"İran nəinki nüvə proqramı, həm də sui-qəsd, casusluq və kibermüharibə ilə gündəmdədir..."
İran rejimi Birləşmiş Krallıq üçün Rusiya və Çinlə yanaşı ən ciddi dövlət təhlükələrindən biridir.
Moderator.az xəbər verir ki, bu barədə Britaniya parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsi (ISC) tərəfindən açıqlanan yeni hesabatında deyilir. Məlumatı "lechaim.ru" nəşri yayıb.
Məlumatda deyilir ki, 260 səhifəlik sənəd gizli məlumatlar, MI5, MI6, Daxili İşlər Nazirliyi və Nazirlər Kabinetinin yüksək vəzifəli şəxslərinin müsahibələrinə əsaslanır. Hesabatda vurğulanır ki, İranın Britaniya ərazisində sui-qəsd, adam oğurluğu, casusluq və kibertəhdidlər həyata keçirmək niyyəti artmaqdadır.
2022-ci ildən bəri azı 20 sui-qəsd cəhdi olub
Məlumata görə, 2022-ci ilin yanvarından etibarən İran Britaniya vətəndaşları və ölkədə qanuni yaşayan şəxslərə qarşı azı 20 dəfə adam oğurluğu və ya sui-qəsd cəhdi edib. Bu hədəflər əsasən İran rejiminə müxalif dissidentlər və yəhudi icmalarına bağlı şəxslər olub. Məsələn, 2024-cü ilin mayında polis İsrailin Londondakı səfirliyinə hücum hazırlığında olan səkkiz iranlı şəxsi hücumdan bir neçə saat əvvəl saxlayıb.
Britaniya daxilində cinayətkar şəbəkələr
MI5 rəhbəri Ken Makkallumun sözlərinə görə, Tehran öz planlarını həyata keçirmək üçün beynəlxalq narkotacirləri və saxtakarları da daxil olmaqla kriminal strukturlardan geniş şəkildə istifadə edir. Hesabatda qeyd olunur ki, İranın əməliyyatları təkcə Avropanı deyil, həmçinin Asiya və Afrikanı da əhatə edir və bu fəaliyyətlər əsasən rejim tənqidçilərinə yönəlib.
İranın "asimmetrik strategiyası"
Kəşfiyyat sənədində İran "aqressiv kibersubyekt" kimi təsvir olunur. Tehran bu sahədə Rusiya və Çinlə müqayisədə bir qədər geridə olsa da, kibermüharibə sahəsində ciddi potensiala malikdir. Hesabatda vurğulanır: "İran total müharibədən yayınmağa çalışsa da, təsir dairəsini genişləndirmək və rəqibləri çəkindirmək üçün asimmetrik metodlara, o cümlədən terrorçu qruplaşmalar və bağlı silahlı şəbəkələrə üstünlük verir".
İranın təxribatına qarşı daha sərt mövqe gərəkdir
Parlamentin ISC Komitəsi və təhlükəsizlik qurumları Böyük Britaniya hökumətini İranın təxribat xarakterli fəaliyyətlərinə qarşı daha qətiyyətli mövqe tutmağa çağırır. Komitənin rəhbəri Kevan Cons bildirir: "İran bu gün Britaniya üçün mövcud olan bütün təhdid spektrlərində iştirak edir, bu təhlükəyə cavab verməyə yetərincə hazır deyilik".
SEPAH terror təşkilatı kimi tanına bilərmi?
Parlament üzvləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi rəsmi olaraq tanınmasını hökumətə təklif edib. Bu məsələ son illərdə Britaniya siyasətçiləri arasında da müzakirə mövzusu olub, lakin rəsmi qərar hələ verilməyib.
İranın hədəfində kim var və növbəti addım nə ola bilər?
Hesabatda deyilir ki, İran Böyük Britaniyanı "hiyləgər düşmən" kimi görür və İngiltərənin ABŞ və İsraillə ittifaqını zəiflətməyə çalışır. Britaniya hələlik Tehranın əsas hədəfi olmasa da, - bu mövqedə ABŞ, İsrail və Səudiyyə Ərəbistanı dayanır, - şərtlər tez dəyişə bilər. Hesabat Böyük Britaniyanın İranla bağlı strategiyasını köklü şəkildə dəyişməsinin zəruriliyini vurğulayır.