Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Bank Melli İran”ın Bakı filialı 2025-ci ilin ilk yarımilliyinin maliyyə nəticələrini açıqlayıb. “Yeni Müsavat” bankın hesabatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri artsa da, inzibati xərclərin kəskin yüksəlməsi yekun mənfəətin azalmasına səbəb olub. Belə ki, bankın haqq və komissiya gəlirləri 5 min 95 manatdan 6 min 389 manata yüksəlsə də, bu istiqamətdəki xərclər daha sürətlə artaraq 73 min 96 manatdan 79 min 927 manata çatıb. Bankın digər gəlirləri isə 3 min 978 manatdan 2 min 694 manata qədər azalıb.
Mənfəətin azalmasında həlledici rol oynayan əsas faktor isə inzibati xərclərin artması olub. Bu xərclər illik müqayisədə 93 min manat (12,2 faiz) artaraq 759 min manatdan 851 min manata yüksəlib. Hesabatda ticarət məqsədilə alınmış qiymətli kağızların satışından və ya torpaq, tikili və avadanlıqların xaric olmasından gəlir və ya zərər qeydə alınmayıb.
Nəticədə, bütün gəlir və xərclər nəzərə alındıqdan sonra bank 2025-ci ilin ikinci rübünü 3 milyon 226 min manat xalis mənfəətlə başa vurub. Bank 2024-cü ilin ilk yarımilliyində 3 milyon 437 min manat xalis mənfəət əldə etmişdi. Bu da illik müqayisədə mənfəətin 212 min manat və ya 6,2 faiz azaldığını göstərir. Hesabat dövründə “Bank Melli İran” mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə İran bankının aktivləri 123,768 milyon manat olub ki, bu da bir il əvvələ nisbətən 7,8 faiz çoxdur. Bunun 1,116 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son bir ildə Bakı filialının kredit portfeli 2,1 dəfə kiçilib.
Hesabat dövründə İran bankının öhdəlikləri 1,9 faiz artaraq 71,602 milyon manata, o cümlədən depozit portfeli 1,5 faiz artaraq 36,168 milyon manata, balans kapitalı isə 17 faiz artaraq 52,166 milyon manata çatıb.
Bankın nizamnamə kapitalının həcmi 73 milyon 611 min manata bərabərdir.
Qeyd edək ki, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında “Bank Melli İran”ın Bakı filialında yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı. “Mehr” agentliyi İran Milli Bankının Bakı filialının fəaliyyətə başlaması, prezident Məsud Pezeşkianın Bakıya səfərinin iqtisadi nəticələrindən biri kimi diqqət çəkmişdi.
İran Milli Bankının Bakı filialı Azərbaycanda açılan ilk xaric bankdır. ABŞ-ın ağır maliyyə sanksiyaları üzündən yalnız İrana və əksinə pulköçürmələri ilə məşğul olur. Bankın internet səhifəsində qeyd edilir ki, "Bank Melli İran" bütün dünyada geniş filial şəbəkəsinə malik olan bir bank olmaqla onun Direktorlar Şurası Azərbaycan Respublikasının iqtisadiyyatının inkişaf meyllərini nəzərə alaraq iqtisadi münasibətləri daha da genişləndirmək, artan xətt üzrə Azərbaycan İran və İran-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin iqtisadi subyektlərinə daha geniş və operativ maliyyə-kredit xidmətləri göstərmək üçün 1993-cü ildən Bakı şəhərində yerləşən Bakı filialını formalaşdırmışdır”.
Bankın fəaliyyətinə məhdudiyyətlər qoyulması İranın Bakıdakı səfirliyinə məxsus avtomobillərlə külli miqdarda valyuta vəsaitlərinin İrandan gizli şəkildə Azərbaycana çatdırılması faktları aşkarlandıqdan sonra baş vermişdi. İndi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bank əmanət qəbulu, kreditləşməni bərpa edir. Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, İran Milli Bankının Bakı filialı çox kiçik bankdır: “Azərbaycan bank sektorunda onun payı çox cüzidir, hiss edilməyəcək qədər kiçikdir. Bu baxımdan, bağlansa belə, sistemə hər hansı təsiri olmayacaq. Fəaliyyətinə məhdudiyyət qoyulmazdan əvvəl də ən kiçik banklardan biri idi. İndi məhdudiyyətlərin götürülməsindən sonra da hansısa sürətli böyümənin olacağını gözləmirəm. Ola bilsin ki, İran şirkətlərinin, yaxud İran vətəndaşlarının əməliyyatlarını icra etsin. Azərbaycan biznesinin, yaxud sadə vətəndaşların onun xidmətlərindən istifadə edəcəyini gözləmirəm. Faktiki olaraq, sanksiyalara görə, bu, mümkün də deyil”.
Məlumdur ki, Azərbaycanla İran arasında ticarət sürətlə artır. 2024-cü ildə İranla Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi 647,1 milyon dollara çatıb. Bu, 2023-cü ilə nisbətən 159,7 milyon dolları və ya 32,8 faiz çoxdur. Ötən il Azərbaycan İrana cəmi 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. İrandan məhsul idxalı isə illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8 faiz artaraq 633 milyon dollara çatıb. İrandan idxaldakı artım bu il də davam edir. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasənb bu ilin dörd ayında İrandan idxalımız 178 milyon 900.70 min dollara, bu ölkəyə ixracımız isə cəmi 4 milyon 526.61 min dollara bərabər olub. Bir ay sonra - mayın sonuna idxalımız 251 milyon 878.05 min dollara, ixracımız isə 6 milyon 86,84 min dollara yüksəlib. Beş aylıq göstəriciləri bir il əvvəlkilərlə müqayisə etsək, görərik ki, İrana ixracımız 233 min dollar azaldığı halda, idxalımız 19,8 milyon dollar artıb.
İranın Azərbaycana ixracında əsas yeri ərzaq və əhalinin gündəlik istifadəsində mühüm yer tutan mallar üstünlük təşkil edir. Bir sıra mühüm ərzaq məhsullarının idxalında İranın payı 60-70 faizə, bəzən 90-100 faizə çatır. Dövlət Statistika Komitəsinin aylıq xarici ticarət hesabatından aydın olur ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan 4 milyon 663,48 min dollarlıq 1117,56 ton təzə alabalığın hamısı, 689,36 ton təzə və ya soyudulmuş karpın 312,3 tonu, 34,75 ton təzə və ya soyudulmuş digər balığın hamısı, 93,78 ton təzə və ya soyudulmuş balıqlar, digərlərinin hamısı, qatılaşdırılmamış, şəkər əlavə edilmədən, tərkibində 1-6 kütlə faiz yağ olan süd və qaymaq - 2561,06 tonun 1115,3 tonu, qatılaşdırılmamış, şəkər əlavə edilmədən, tərkibində 10 kütlə faizdən çox yağ olan netto həcmi 2 litrdən artıq olmayan bağlamalarda süd və qaymaq 885,96 tonun 691,28 tonu, kərə yağı 7157,57 tonun 2880,72 tonu, süd pastaları 1745,49 tonun 1699 tonu, digər pendirlər 2155,02 tonun 1314,26 tonu, xiyar və kornişonlar, təzə və ya soyudulmuş 2151,39 tonun 2150,74 tonu, təzə və ya soyudulmuş badımcan 4782,95 tonun 4704,75 tonu, Digər kərəviz, kök kərəvizdən başqa, təzə və soyudulmuş 50,42 tonun hamısı, Capsicum növünün və ya Pimenta növünün barı (qabıqlı şirin bibər və digərləri), təzə və ya soyudulmuş 4954,33 tonun 4804,59 tonu, Salat tərəvəzi, salat-kahıdan və kasnıdan başqa və digərləri 816,44 tonun 806,38 tonu, qabıqlı püstə 147,2 tonun 105,06 tonu, təzə və ya qurudulmuş xurma 4226,75 tonun 2966,24 tonu, təzə və ya qurudulmuş portağal 11573,68 tonun 9577,52 tonu, qurudulmuş üzüm 1996,02 tonun 1020,11 tonu, 336,73 ton qarpızın 329,6 tonu, təzə heyva 43,65 tonun 33,05 tonu, təzə kivi 2198,04 tonun 2126,5 tonu, qurudulmuş digər meyvələr 1021,97 tonun 515,38 tonu, şirin quru peçenye 6223,66 tonun 2404,24 tonu, Sirkəsiz hazırlanmış və ya konservləşdirilmiş digər pomidorlar 1789,2 tonun 1629,44 tonu İrandan alınıb.
İdxalın belə artması fonunda ticarət əməliyyatlarının İran Milli Bankının Bakı filialı vasitəsilə maliyyələşdirilməsi nə qədər realdır? Ə.Həsənov bildirir ki, sanksiyalar üzündən bu, demək olar ki, mümkünsüzdür: “Birbaşa İranla bank əməliyyatları sanksiyalara görə mümkün deyil. Xüsusilə Bakı filialının ana bankı olan İran Milli Bankının özü bilavasitə sanksiya siyahısında olduğu halda, bu, mümkünsüzdür. Lakin ola bilsin, idxal-ixrac proseslərinin maliyyələşdirilməsi üçün digər ölkələrdəki maliyyə qurumları vasitəsilə yaradılan sxemdən istifadə olunsun. Yəni ödəniş buradan hansısa ölkədə fəaliyyət göstərən İran şirkətinin hesabına həyata keçirilir, sonra həmin şirkət vəsaiti Azərbaycana mal ixrac edən şirkətə çatdırır. Bu da uzun və əlavə xərc tələb edən prosesdir. Bu baxımdan, ticarətin nağd ödənişlə həyata keçirilməsi ən sərfəli yoldur”.
Xatırladaq ki, 2018-ci ilədək Azərbaycanla İran maliyyə-bank sektoru arasında birbaşa əlaqələr mövcud olub, qarşılıqlı maliyyə əməliyyatları icra edilib. Lakin ABŞ Prezidenti Donald Trampın İranla nüvə danışıqlarından çıxaraq, ölkəyə qarşı görünməmiş sanksiyalar tətbiq etməsi nəticəsində bu əməliyyatlar tamamən dayandırılıb. Bu baxımdan, getdikcə artan ticarət əməliyyatlarının maliyyələşdirilməsi imkanları elə də geniş deyil.
Qeyd edək ki, İran sanksiyalara rəğmən bir sıra ölkələrlə maliyyə əməliyyatlarını icra edə bilir. Bunlardan biri Qərbin ağır sanksiyalarına məruz qalan Rusiyadır. Son iki ildə Rusiya və İran iki ölkə arasında maliyyələşmə kanallarını təmin etmək sahəsində ciddi addımlar ata biliblər. Bura Rusiyanın Mir kartlarına İranda xidmətin başlanması, VTB bankın Tehranda filialının açılması, nəhayət, iki ölkə arasında rəqəmsal valyutanın tətbiqi üçün pilot layihənin icrasına başlanması aiddir.
Qərbin Rusiya və İrana qarşı sanksiyalarına qoşulmayan Azərbaycan həmçinin öz mənafeləri baxımından qadağaların pozulmasına da imkan vermir. /musavat.com/
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.