ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
Prezident İlham Əliyev: "Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək"
Starteji cəhətdən əhəmiyyətli və eyni zamanda, mürəkkəb bölgədə yerləşən Azərbaycan həm öz milli maraqlarına, müstəqilliyinin qorunub möhkəmləndirilməsinə, həm də digər dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin qurulmasına böyük önəm verir. Qazandığı misilsiz Zəfərdən sonra yeni reallıqlar yaradan Azərbaycanın istər regionda, istərsə də dünyada nüfuzu durmadan artır. Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlığa böyük maraq göstərmələri bunun təzahürüdür. Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin dünya ölkələrinin liderlərinin isə Azərbaycana səfərləri, dövlətimizin beynəlxalq əlaqələrinin genişlənməsinə töhfəsini verir. Azərbaycanın Avropa, Türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə məlum işgüzar səfəri bu əlaqələrin müasir dövrümüzdə yeni inkişaf mərhələsində olduğunun təzahürüdür. Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri də mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. Ötən tarixi dövrə nəzər salsaq görərik ki, Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı yaradan sənədlər mövcuddur. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Ölkələr arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb.
HƏRTƏRƏFLİ İQTİSADİ TƏRƏFDAŞLIQ SAZİŞİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Söhbət zamanı dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Prezident İlham Əliyevin bu ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərləri məmnunluqla xatırlanıb, həmin səfərlər zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli gündəliyimizlə bağlı geniş müzakirələrin aparıldığı qeyd olunub.
Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb, enerji, o cümlədən bərpaolunan enerji sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub və bu istiqamətdə perspektiv layihələr müzakirə edilib. SOCAR-la ADNOC, həmçinin ölkəmizlə "Masdar" şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq bildirilib.
Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş Zirvə görüşünün əhəmiyyətinə toxunulub və Birləşmiş Ərəb Əmirliklərinin bu tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edilib.
Sonra prezidentlərin iştirakı ilə "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" imzalanıb.
STRATEJİ TƏRƏFDAŞLIQ
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər qurulub. Belə ki, Azərbaycanın 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilib. Həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir.
Ulu Öndər Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də həmişə xüsusi diqqət yetirib. Ümummilli Liderin əsasını qoyduğu bu əlaqələr indi uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il noyabrın 20-21-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi, ticari və texniki əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər bağlanıb. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilib. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanması, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri və s. bu ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir. Mövcud əlaqələr mövcud münasibətlərin davamlığını, strateji əhəmiyyət kəsb etdiyini göstərir.
Son illər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən energetika sahəsində əlaqələr dinamik inkişafdadır. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və "Made in Azerbaijan" brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir. Hazırda Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin 2024-cü ildə Azərbaycana rəsmi və COP29 ilə bağlı səfərləri, bu səfərlər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşlər və aparılmış müzakirələr də münasibətlərin hazarkı səviyyəsini ifadə edir. Təsadüfi deyil ki, COP29-un Azərbaycanda keçirilməsi haqqında qərar məhz BƏƏ-də keçirilən COP28-də qəbul olunmuşdu.
SƏNAYE MİQYASLI İLK GÜNƏŞ ELEKTRİK STANSİYASI
Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də "yaşıl enerji"nin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Bununla bağlı mövcud potensialın reallaşdırılması, investisiya qoyuluşu "yaşıl enerji" sektorunun sürətli inkişafına yol açır. Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Azərbaycan 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30-40 faizə çatdırılması hədəf kimi qarşıya qoyulub.
Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsi tarixi hadisəyə çevrildi. Vurğulayaq ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
AZƏRBAYCAN YAŞIL ENERJİNİN ÇOX MÜHÜM İXRAC MƏNBƏYİNƏ ÇEVRİLƏCƏK
Müasir dövrümüzdə dünyaya açıq olan Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, eləcə də xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə birgə başa çatdırıb. Bu layihə Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub ki, həmin boru kəmərinin uzunluğu isə 3500 kilometrə malikdir.Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirir. Bu əlaqələrin daha da genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. "Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq... Mən Azərbaycana etibar edən, bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan "Masdar"a xüsusi minnətdarlığımı bildirmək istərdim", – deyən Prezident çıxışlarının birində bildirib. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. "Masdar" ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.
Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Bu əlaqələr münasibətlərin daha yüksək səviygyyə qaldırılmasına öz töhfəsini verir.
Nəzakət ƏLƏDDİNQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.