AZ

120/80 təzyiqlə də infarkt mümkündür– Özümüzü necə aldadırıq?




Təzyiqlə bağlı cəmiyyətdə bir çox yanlış təsəvvürlər və miflər dolaşır. Hətta bəzən həkimlər belə xəstələrə arxayınlıqla deyirlər ki, “qan təzyiqiniz 120/80-dirsə, infarkt və insult kimi problemlərdən qorxmayın”.

Onların fikrincə, bu göstərici ilə infarkt riski yoxdur və olsa da, yüngül keçəcək. Lakin reallıq tam fərqlidir.

“Medicina” xəbər verir ki, kardioloq İlkin Həsənov ürək-damar sistemi ilə bağlı geniş yayılmış yanlış fikirlər barədə danışıb və təhlükələri daha düzgün anlamağın vacibliyini vurğulayıb.

Bəli, arterial hipertenziya – yəni yüksək qan təzyiqi – miokard infarktının əsas səbəblərindən biridir. Və doğrudur, qan təzyiqi normal olan şəxslərdə infarkt riski adətən aşağı olur. Ancaq bu, o demək deyil ki, təzyiqi 120/80 olan insanda heç vaxt infarkt olmayacaq.

Həkimin sözlərinə görə, infarkt riskini artıran təkcə təzyiq deyil. Bu riskə təsir edən çoxsaylı digər faktorlar da mövcuddur:

•ailəvi (genetik) meyillilik
•xroniki və ya yüksək stress
•lipid (yağ) mübadiləsinin pozulması
•şəkərli diabet
•siqaret çəkmək
•piylənmə
•erkən menopauza
•toksik maddələrin təsiri
•bəzi dərmanların uzunmüddətli qəbulu və s.

Yəni “təzyiqim normaldır, dərman içmirəm, demək infarkt olmayacaq” düşüncəsi yanlışdır.

Bundan əlavə, xolesterol səviyyəsinin normal olması da damarların sağlam və təmiz olması üçün kifayət deyil.

Həkim bildirir ki, yüksək “pis” xolesterol (LDL) aterosklerozun inkişafına səbəb olan əsas amillərdən biri olsa da, xolesterolun normada olması infarkt və ya damar tutulması riskini tamamilə aradan qaldırmır.


Sağlamlığımıza təkcə bir göstərici ilə deyil, ümumi risk faktorları nəzərə alınaraq yanaşmaq lazımdır. Təzyiqin normal olması bizi infarkt və digər ürək-damar xəstəliklərindən tam sığortalaya bilməz. Bunun üçün yaşam tərzi, irsi faktorlar və digər tibbi göstəricilər mütləq nəzərə alınmalıdır.


Aygün Musayeva
medicina.az


Seçilən
29
2
medicina.az

3Mənbələr