AZ

Ailədaxili münaqişələr, qız uşaqlarına təzyiq... - Köhnəlməyən problem 

Erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan problemdir. Beynəlxalq statistikaya görə hər il dünyada 10 milyona yaxın uşaq erkən nikaha məruz qalır. Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və buna qarşı mübarizə tədbirləri həyata keçirilir. 

Azərbaycanda da təəssüf ki, bu problemlə əlaqədar statistika minimum səviyyədə deyil. Xüsusilə  tarixi ənənələr və mentalitet faktoru, bir çox hallarda isə ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan yoxsulluq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri də erkən nikahlara şərait yaradır. Qeyd edilir ki, bu hallar ucqar kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılıb. 

Rəsmi statistikaya görə, 2024-cü il üzrə respublikanın 14 iqtisadi rayonunda ümumilikdə 185 nəfər 17 yaşında rəsmi nikaha daxil olub. Üzrlü səbəbləri əsas gətirən belə şəxslərə icra orqanları tərəfindən vaxtından əvvəl evliliyə rəsmən icazə verilib.   Dördpendirli pizza

Artıq bu ildən qanunvericilikdəki 17 yaşında evliliyə imkan verən istisna hallarla bağlı müddəa ləğv edilib. 

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov deyib ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutları həmişə milli və ictimai maraqların müdafiəçisi rolunda çıxış edib. Onun sözlərinə görə, QHT-lərin layihə seçimində bu sahəni özləri üçün prioritet elan etməsi təqdirəlayiq haldır: “Erkən nikahlara qarşı mübarizə cəmiyyətin bütün kəsimlərinin marağında olan məsələdir. Bu cür həssas problemlərin həllini yalnız dövlət quurmlarından gözləmək ədalətli yanaşma deyil. Cəmiyyətin bütün institutları bu məsələ ilə mübarizədə səfərbər olunmalıdır. İndiki həssas məqamda hamımız ictimai maraqların müdafiəçisi qismində çıxış etməliyik”. Çingiz Bayramov deyib ki, erkən nikahların müxtəlif səbəbləri var. Bu sıraya sosial, hüquq, mənəvi və s. səbəblər daxildir. Amma əsas səbəblərdən biri də cəhalətdir. Onun fikrincə, azyaşlı qızlara ailədə ögey münasibət bundan qaynaqlanır: “Maarifləndirmə prosesinə uşaqlardan əvvəl valideynləri cəlb etmək lazımdır. Bir çox hallarda valideynlər özlərini uşaqların yerinə qərar vermək hüququna malik şəxslər kimi aparırlar. Yəni uşaqların taleyini özləri həll edirlər. Bu isə hüquqi məsuliyyət yaradır”. 

“Tarixi ənənələr və mentalitetdən irəli gələn səbəblər demək olar ki daha çox rast gəlinən hallardandır. Bəzən ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri də erkən nikahlara şərait yaradır. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur. Təcrübədə ailə daxili münaqişələr, qız uşaqlarına təzyiqin olmağı da onları erkən evliliyə yönəldir. Bəzən isə qaçırılma halları erkən evliliyə məcburiyyət yaradır”, - deyə Çingiz Bayramov vurğulayıb. 

Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə deyir ki, bəzən erkən nikaha təkcə qızlar deyil, oğlanlar da cəlb edilir. Əlbəttə, bu zaman yetkinlik yaşına çatmayan oğlan cinayət məsuliyyətinə cəlb olunmur, çünki onun özü erkən nikaha cəlb edilib: "18 yaşa çatmayan şəxslər valideyn himayəsindədir və onların nikaha cəlb edilməsi məhz valideynlərin iradəsi ilə həyata keçirilir. Çox az sayda olur ki, 16-17 yaşda yeniyetmələr bir-birini sevib, qoşulub qaçırlar. Beləliklə, əgər 16-17 yaşda oğlan evlənirsə, deməli, valideynin iradəsi ilə evlənir, burada məcburi nikaha cəlb etdiyi üçün valideynə cəza verilməlidir".

Mehriban Zeynalova bildirib ki, məcburi nikah təkcə 16-17 yaşda deyil, 20-22 yaşda da olur. Gənclər bəzən valideynlərinin iradəsinə zidd gedə, eləcə də qanuni yola əl ata bilmirlər: "Cəmiyyətimizdə övladın valideyndən şikayət etməsi böyük qınaqla qarşılanır. Bu da qanunun həyata keçirilməsinə maneçilik törədir. Beləliklə, belə bir halla rastlaşan gənc valideynindən şikayət edəndə cəmiyyət tərəfindən yalnız o qınanılır, qınaq obyektinə çevrilir. Çox az halda kimsə gəncin tərəfində olur. Bu da qanunun icrasına mənfi təsir edir". 

A.Zeynalov

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi”” layihəsi çərçivəsində hazırlanıb.


Telegram kanalımız
Seçilən
22
yenisabah.az

1Mənbələr