BAKI, 10 iyul, TELEQRAF
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Teleqraf-a müsahibəsində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasındakı Əbu-Dabi görüşü, sülh sazişi və Zəngəzur dəhlizi ətrafındakı mövzulardan danışıb.
Onunla müsahibəni təqdim edirik.
- Mətin bəy, Əbu-Dabidə Azərbaycanın təşəbbüsü ilə Ermənistanla ikitərəfli formatda görüş keçirilir. İkitərəfli formatdakı bu görüşün yekun razılaşmanın əldə edilməsinə təsirini necə dəyərləndirirsiniz?
- Bu cür görüşlər Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində atılan vacib addım kimi dəyərləndirilir. Görüşdə elə bir razılaşmalar əldə olunar bilər ki, bunun əsasında yaxın gələcəkdə iki ölkə arasında sülh müqaviləsi imzalamaq mümkün olar. Bununla da bölgədə davamlı sülh təmin edilər. Azərbaycanın son illərdə dəyişməz mövqeyi ondan ibarətdir ki, aparılan danışıqlar yalnız ikitərəfli formatda keçirilməlidir. Burada üçüncü tərəfin iştirakı olmamalıdır. II Qarabağ müharibəsindən sonra üçtərəfli formatda keçirilən görüşlər effektiv olmadı. Üçüncü tərəflər burada sülhün əldə olunmasından daha çox öz maraqlarından çıxış edirdilər. Nəticədə də bu sülh prosesinə maneə olurdu.
- Artıq Azərbaycanın sülh konsepsiyası Ermənistan tərəfindən qəbul edilir. Amma buna rəğmən sülhü pozmaq istəyən qüvvələr də az deyil. Həmin qüvvələrin əsas hədəfi nədən ibarətdir?
- II Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında tərəf kimi Avropa İttifaqı, Rusiya və ABŞ iştirak edib. Hər üç güc mərkəzinin vasitəçiliyi ilə danışıqlar aparılıb. İndi də onların istəyi budur ki, prosesə yenə vasitəçilik etsinlər. Məqsədləri danışıqlar prosesinə müəyyən qədər təsir etmək və burada aktiv iştirakla bağlıdır. Azərbaycan tərəfi məhz bu kontekstdən çıxış edərək haqlı olaraq 2023-cü ilin payızından danışıqların ikitərəfli formatda aparılmasını təklif edib. Bakının mövqeyi ondan ibarət olub ki, danışıqlar vasitəçisiz aparılmalıdır.
- İkitərəfli görüşlərin effektivliyi ilə bağlı nəticələr necədir?
- Faktiki olaraq Azərbaycanın irəli sürdüyü bu təşəbbüs özünü doğrultdu. Vasitəçisiz aparılan danışıqlar nəticəsində ciddi müsbət dinamika yarandı. Bunu da hər kəs gördü. İki ölkə arasında sülh müqaviləsi layihəsinin razılaşdırılması və digər məsələlərdə də ciddi irəliləyişlər əldə olundu. Sərhədlərin delimitasiya və demarkasiyası məsələsini də buna nümunə göstərmək olar. Əbu-Dabi də görüş də məhz bu məqsədlərə xidmət edir. Çünki Birləşmiş Ərəb Əmirlikləri burada tərəf kimi çıxış etmir. Bu ölkə ancaq tərəflərə məkan kimi şərait yaradır.
- Görüşdə sülhlə yanaşı, daha çox hansı məsələlərin müzakirə mövzusu olacağı gözlənilir?
- Bugünki görüşdə sülh müqaviləsinin imzalanması ilə yanaşı, regional kommunikasiya xəttlərinin, bu xüsusda Zəngəzur dəhlizinin açılması məsələsi də müzakirə olunacaq. Hətta bu görüşdə Zəngəzur dəhlizi ilə yanaşı regional kommunikasiya xəttlərinin açılması ilə bağlı da ciddi razılaşmalar da əldə oluna bilər. Bunlar istisna edilmir.
- Sülhün alternativi, razılaşmaların pozulması bölgə üçün nə vəd edir?
- Bu gün sülhün əldə olunması üçün daha çox iş görməli olan ölkə Ermənistandır. Azərbaycan bu ölkə qarşısında özünün haqlı, legitim tələblərini irəli sürüb. Rəsmi İrəvan bölgədə sülhün və ya münaqişəli vəziyyətin olacağına da dair qərar verməlidir. Proseslərin inkişaf dinamikası, Ermənistan hakimiyyətinin alternativ qərar verməsi, sülh gündəliyindən və Azərbaycanın tələblərindən imtina etmək yeni hərbi eskalasiyaya səbəb ola bilər. Bu da nəticədə Ermənistan üçün fəlakətli nəticələr yaradar. Qarşı tərəf də anlamalıdır ki, bölgədə sülhdə maraqlı olmayan qüvvələr var. Onlar mütəmadı olaraq bölgədə vəziyyəti gərginləşdirmək istiqamətində addımlar atır. Ona görə də sülhün əldə olunması hər iki ölkənin marağına uyğundur.