Azər Həsrət: “Bu, Rusiya üçün ağır sanksiyaların olacağı deməkdir”
Ukraynaya ABŞ-ın hərbi yardımının bərpasından sonra indi də yeni iqtisadi sanksiyalar gündəmdədir.
Tramp hökumət kabinetinin Ağ Evdə keçirilən iclasında bəyan edib ki, Rusiya prezidenti Vladimir Putindən narazıdır və Ukraynadakı müharibəni dayandırmaq istəmədiyinə görə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir. Trampın sözlərinə görə, Putin onlara "çoxlu cəfəngiyat danışıb".
Rusiyanın son hərəkətlərinə necə cavab verəcəyi ilə bağlı suala cavabında ABŞ prezidenti Tramp bildirib ki, "kiçik sürpriz" edə bilər. Prezident deyib ki, bir qrup senator tərəfindən Rusiyaya qarşı hazırlanmış yeni sanksiyalar haqqında qanun layihəsini öyrənir. Trampın sözlərinə görə, həmin sənədin qəbul edilməsi onun bu məsələ ilə bağlı rəyindən asılı olacaq. Prezident, həmçinin, ABŞ-nin Ukraynaya silah tədarükündəki rolunu bir daha vurğulayaraq bildirib ki, Amerika silahları sayəsində Kiyev, bir çoxlarının proqnozlaşdırdığı kimi, üç-dörd gün ərzində müharibədə təslim olmayıb. Tramp qeyd edib ki, yaxın zamanda Ukraynaya yeni müdafiə təyinatlı silahların göndərilməsini təsdiqləyib, çünki "Putin insanlara qarşı düzgün davranmır. O, həddindən artıq çox insan öldürür”.
Maraqlıdır, Trampın nəzərdə tutduğu bu “sürpriz” nə ola bilər?
“Dolayı yollarla neftini sata bilməyəcək, rus neftini alanları böyük rüsumlar gözləyir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi şərhçi Azər Həsrət hesab edir ki, Trampın "kiçik sürprizi" məcazi mənadadır: “Təbii ki, Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalar, atacağı addımlar belədə kiçik adlandırıla bilər, amma kiçik deyil. Rusiya faktiki olaraq Qərbin, ABŞ-ın sanksiyalarından o qədər əziyyət çəkir ki, nəfəs belə ala bilmir. İndi bunun üzərinə yeni sanksiyalar əlavə ediləcəyi təqdirdə Rusiyanın canı çıxacaq. Yeni sanksiyalar Rusiya üçün asan olmayacaq və bu ölkəyə baha başa gələcək. Bu zaman Rusiya həmin sanksiyaları qaldıra bilməyəcək. Bütün bunların nəticəsində Rusiyanın müharibəni davam etdirmək imkanları getdikcə zəifləyəcək. Elə bunu nəzərə alaraq Putin hakimiyyəti, əmək miqrantlarını belə, döyüşə cəlb etmək üçün bir qanun imzalayıb. Sözügedən qanunla artıq xarici ölkə vətəndaşları da Rusiya ordusu sıralarında Ukraynaya qarşı vuruşa biləcəklər. Göründüyü kimi, Rusiya o qədər küncə sıxışdırılıb ki, artıq orduya belə aparmağa əsgər tapa bilmir. Trampın "kiçik sürpriz" dediyi Rusiya üçün yeni sanksiyalar olacaq. Rusiyanın bütün banklarının SWIFT-ə çıxışı bağlanacaq. Rusiya dolayı yollarla neftini sata bilməyəcək. Rusiya neftini alanları böyük rüsumlar gözləyir. O cümlədən, miqrantlarla bağlı məsələyə ABŞ əl qoya bilər. Necə? O miqrantların dövlətləri ilə müəyyən danışıqların aparılması, onlara müəyyən təzyiqlərin edilməsi yolu ilə. Yəni Putinin əli-qolu hər tərəfdən yığışdırılır, küncə sıxışdırılır və Rusiyanın dağılması prosesi növbəti mərhələyə keçirilir”.
Vidadi ORDAHALLI