AZ

Ağdam-Füzuli yolunda baş verən qəzada qanunsuz sərnişindaşıma faktı aşkarlanıb

BAKI, 9 iyul. TELEQRAF

İyulun 9-da Ağdam-Füzuli yolunda mikroavtobusun aşması və bir neçə sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar zamanı məlum olub ki, qəza törədən nəqliyyat vasitəsi müntəzəm sərnişindaşıma xidməti göstərmək üçün zəruri olan buraxılış kartı olmadan və qanunsuz şəkildə fəaliyyət göstərirmiş.

Bu barədə Teleqraf-a Yerüstü Nəqliyyat Agentliyindən məlumata verilib.

Məlumata görə, aparılan araşdırmalara əsasən, sözügedən mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub və hər hansı bir müvafiq icazə sənədi təqdim etmədən fəaliyyət göstərib.

Xatırladaq ki, Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunu və Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq olunmuş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” ilə tənzimlənir.

Qaydalara əsasən, sifarişli və qeyri-müntəzəm sərnişin daşımaları zamanı sürücüdə daşımaya dair formulyar olmalıdır. Bu sənəd “AYNA” informasiya sisteminin elektron formulyar altsistemi vasitəsilə elektron şəkildə tərtib edilməlidir. Hər hansı icazə sənədi və ya formulyar olmadan həyata keçirilən daşımalar qanun pozuntusu sayılır və daşıyıcını hüquqi məsuliyyətə cəlb edə bilər.

Bundan əlavə, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər reysqabağı tibbi, nəqliyyat vasitələri isə texniki müayinədən keçməlidir.

Qurum vətəndaşlara müraciət edərək yalnız rəsmi icazəyə malik, qeydiyyatdan keçmiş daşıyıcıların xidmətlərindən istifadə etməyə çağırır.

Seçilən
18
19
teleqraf.com

10Mənbələr