AZ

Vətən harayladı oğullarını

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Tahir RZAYEV Milli Məclisin deputatı, fəlsəfə doktoru

Qələbə eşqinə...

Vətən harayladı oğullarını,

Keçirdi zamanın sınaqlarından.

Analar dəfn etdi ağılarını,

Qələbə müjdəsin eşidən zaman.

Torpaq qucağını açdı vüqarla 

Qorudu, ucaltdı övladlarını.

Tarix bir inamla, min ehtiramla,

Yazdı sinəsinə mərd adlarını.

Kimsə yas tutmadı dərdi-sərinə,

Nəğməyə çevrildi ağı, şikəstə.

Göz yaşı, ah-aman, fəryad yerinə,

Gül-çiçək səpildi məzarlar üstə.

Qələbə eşqinə hər ata, ana

Dözdü əzablara möhkəm dayandı.

Onlar torpağını basıb bağrına,

Oğul əvəzinə Vətən qazandı.

Qurban olum

Mərd, mübariz oğulların

Qeyrətinə qurban olum

Döyüşlərdə yenilməyən

Cürətinə qurban olum.

Vətənimin camalına

Sülh, ədalət amalına

Ataların kamalına,

Hikmətinə qurban olum.

Rəhbərindən qüvvət alan

Haqq yolunda zəfər çalan

Xalqımızın hey ucalan

Şöhrətinə qurban olum.

İnsanlığa hörmətinə,

Tükənməyən sərvətinə

Azərbaycan millətinə,

Dövlətinə qurban olum.

Sənin

Düşmənləri gözlərindən

Vur, başına dönüm sənin

Haqq yolunda möhkəm dayan,

Dur, başına dönüm sənin.

İgid əsgər dayanma heç,

Sərhədləri vüqarla keç.

Yağıların qanını iç,

Qır, başına dönüm sənin.

Sülhə çağır hər bir kəsi

Haqq yolunda coşsun səsi.

Qarabağda toy məclisi

Qur başına dönüm sənin.

Ordum

Vətənimə, torpağıma,

Arxa-dayaq oldu ordum.

Haqq yolunda haqsızlığın,

Zəncirini qırdı ordum.

Sinəmizə dağ çəkəni

Evlər yıxıb qan tökəni

Ellərimə göz tikəni

Gözlərindən vurdu ordum.

Yollarını kəsdi şərin,

Qəm-kədərin, dərdi-sərin.

Ruhu gülür şəhidlərin

Haqqı haqdan sordu ordum.

Ataların, anaların

Balaların, sonaların

Gələcəyin, xoş anların

Keşiyində durdu ordum.

Bilməsək

Gözlər yol çəkəcək, qəlb alışacaq,

İnsanı düşünüb, duya bilməsək.

Dünya dağılacaq, çox qarışacaq.

Haqqı öz yerinə qoya bilməsək.

Ömrümüz, günümüz gedəcək bada,

Versək ixtiyarı nadana, yada,

Bədbəxtik vurulsaq şöhrətə, ada

Haram naz-nemətdən doya bilməsək.

Əgər hörmət qoysan Tahir, adına

Düşərsən hər zaman xalqın yadına.

Nadanıq dar gündə yetib dadına,

Vətənçün biz cana qıya bilməsək. 

Söz istəyirəm

İnsanlıq naminə hər bir insanı,

Əhdə, sədaqətə düz istəyirəm,

Yaxşını-yamanı, haqqı, divanı,

Düz görüb seçməyə göz istəyirəm.

Şükür bu taleyə, alqış bu günə,

Yerini göstərdik zalım düşmənə.

Sevgiyə, ülfətə, imana, dinə

Hər qəlbdə odlanan köz istəyirəm.

Elmdən, idrakdan, eldən güc alan,

Amalı həqiqət, ədalət olan

Xalqımın başını göyə ucaldan,

Mərd oğul, ismətli qız istəyirəm.

Qəlblərdə sülh, inam böyütmək üçün

Səadət uğrunda yol getmək üçün

Tahirəm, zalımı xar etmək üçün

Tanrıya sözüm var, söz istəyirəm.

Ayırsa

Tanrı insanlığı çəkər tarıma

Ürəkdən istəyi, sözü ayırsa.

Düşər ağır günə, çətin duruma

İnsan gözəllikdən gözü ayırsa.

Qoşadı, sirdaşdı sevinc ilə qəm,

Ay günə vurğundu, göy yerə həmdəm.

Zülmətə çevrilər bil ki, bu aləm

Çəməndən, çiçəkdən düzü ayırsa.

Tahir ürəklərdə ruh varsa əgər,

Yüz yaşda da belə sevməyə dəyər.

Gülüm, tənhalıqdan bezər, təntiyər

Dünya yetim qalar bizi ayırsa.

Baxmır

Fəsillər də dadın dəyişir bir-bir,

Bahar qışa dönür, qış sözə baxmır.

Daldan atılan daş topuğa dəymir

Ürəyə tuş gələr, daş sözə baxmır.

Aqillər bağında güllər əkirəm,

Nadanın bağrına dağlar çəkirəm.

İnsanlıq yolunda qan-yaş tökürəm,

Gözümdən süzülən yaş sözə baxmır.

Nadan abır-həya, səd, qada bilmir

Aqillər dərd çəkir, taleyi gülmür.

Qaş-gözlə, xoş sözlə işlər düzəlmir

Gözlər kara gəlmir, qaş sözə baxmır.

Öyünmə şöhrətlə, şanla, yeri yox,

Ya da ki, özünü danla, yeri yox.

Tahir çox odlanma, anla yeri yox

Artıq vaxt keçibdir, yaş gözə baxmır.

Peşmanam

Özünə dost bilmə hər dost deyəni,

Kişiyə əl uzat əl uzadanda.

Yarpaqlar, budaqlar qorumaz səni,

Kötükdən bərk yapış yıxılan anda.

Sədaqət, etibar hər kəsdə olmur,

Ara dost deyənin kökün, nəslini.

İnsanlar bir ruhda, həvəsdə olmur,

Çoxları unudur adın, əslini.

İnsan köçəridi, dünya əbədi

Yaxşının, yamanın bəllidir yeri.

İnsanın dünyaya verdiyi nədir?

Çalışır daha çox qaytarsın geri.

Ən yaxın dost, qardaş, arxa sandığı,

Dünyanı pis günə qoyubdu insan.

Dostlar dönük çıxıb, qonşular yağı,

Peşmanam dünyaya doğulmağımdan.

Deyil

Dünya çox gözəldi, sən dediyin tək,

Nadanın küy-kələk tələsi deyil.

Haqq desən haqqını Tanrım verəcək,

Bəd olsan taleyin güləsi deyil.

Nəslinin, kökünün yolunu tut sən

Xalqa xidmətinlə bil ki, böyüksən.

Qanmazın yolunda min cəfa çəksən, 

Yenə də qədrini biləsi deyil.

Malını-pulunu düşünsən ancaq

Səni unudacaq bu el, od-ocaq.

Dövrəndən insanlar uzaqlaşacaq

Qonşun da hayına gələsi deyil.

Tahir, ötər illər, dəyişər zaman,

Ancaq unudulmaz sənətkar bir an.

Xoşbəxtdir xalq üçün yazan-yaradan

Sənət daimidir öləsi deyil.

Dedilər

Canının qədrin bil, dərddən uzaq ol,

Dünya beşgünlükdür, boşdu dedilər.

Qanan öz ömrünün dəyərin bilər,

Qanmaza baharda qışdı dedilər.

Kimi bəd əməldən, şərdən yarıdı,

Kimi adın satdı, varın qorudu

Heyrətdən gözümün yaşı qurudu,

Zalımın ürəyi daşdı dedilər.

Hərə öz ağlından “pay” verdi mənə

Nadanlar dərdi də çox gördü mənə.

Dövran ağrılardan tor hördü mənə,

Yaxşıdı, gözədi, xoşdu dedilər.

Ürəyim titrədi, canım üzüldü,

Gözüm bir gözəli gördü süzüldü.

Misralar sinəmdən axdı, düzüldü

Tahir də yolunu çaşdı dedilər.

Seçmişəm

Bir ömürdü, bir kəfəndi, bir də mən

Bir ürəkdi, ruhdu, təndi, bir də mən

Bir torpaqdı, bir vətəndi, bir də mən

Vətən üçün kəfənimi seçmişəm.

Ədalətin zəncirini qırmışıq,

Ədalətdən möhkəm qala qurmuşuq.

Düşünmüşük, danışmışıq-durmuşuq

Köməyimə yetənimi seçmişəm.

Saxta dosta, sirdaşlara daş atdıq,

Yatan bəxti silkələdik, oyatdıq.

Müstəqillik istəyinə biz çatdıq.

Öz kökümü, öz tənimi seçmişəm.

Azərbaycan müqəddəsdir, uludur

Tutduğu yol azadlığın yoludur.

Tahir haqqın, sədaqətin quludur,

Cənnət üçün Vətənimi seçmişəm.

Bir gün

Var-dövlətə bel bağlama

Tanrı verib alar bir gün.

Yığdıqlarım əldən gedər

Başqasına qalar bir gün.

Bu dünyadı sirri dərin

Dəyəri var xeyrin, şərin.

Haqqı dansan sınar belin,

Gözün yaşla dolar bir gün.

Ağlı olan getməz küyə,

Nadan sığmaz yerə, göyə.

Zülm edənlər bir tikəyə

İnan möhtac olar bir gün.

Vicdan sussa qəlb dayanar,

Tahir, nifrət, şər oyanar.

Arif olsan xalqın anar

Səni yada salar bir gün.

Yox deməsək

Nəfsinə qul olanın,

Gözü kordu, dili lal.

Ürəyi təlatümlü

Ömrü-günü dərd-məlal.

Tamah açan qapını,

Şeytan bağlaya bilməz.

Haramla qazanılan

Asanlıqla yeyilməz.

Haçalaşıb dünyamız

Biri əyri, biri düz.

Harama yox deməsək

Puçdu gələcəyimiz.

Haram zillət, dərd, bəla,

Halallıq aydın sabah.

Bizi tamahımızdan,

Sən özün qoru, Allah!

Məni bağışla

Bağışla əzizim, məni bağışla

Bu gün görüşünə gələ bilmədim.

Bəlkə bu bağlıdı ürəklə, yaşla

Səbəbin özümdə bilə bilmədim.

Qəlbimi vermərəm inan heç kimə,

Mənə dönük demə, vəfasız demə.

Həsrəti, hicranı basdım köksümə,

Sənlə vüsalımı bölə bilmədim.

Gözündəki atəş, qəlbdəki peyman

Məni bir əsirə döndərib inan.

Nə qədər çalışdım yanaqlarından

Süzülən göz yaşın silə bilmədim.

Tahir sirrin açdı şeir dilində

Gözü gözlərində, əli belində

O gün eşq yolunda, sənin əlində

Ölmək istəyirdim, ölə bilmədim. 

Olub

Bir vaxt mənə doğma idi bu şəhər,

İndi yaman uzaqlaşıb yad olub.

Gözümdə yox gözəlliklər, gözəllər

Sanki şəhər özgələrə ad olub.

Dəniz dalğın, sahil sakit, sular lal

Gül-çiçəyin gözlərində dərd-məlal

Ürəyimi didir, üzür suallar

Xatirələr dodağımda dad olub.

Ayrılığa tabım yoxdu, dözmürəm

Dözməsəm də, ümidimi üzmürəm.

Bu möhnətdən, dərd-kədərdən bezmirəm

Eşqin mənə inam, ilham, od olub.

Gəldin mənə ömür, həyat gətirdin

Arzuları ünvanına yetirdin.

Həsrətimi gözlərimdən götürdün

Gəlişinlə Tahir yaman şad olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
525.az

1Mənbələr