İtaliyanın “Milan” klubu fransalı sol cinah müdafiəçisi Teo Hernandesin “Əl-Hilal”a transfer olunduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Klubun rəsmi saytında yayımlanan məlumatda futbolçuya təşəkkür edilib:
“Klub altı il ərzində göstərdiyi xidmətlərə görə Teyoya minnətdarlığını bildirir və ona şəxsi və peşəkar həyatında uğurlar arzulayır.”
Mətbuatda yer alan məlumatlara görə, “Milan” bu keçid qarşılığında Səudiyyə Ərəbistanı təmsilçisindən 25 milyon avro gəlir əldə edəcək. Futbolçunun yeni klubundan üç illik müqavilə çərçivəsində bonuslar istisna olmaqla 60 milyon avro qazanacağı da vurğulanır.
Teo Hernandes 2019-cu ilin yayında Madridin “Real” klubundan “Milan”a transfer olunmuşdu. “Rossoneri”nin heyətində keçirdiyi 262 matçda 34 qol vurub, 45 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu müddət ərzində A Seriyasının çempionu olub və İtaliya Superkubokunu qazanıb.