AZ

Onlar sadəcə pəhriz saxlamır… – Gəncləri yeyib qusduran səbəb

Son illərdə həm sosial mediada, həm də real həyatda bədən obrazına dair gözləntilər artdıqca, psixoloji mənşəli qidalanma pozuntuları da cəmiyyətin müxtəlif təbəqələrində sürətlə yayılmağa başlayıb. 

Yenisabah.az xəbər verir ki, bu pozuntulardan biri də "Bulimiya Nervoza"dır. 

Xaricdə uzun illərdir gündəmdə olan bu sindrom artıq Azərbaycanda da daha tez-tez müşahidə olunur. Lakin təəssüf ki, bir çox hallarda ailələr və fərdlər bu vəziyyətin fərqinə varmaqda çətinlik çəkir, onu "adi iştah pozğunluğu" və ya "xasiyyət" kimi qəbul edirlər. Əslində isə Bulimiya Nervoza ciddi psixi sağlamlıq problemidir və vaxtında müdaxilə olunmadıqda həyati təhlükə yarada bilər. pizza mizza

Bulimiya Nervoza nədir?

Bulimiya Nervoza, təkrar-təkrar çox miqdarda qida qəbul etmə və sonra bu qidanı bədəndən atmaq üçün kompensasiyaedici davranışlara (qusma, ifrat idman, işlədici istifadəsi və s.) əl atmaqla müşahidə olunan psixoloji bir pozuntudur. Bu vəziyyətdə olan insanlar adətən öz çəkilərinə və bədən formasına qarşı həddən artıq həssas olurlar. Ən paradoksal məqam isə budur ki, Bulimiya xəstələrinin bəziləri normal çəkiyə malik olurlar və bu səbəbdən də uzun müddət diaqnoz qoyulmur.

Əsas simptomlar nələrdir?

Bulimiyanın simptomları bir neçə kateqoriyada özünü göstərə bilər: davranış, emosional və fiziki.

Davranış simptomları:

1. Qısa zaman ərzində həddindən artıq miqdarda yemək (epizodik həddindən artıq qida qəbul etmə)

2.  Gizli şəkildə yemək yemə və ya yeməkdən sonra dərhal tualetə getmək

3. Davamlı şəkildə qidanı qusmaq, işlədici və ya sidikqovucu vasitələrdən istifadə etmək

4. Əsasən yüksək kalorili, "qadağan olunmuş" yeməkləri birdəfəyə qəbul etmə

5. Qidalanma davranışlarında müntəzəm və ya dövri şəkildə "epizodlar" halında pozğunluq

Emosional simptomlar:

 Yedikdən sonra özünü günahkar hiss etmək

 Güclü özünə inamsızlıq və bədən görünüşünə nifrət

Həddən artıq çəki düşüncəsi ilə yaşamaq

 Depressiya və ya narahatlıq pozuntusu

Fiziki simptomlar:

 Boğazda ağrılar və qıcıqlanma (tez-tez qusmağa görə)

 Diş minasının zədələnməsi və çürümə (mədə turşusunun təsirindən)

Əzələ zəifliyi və dehidratasiya

Qəbizlik və ya bağırsaq problemləri

Aybaşı dövrlərində pozğunluq

Niyə yaranır? Səbəblər nələrdir?

Bulimiya Nervoza genetik, bioloji və psixososial faktorların vəhdəti ilə yaranır. Ailədə oxşar halların olması, serotonin səviyyəsindəki dəyişikliklər, uşaqlıq travmaları, ailə və sosial mühitdə görünüşə həddindən artıq diqqət kimi faktorlar risk yaradır. Eyni zamanda, sosial şəbəkələrdəki "ideal bədən forması" təbliğatı, xüsusilə gənc qızlar və yeniyetmələr üçün təzyiq yaradır və özlərini daim başqaları ilə müqayisə etməyə səbəb olur.

Müalicəsi varmı? Nə etmək lazımdır?

Bulimiya Nervoza müalicə olunabilən bir pozuntudur. Ən önəmli addım problemin varlığını qəbul etmək və mütəxəssisə müraciət etməkdir. Müalicə adətən çoxşaxəlidir və bir neçə sahənin əməkdaşlığı ilə həyata keçirilir: Psixiatriya, psixoterapiya, dietologiya və bəzən də endokrinologiya.

Ən təsirli yanaşmalardan biri "kognitiv davranış terapiyasıdır (KDT)". Bu terapiya xəstənin qidalanma vərdişlərinə və öz bədəninə qarşı olan neqativ düşüncə tərzini dəyişməyə yönəlib. Bəzi hallarda antidepressant dərmanlar da istifadə olunur.

Eyni zamanda, ailə və yaxın çevrənin rolu çox vacibdir. Bu insanlar xəstəni qınamaq və ya tənqid etmək əvəzinə, onu başa düşməyə və dəstək göstərməyə çalışmalıdırlar. Mövzu ilə bağlı maarifləndirici materialların paylaşılması, məktəblərdə və gənclər arasında bədən pozitivliyi ilə bağlı tədbirlərin keçirilməsi də preventiv (qarşısının alınmasına yönəlmiş) tədbirlər sırasındadır.

Bulimiya Nervoza təkcə yemə vərdişi ilə bağlı deyil, dərin psixoloji ehtiyacların və ağrıların səsini eşidə bilməyən bir cəmiyyətin yaratdığı bir çağırışdır. Bu problemi görməməzliyə vurmaq onun daha da böyüməsinə səbəb ola bilər. Ona görə də, nə qədər çətin olsa da, mövzuya açıq yanaşmaq, dəstək vermək və lazım olduqda peşəkar kömək almaq həyati əhəmiyyət daşıyır. Unutmayın, hər insan öz bədəni və psixologiyası ilə unikaldır və heç kim sosial normalara uyğun gəlmək üçün özünü məhv etməməlidir.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
24
yenisabah.az

1Mənbələr