"OPEC+" tərəfindən qəbul edilən qərarlar alyansın neft bazarının vəziyyətini və ehtiyaclarını başqalarından daha yaxşı anladığını göstərir.
“APA-Economics” “TASS”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Məzrui “OPEC”in 9-cu Beynəlxalq Seminarı zamanı bildirib.
“Bu qərarlar göstərir ki, qrup (“OPEC+”) bazarı başqalarından daha yaxşı anlayır. Biz bazarı anlayırıq, onun ehtiyaclarını dərk edirik. Qərarlarımızı məhz bu ehtiyaclara əsaslanaraq qəbul edirik”, – deyə o vurğulayıb.
Xatırladaq ki, “OPEC+” razılaşmasına daxil olan və neft hasilatını könüllü şəkildə əlavə azaldan səkkiz ölkə iyulun 5-də keçirilən iclasda avqustda gündəlik neft hasilatını sutkada 548 min barel artırmağa razılaşıb.
Xatırladaq ki, “OPEK+” təşkilatının səkkiz ölkəsi (Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt) 2024-cü ilin əvvəlindən etibarən gündəlik ümumilikdə 2,2 milyon barel həcmində hasilatı könüllü şəkildə azaldırdı. 2025-ci ilin aprelindən isə onlar azaldılmış barelləri tədricən bazara qaytarmağa başlayıblar. Aprel ayında “səkkizlik” gündəlik hasilatı 138 min barel, may-iyul aylarında isə sürətlənmiş templə hər ay 411 min barel artırıb.
Qeyd edək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür.
Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.