AZ

“Yaşıl” baş plan qədim Ordubadı gəncləşdirəcək

Ordubad Naxçıvan Muxtar Respublikasının qədim və zəngin mədəniyyət daşıyıcısı olan şəhərlərindən biridir. Uzaq keçmişdən bu şəhər səyyah və tarixçilərin diqqətini cəlb etmiş, haqqında xeyli maraqlı faktlar və təəssüratlar qələmə alınmışdır.

Ordubadın özünəməxsusluğu həm də onun çoxəsrlik şəhər mədəniyyət üzərində formalaşaraq inkişaf etməsidir. Maraqlı relyef və coğrafi ərazisi, əlverişli iqlimi, insanlarının qonaqpərvərliyi, elm və mədəniyyətə münasibəti ilə yanaşı, şəhərin özünəməxsus məhəllə və infrastrukturu da hər zaman bura yolu düşənlərin marağını çəkmişdir. Son illərdə isə muxtar respublikanın digər bölgələri kimi Ordubadın da sosial-iqtisadi inkişafı yönündə müvafiq addımların atılmasına başlanılıb. Xüsusilə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” bu sahədə həyata keçiriləcək tədbirlərə yaşıl işıq yandırıb.

Görüləcək işlər içərisində Şahbuz, Culfa və Babək şəhərləri kimi Ordubad şəhərinin də baş planı beynəlxalq təcrübəyə əsaslanaraq yenilənir. Bu istiqamətdə işləri İsveçrənin “SA Partners” şirkəti həyata keçirəcək. Məqsəd şəhərlərin gələcək inkişafını düzgün planlamaq, tarixi irsi qorumaq və müasir şəhərsalma standartlarına uyğun yeni nəfəs gətirməkdir. Xüsusilə Ordubadın baş planı burada xüsusi diqqət mərkəzindədir. Şəhərin özünəməxsus memarlıq üslubu, qədim məhəllələri və tarixi ruhu layihənin əsas ilham mənbəyidir. Tarixi Sərşəhər kimi ərazilərin qorunması prioritet hesab olunur. Eyni zamanda bu məkanlarda müasir şəhərsalma prinsipləri tətbiq edilərək, sakinlərin rahatlığı üçün yeni həllər təklif ediləcək.

Şirkətin nümayəndəsi Angela Viestin layihə ilə bağlı mətbuata açıqlamasında bildirib ki, baş planda yeni yaşayış məntəqələrinin salınması və müasir standartlara cavab verən mənzillərin inşası nəzərdə tutulur. Bununla yanaşı, şəhərin tarixi hissələri ilə yanaşı, müxtəlif funksiyalara malik yeni binalar, turizm infrastrukturu, inzibati və ictimai binaların tikintisi də planda əks olunacaq. Bütün bu addımlar Ordubad sakinlərinin həyat keyfiyyətini yüksəltməklə yanaşı, şəhərin funksionallığını da artıracaq.

Şirkət nümayəndəsinin sözlərinə görə, Ordubadda “15 dəqiqəlik şəhər” konsepsiyası tətbiq ediləcək. Belə ki, bu çərçivədə yolların genişləndirilməsi, yeni ictimai nəqliyyat xətlərinin yaradılması və piyada əlçatanlığının artırılması xüsusi yer tutur. Bu yanaşmaya əsasən, şəhər sakinləri yaşadıqları ərazidən uzaqlaşmadan – maksimum 15 dəqiqəlik məsafədə alış-veriş, səhiyyə, təhsil, istirahət və digər əsas xidmətlərdən istifadə edə biləcəklər.

Ordubadda “yaşıl şəhər” konsepsiyası da tətbiq olunacaq. Bu çərçivədə mövcud yaşıl ərazilərin qorunması, yeni ağacların əkilməsi və təbii resurslardan ağıllı istifadə vacib hədəflər kimi müəyyən edilib. Ənənəvi həyat tərzinin ayrılmaz hissəsi olan kəhrizlər də qorunacaq və şəhərin ümumi həyatında öz funksional rolunu davam etdirəcək. Bu qədim su şəbəkələri həm mədəni irs, həm də müasir dövrdə praktik əhəmiyyət daşıyan elementlər kimi qiymətləndirilir. Eyni zamanda şəhərin müxtəlif nöqtələrində “communal pocket parks”, yəni cəmiyyətin istifadəsinə açıq olan kiçik yaşıl sahələr – “mini-parklar” yaradılacaq ki, bu da insanların rahat istirahətinə imkan verəcək.

Ordubadda görüləcək işlər çərçivəsində təhsil və səhiyyə infrastrukturunun genişləndirilməsi, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqi də diqqəti çəkən məqamlardandır. Bu layihənin hazırlanma prosesinə yerli əhali, mütəxəssislər və sahə üzrə ekspertlər də cəlb olunub. Müxtəlif mərhələlərdə onların fikirləri nəzərə alınaraq planlara inteqrasiya olunur. İnsanların burada yaşayıb işləməsi üçün uyğun infrastrukturun yaradılması ilə bərabər, kənd təsərrüfatı sahəsində “smart” texnologiyalara əsaslanan modelin tətbiq olunacağı da nəzərdə tutulub. Bu yanaşma, Ordubadın ənənəvi kənd təsərrüfatı sahələrində məhsuldarlığın artırılmasına imkan verəcək, həm də yeni aqromüəssisələrin yaradılmasına şərait yaradacaq.

Qeyd edək ki, hazırda baş plan üzrə əsas mərhələlər tamamlanmaq üzrədir. Şəhərdə nəzərdə tutulan dəyişikliklər tədricən həyata keçiriləcək və sakinlər bu inkişafı mərhələli şəkildə hiss edəcəklər.

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin Naxçıvan müxbiri

Seçilən
65
1
xalqqazeti.az

2Mənbələr