Xankəndi səfərindən öncə yayılan mətn dezinformasiya idi, Pezeşkianın müsahibəsi deyildi. Bununla belə Pezeşkian çox vaxt ana dili haqqı və etniklər haqlarla bağlı fərqli tonlarda çıxışlar edib, etnik ayrıseçkilik haqqında danışıb. Hər bir halda, həssas bir vaxtda saxta müsahibənin yayılması təsadüf olmaz yəqin.
Beynəlxalq siyasətdə “təhlükə” anlayışı əsas anlayışlardan biridir. Dövlətlər hansı ölkələrlə ittifaq quracaq, hansına qarşı silahlanacaq, hansını düşmən, hansını tərəfdaş sayacaq – bütün bu qərarlar onların nəyi təhlükə kimi qavradıqlarına əsaslanır.
Amma təhlükə həmişə obyektiv bir fakt deyil. Təhlükələr həm də ictimai, siyasi olaraq yaradılır, qurulur, inşa edilir.
Bəzən eyni gücə malik iki ölkədən biri müttəfiq kimi, digəri isə ekzistensial təhlükə kimi qəbul edilir. Bu fərq, təkcə hərbi və iqtisadi gücdən deyil, dövlətin öz kimliyini necə müəyyən etdiyindən də irəli gəlir.
Bir dövlət özünü çoxmillətli, müxtəlif kimliklərin bir arada yaşadığı bir toplum kimi görürsə, qonşu ölkədəki etnik yaxınlıq ona təhlükə kimi deyil, mədəni körpü kimi görünə bilər. Əgər dövlət özünü təkmillətli, homogen bir “millət” kimi qəbul edirsə, ölkə içindəki dominant olmayan millətlərlə eyni etnik və mədəni bağları olan qonşu ölkə təhlükə kimi hiss oluna bilər.
Bu kontekstdə İran–Azərbaycan münasibətlərinə baxsaq, hazırkı prezident Məsud Pezeşkian dövründə bu münasibətlərin niyə əvvəlki dövrlərdən daha sakit və qarşılıqlı hörmətə əsaslandığını daha yaxşı anlaya bilərik.
Pezeşkian hakimiyyətə gələndə qonşularla və dünya ilə münasibətləri normallaşdırmaq vədi vermişdi. Amma bu sadəcə xarici siyasət məsələsi deyil; bu onun İranın daxili quruluşunu necə dərk etməsi ilə bağlıdır. Pezeşkian, İranın etnik müxtəlifliyini təhlükə kimi görmür. Əksinə, bu müxtəlifliyin tanınması və hörmətlə yanaşılmasının ölkənin gücünü artıracağına inanır. O, uzun illər boyunca İran parlamentində ana dili haqqını müdafiə edib və mədəni hüquqların qorunmasını siyasi fəaliyyətinin bir hissəsi kimi görüb.
Məhz buna görə də o, İrandakı Azərbaycanlılar ilə qonşu Azərbaycan Respublikası arasındakı mədəni və etnik bağları təhlükə kimi yox, normal və faydalı bir təbii hal kimi qəbul edir. Halbuki hələ də həm mühafizəkar, həm də reformçu İran siyasətçilərinin böyük əksəriyyəti bu etnik yaxınlığı parçalanma təhlükəsi kimi qiymətləndirir. Pezeşkian isə uzun illərdir, əsl təhlükəni ayrı-seçkilik və hüquqların inkarında görür.
O, siyasi çıxışlarında da əvvəlki prezidentlərdən fərqli olaraq etnik və dini kimliklərə daha çox vurğu ilə danışır. İran cəmiyyətinin real və çoxşaxəli kimliklərinə də toxunur. Bu onun İranın siyasi diskursunda yeniliklə yanaşı Azərbaycan Respublikasına baxış tərzinə də birbaşa təsir edir.
Amma sual budur: Bu, İran dövlətinin mahiyyətidirmi? Təəssüf ki, xeyr.
1925-ci ildən bəri İran dövləti fars mərkəzli, ekskluziv milli kimlik üzərində qurulub. 1979-cu il İslam İnqilabından sonra bu model dini çalarlarla zənginləşsə də, etnik haqların inkarçılığı ilə davam etdi. Bu baxış bucağında Azərbaycan Respublikası bir mədəni körpü deyil, daxili sabitliyə təhdiddir və bu təhlükə əsasında Azərbaycan və bölgə siyasəti tənzimlənməlidir.
Bu səbəbdən Pezeşkian bu rejimin tipik bir məhsulu deyil. O, bu sistemin içindəki istisnadır. Və sual odur ki, Pezeşkian dövrü bitdikdən sonra nə olacaq?
İran dövləti öz milli kimliyini dəyişərək daha inklüziv və çoxtərəfli bir modelə keçəcəkmi? Yoxsa yenidən inkar və təhlükəyə əsaslanan siyasətə qayıdacaq? Və ya, etnik hüquqlar uğrunda mübarizə aparan hərəkatlar İran dövlətinin kimlik anlayışının dəyişməsini yuxarıdan yox, aşağıdan – cəmiyyətin təzyiqi ilə həyata keçirə biləcəkmi? Unutmamaq lazım ki, Pezeşkian özü və diskursu da Təbriz şəhərinin siyasi diskursunun məhsuludur. Təbriz parlament seçkiləri başqa Güney Azərbaycan şəhərlərindən çox fərqli olaraq milli haqları diskursunun təsirində olur (başqa bir mövzudur).
Nə də olsa, dövlətlər sosial aktorlardır və bir dövlətin özünü və kimliyini necə tərif etməsi, onun nəyi təhlükə kimi qavraması, qonşular ilə arasındakı sərhədlərdə körpü salması ya divar hörməsini müəyyən edir.
Əlbəttə ki, Iranda fars olmayan millətlərə qarşı ayrıseçkiliklər struktural ayrıseçkilərdir və bir şəxsin prezidentliyi ilə o ayrıseçkilikləri aradan aparmaq mümkün deyil. Bu üzdən Pezeşkianın prezidentliyinin bəlli təsirləri olsa da, bu məsələnin həlli anlamında deyil. Ayrseçkiliklər neçə canlı canavarlar kimidir. Onlarla mübarizə rahat deyil.