AZ

"Iğdır" FK və SOCAR sponsorluq əməkdaşlığını yenilədi

Trendyol 1. Liqasında mübarizə aparan Alagöz Holding Iğdır FK, SOCAR Enerji ilə 2025–2026 mövsümünü əhatə edən yeni forma sponsorluğu müqaviləsi imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, razılaşma klubun Ankara Təsislərində keçirilən rəsmi mərasimdə elan olunub.

Tədbirdə Türkiyənin Gənclik və İdman naziri Osman Aşkın Bak, Türkiyə Böyük Millət Məclisinin üzvü Mehmet Muharrem Kasapoğlu, Iğdır valisi Ercan Turan, klub prezidenti Cantürk Alagöz, SOCAR Enerji-nin baş icraçı direktoru (CEO) Elçin İbadov, komanda üzvləri və texniki heyət iştirak edib.

Klub prezidenti Cantürk Alagöz müqavilənin sadəcə sponsorluq deyil, "iki dövlət, bir millət" anlayışının güclü bir simvolu olduğunu bildirib:

“Biz bu dəstəyi sponsorluqdan daha dəyərli hesab edirik. Bu həmrəyliyi bizə yaşadan Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana və Elçin bəyə təşəkkür edirəm. Iğdır FK-ya dörd il əvvəl başladığımız bu yolda böyük inkişaf əldə etdik. BAL Liqasından bu günə qədər uzun bir yol gəldik və indi Super Liqa üçün mübarizə aparırıq.”

SOCAR Enerji CEO-su Elçin İbadov isə tərəfdaşlığı qürurverici adlandıraraq bunları qeyd edib:

“Iğdır FK ilə birlikdə olduğumuz bu yolda forma sponsorluğu yalnız maddi deyil, həm də mənəvi dəyəri ilə xüsusi əhəmiyyət daşıyır. Klubun sinəsindəki SOCAR loqosu Türkiyə ilə Azərbaycanın sarsılmaz dostluğunu və ortaq mədəniyyətini simvolizə edir. Gəncləri və idmanı dəstəkləyən bir marka olaraq, Iğdır FK-nın uğurlarına şərik olmaqdan məmnunluq duyuruq.”

İbadov klubun ilk dəfə 1. Liqada mübarizə aparmasına baxmayaraq, göstərdiyi əzmkar oyunu da yüksək qiymətləndirib və yeni mövsümə olan inamını ifadə edib.

Tədbirin sonunda rəsmi müqavilə imzalanıb və Cantürk Alagöz, Elçin İbadova üzərində adı yazılmış Iğdır FK forması hədiyyə edib.

Seçilən
108
90deqiqe.az

1Mənbələr