Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun 30 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhəri ilə tanış olub.
MTP klubunun təsisçisi, amerikalı Çarlz Vilinin rəhbərlik etdiyi səyyahlar əvvəlcə Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar.
On beş ölkədən səyyahların yer aldığı heyət sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Şuşa türməsi ilə tanış olub.
Sonda Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Heyətin 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməyi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.
Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfə edib.
ZÜMRÜD