Xəbər verdiyimiz kimi Azərbaycan Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev istefa ərizəsi yazaraq işindən ayrılıb. Onun işdən ayrılmasını teatrın dövlətə 150 min manatdan çox vergi borcunun olması ilə əlaqələndirirlər. Bir müddət əvvəl aktyorun ölkədən çıxışına da qadağa qoyulduğu bildirilirdi. Bütün bu suallarla bağlı əməkdar artistdən cavab almaq istəsək də, cəhdlərimiz boşa çıxıb.
Etibarlı mənbədən Moderator.az-a daxil olan məlumata görə əslində əməkdar artist fevral ayının 6-da istefa ərizəsini yazıb:
“Elman Rəfiyevin istefa ərizəsini teatrın vergi borcu ilə əlaqələndirirlər. Bu qətiyyən doğru səbəb deyil. Bu məsələ ilə bağlı uzun müddət araşdırmalara başlanılıb və Elman Rəfiyevin adının bu mövzuda hallandırılması sadəcə əsassızdır. Artıq 6 aya keçib ki, Elman Rəfiyev teatrda çalışmır. Onun istefa verməsi də özbaşına atılan addım və qəti qərar deyildi. Sadəcə belə alınıb. Onu bu ərizəni yazmağa məcbur ediblər. Səbəbini heç kimə demir. Yəqin ki, bu günlərdə hamı biləcək” deyə mənbə bildirib.

Mənbə bildirib ki, adı korrupsiyada hallanan teatrın kadrlar üzrə mütəxəssisi Aytən Kərimova da məsuliyyətə cəlb olunub:
“Borcu yığan insan cinayətə cəlb olunub. İki azyaşlı uşağı olduğu üçün ona icbari iş kəsiblər ki, aylıq pulu ödəsin. 332 min manat pul mənimsəyib. Pulun müəyyən qismi qaytarılıb, qalanını da işləyib ödəcəyək. Elman Rəfiyev işə diqqətsiz yanaşdığı üçün sadəcə şiddətli töhmət alıb” deyə mənbə bildirib.