AZ

Kreml Ukrayna ilə nizamlanma üzrə memorandumların müzakirəsinə başlamağı zəruri hesab edir

Moskva, 9 iyul, AZƏRTAC

Kreml nizamlanma məsələləri üzrə Ukrayna ilə danışıqların bərpasına ümid etdiyini bildirib. Moskva, həmçinin tərəflərin əvvəllər mübadilə etdiyi memorandumlar layihəsinin müzakirəsinə başlamağın zəruriliyini bəyan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Moskva danışıqların üçüncü raundunu keçirməyi və dialoqu davam etdirməyi gözləyir. “Biz mübadilə etdiyimiz memorandumları müzakirə etməyə başlamalıyıq”, -deyən Kreml nümayəndəsi prosesin çox mürəkkəb olacağını və bir gecədə və ya nəticələrin bir gündə baş verməyəcəyini qeyd edib.

ABŞ Prezidenti Donald Trampın ritorikasını şərh edən Peskov Kremlin onun sərt bəyanatlarına sakit yanaşdığını və Vaşinqtonla dialoqu davam etdirmək niyyətində olduğunu vurğulayıb. O əlavə edib: “Biz bu məsələdə kifayət qədər təmkinliyik. Ümumiyyətlə, Trampın yetərincə sərt üslubu var. Biz dialoqu və xeyli dərəcədə pozulmuş ikitərəfli münasibətləri bərpa etmək xəttini davam etdirməyi gözləyirik”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
41
3
azertag.az

4Mənbələr