AZ

Xankəndi mötəbər bir sammitə ev sahibliyi etdi

Ses qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cari ilin iyul ayının 4-də Qarabağın siyasi və strateji mərkəzlərindən biri olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirildi. Bu beynəlxalq tədbir təkcə iqtisadi cəhətdən deyil, həm də Azərbaycanın suverenliyi, regional liderliyi və postmünaqişə dövründəki yenidənqurma səylərinin simvolu olaraq böyük siyasi əhəmiyyət daşıyır.

Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mühüm çıxış etdi. Onun nitqi həm qlobal, həm də regional səviyyədə əməkdaşlığın gücləndirilməsi, iqtisadi inkişafın davamlılığı və azad olunmuş ərazilərin gələcək perspektivlərinə dair əhatəli və strateji baxışı ortaya qoydu.

Cənab Prezident çıxışının əvvəlində Xankəndidə belə bir beynəlxalq tədbirin keçirilməsinin siyasi və tarixi əhəmiyyətini qeyd etdi. 30 il Ermənistanın işğalı altında qalan bu şəhərdə İƏT kimi nüfuzlu beynəlxalq təşkilatın Zirvə görüşünün təşkili Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunduğunun təsdiqi kimi təqdim olundu. Bu addım həm də dünya ictimaiyyətinə Qarabağın artıq regionda sabitlik və inkişaf mərkəzinə çevrildiyini nümayiş etdirdi.

Prezident çıxışında Ermənistanın uzun illər ərzində azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, işğal və mədəni irsin dağıdılması siyasətindən danışaraq, bu tarixə hüquqi və siyasi qiymət verilməsinin vacibliyini önə çəkdi. Lakin, Azərbaycan rəhbərliyi bu faciəli keçmişi yalnız tarixi yaddaş kimi saxlamır əksinə, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirərək bu torpaqları yaşanılan, iqtisadi cəhətdən canlı məkanlara çevirməkdədir.

Çıxışın əsas mövzularından biri də İqtisadi Əməkdaşlıq Təşkilatının gələcək strategiyası və Azərbaycanın bu təşkilatdakı rolu idi. Ölkə Prezidenti cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan artıq üçüncü dəfədir İƏT Zirvə görüşünə ev sahibliyi edir və bu, ölkənin təşkilat daxilindəki nüfuzunun və regional əməkdaşlığa verdiyi töhfənin göstəricisidir. O, 2035-ci ilə qədər olan strateji yol xəritəsinin hazırlanmasında Azərbaycanın fəal iştirak etdiyini və bu sənədin yalnız dövlətlərarası əməkdaşlığı deyil, həm də gənclər, qadınlar və özəl sektor üçün də yeni imkanlar yaratdığını bildirdi.

Cənab Prezident çıxışında Azərbaycanın iqtisadi nailiyyətlərinə də toxundu. O, ölkənin qeyri-neft sektorunun inkişafı, yaşıl enerji layihələri, logistika və nəqliyyat sahələrində atılan addımlar barədə məlumat verdi. Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə töhfə verdiyi, həmçinin COP29 kimi qlobal tədbirlərə ev sahibliyi etməsi ölkənin artan beynəlxalq nüfuzunun bariz nümunəsi olduğunu vurğuladı.

Cənab İlham Əliyevin Xankəndidəki çıxışı, təkcə siyasi bəyanat deyil, həm də bir baxış, bir strategiya idi. Bu çıxışda tarixlə haqq-hesab çəkildi, real vəziyyət dəyərləndirildi və gələcəyə dair açıq və qəti bir yol xəritəsi təqdim olundu.

Xankəndidə keçirilən bu Zirvə görüşü Azərbaycanın regionda sülh, inkişaf və əməkdaşlıq uğrunda liderlik missiyasını bir daha nümayiş etdirdi.

Nazim BÜNYATOV

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
sesqazeti.az

1Mənbələr