AZ

Rusiya-Azərbaycan münasibətlərində gərginlik və etimad böhranı: səfərlər kifayətdirmi?

Rusiya-Azərbaycan münasibətlərində son dövrdə yaranan gərginliklər yalnız diplomatik səfərlərlə həll olunmayacaq dərin və struktur problemlərdən ibarətdir. İki ölkə arasında əsası sarsılmış etimadın bərpası, həm siyasi iradə, həm də ədalətli addımlar tələb edir. Hazırkı vəziyyət Rusiyanın Cənubi Qafqazdakı mövqeyinin zəiflədiyini göstərir və Azərbaycanla münasibətlərin strateji əhəmiyyətini bir daha gündəmə gətirir.

Mövzu ilə bağlı politoloq Fəqani Məhərrəmli Editor.az-a bildirib ki, Rusiyanın Fövqaladə Hallar naziri Aleksandr Kurenkovun yaxınlarda Bakıya səssiz-səmirsiz səfərinin nəticəsiz bitməsi gözlənilən idi:

 

“Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdəki gərginlik, keçən ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə başlayıb. Daha sonra Yekaterinburq və digər rus şəhərlərində azərbaycanlılara qarşı aparılan hüquqsuzluq, diskriminasiya və zorakılıq siyasəti vəziyyəti daha da ağırlaşdırdı.

Belə mürəkkəb və dərin problemlər yalnız bir nazirin səfəri ilə həll olunmaz. Rəsmi Bakının məsələyə yanaşması ardıcıl və prinsipialdır, bu da ölkə rəhbərliyinin mövqeyinin nə qədər möhkəm olduğunu göstərir. Onlarla azərbaycanlının faciəli ölümünə və yaralanmasına səbəb olan hadisədə günahkarların hələ də cəzalandırılmaması, eləcə də Rusiya rəhbərliyinin təyyarənin vurulması faktını qəbul etməməsi vəziyyəti daha da mürəkkəbləşdirir”.

F.Məhərrəmlinin sözlərinə görə, bu şəraitdə münasibətlərin yumşalmasından danışmaq sadəcə mümkünsüzdür:

“Ukraynada uğursuzluqlar, beynəlxalq sanksiyalar və Cənubi Qafqazdan çıxmaqla bağlı qərarlar Rusiyanın maraqlarına xidmət etmir. Dinc mülki insanlara qarşı yönələn bu təzyiqlər isə yalnız Rusiyanın itirməsinə səbəb olacaq.

Artıq Rusiya Cənubi Qafqazda ciddi hərbi-siyasi aktor deyil və gələcəkdə də bu mövqeyini bərpa edə bilməyəcək. Ancaq ucuz siyasi hesablar naminə Azərbaycan kimi strateji partnyoru itirmək bu ağır şəraitdə Rusiyaya baha başa gələ bilər.

Ümid edirik ki, Rusiyada ayıq düşünənlər tapılacaq və Azərbaycanla münasibətlərin normallaşması üçün real yollar axtaracaqlar”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr