya və Belarusa səfərinə məhdudiyyətləri nəzərdə tutan proseduru təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Delfi portalının məlumatına görə, sənəd iyulun 11-dən qüvvəyə minəcək.
Məhdudiyyətlər hərbi qulluqçulara, nazirlik və idarə əməkdaşlarına, Seymin (parlament) üzvlərinə, hakimlərə, diplomatlara, həmçinin mühüm infrastruktur müəssisələrinin əməkdaşlarına şamil ediləcək. Qadağa Baltikyanı respublikanı müvəqqəti tərk etmək üçün icazə alınmaq şərti ilə, şəxsin xidməti vəzifələrini yerinə yetirməsi və ya humanitar səbəblərlə bu ölkələrə getməsi halları üçün tətbiq edilmir.
Latviya Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, hakimiyyət orqanlarının Rusiyaya getməmək barədə çağırışlarına baxmayaraq, ötən il bu ölkəyə səfərlər 2023-cü illə müqayisədə iki dəfə artıb. 2024-cü ildə orta hesabla hər ay təxminən 2 min latviyalı Rusiyaya səfər edib.