AZ

İşğaldan azad olunmuş ərazilərə giriş icazələrinin müddətinin uzadılması və prosedurların sadələşdirilməsi vətəndaş məmnunluğuna xidmət edir - ŞƏRH

Bakı, 9 iyul, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərə vətəndaş səfərlərinin daha planlı və rahat həyata keçirilməsi üçün icazə müddətinin Azərbaycan Respublikası hökuməti tərəfindən 2 gündən 5 günədək uzadılması, eləcə də, hotellərdə rezervasiya edən şəxslər üçün giriş icazəsinin avtomatik verilməsi strateji və sosial baxımdan önəmli qərarlardır.

Bunu AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova bildirib.

Onun sözlərinə görə, bu addımlar həm vətəndaş rahatlığının təmin olunmasına, həm də Qarabağ və Şərqi Zəngəzurda turizm infrastrukturunun inkişafına yönəlmiş kompleks siyasətin tərkib hissəsidir: “Daha öncə 2 günlə məhdudlaşdırılmış icazə müddətinin 5 günədək uzadılması, əraziyə gedən şəxslərin səfər proqramlarını daha çevik və rahat formada planlaşdırmasına imkan yaradır. Əlavə olaraq, hotellərdə rezervasiya edən şəxslərə avtomatik icazə verilməsi inzibati yükü azaldır, vətəndaşların vaxtına qənaət edir və turizm xidmətləri ilə giriş prosedurlarının inteqrasiyasını təmin edir. Bu qərarların nəticəsində bölgəyə olan maraq daha da artacaq, turizm axını genişlənəcək və nəticə etibarilə yerli sahibkarlıq, xidmət sektoru və məşğulluq imkanları xeyli genişlənəcək”.

QHT sədri bildirib ki, sadələşdirilmiş icazə mexanizmi bir tərəfdən turizmin inkişafına təkan verir, digər tərəfdən isə təhlükəsizlik və ictimai maarifləndirmə baxımından zəruri çərçivələri saxlayır: “Ərazilərə daxil olan vətəndaşların mina təhlükəsizliyi ilə bağlı bilgiləndirilməsi və məsuliyyətli davranışı təşviq edilir. Bu balanslaşdırılmış yanaşma həm hüquqi, həm də iqtisadi baxımdan düzgün qərardır. Portal üzərindən icazə almaq imkanının saxlanılması da vətəndaşların seçim azadlığını qoruyur. Hotel rezervasiyası ilə bağlı prosedurlar alternativ seçim kimi təqdim olunur, lakin bu, məcburi şərt deyil. Fərdi səfər edən vətəndaşlar öncəki qaydada www.yolumuzqarabaga.az portalı vasitəsilə icazə əldə edə bilirlər. Yəni istər fərdi səfər, istərsə də hotel rezervasiyası əsasında həyata keçirilən səfərlər üçün hüquqi imkanlar genişlənib və sadələşdirilib. bu dəyişikliklər yalnız turizm sahəsində deyil, bütövlükdə bölgənin reabilitasiyası və reinteqrasiyası baxımından dövlət siyasətinin bir hissəsi olub, vətəndaş iştirakçılığına əsaslanan inkişaf modelini təşviq edir”, - deyə o qeyd edib.

Seçilən
46
1
azertag.az

2Mənbələr