AZ

İranın diplomatik ikiüzlülüyü


Səfir Sübhani niyə İrəvana xidmət edir?

İranın rəsmi siyasəti ilə diplomatlarının sərgilədiyi davranış arasındakı ziddiyyət artıq təkcə anlaşılmazlıq deyil – bu, planlı, sistemli və qərəzli davranış formasıdır. Son günlər İranın Ermənistandakı səfiri Mehdi Sübhani tərəfindən səsləndirilən fikirlər bunun ən açıq sübutudur. Səfir Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünü tənqid edərək, Azərbaycanın beynəlxalq tədbirini “qəbuledilməz” adlandırıb və bu bəyanatın guya İranın mövqeyini əks etdirmədiyini bildirib.
Bəs səfirin əsl niyyəti nədir? Diplomatik statusdan istifadə edərək Azərbaycan dövlətinə açıq şəkildə hörmətsizlik etmək?
Səfir İrəvanın sözçüsünə çevrilib
Mehdi Sübhani təkcə İranın Ermənistandakı səfiri kimi fəaliyyət göstərmir, sanki Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi funksiyasını icra edir. Onun açıqlamasında Azərbaycanın suveren ərazisində keçirilən beynəlxalq tədbirə qarşı yönəlmiş fikirlər yalnız təəssüf doğurmur – bu, birmənalı şəkildə İranın diplomatik etikasına və beynəlxalq hüquqa zidd davranışdır.
O deyir ki, “bu, İlham Əliyevin mövqeyidir, İƏT-in ümumi razılığı deyil”. Bu cür ifadə təkcə qeyri-peşəkar deyil, həm də İƏT kimi bir təşkilatın nüfuzuna qarşı açıq-aşkar hörmətsizlikdir. Təşkilatın sədri olan Azərbaycan Prezidentinə qarşı bu formada danışmaq həm diplomatik norma pozuntusudur, həm də İranın daxildə başqa, xaricdə başqa oynadığını sübut edir.
İranın məqsədi nədir: regionda sülh, yoxsa sabit pozuculuğu?
İran uzun illərdir regionda “sülh və sabitliyin tərəfdarıyıq” deyə bəyanatlar verir. Lakin real addımlar bunun tam əksini göstərir. Tehran rejimi Ermənistanla hərbi, siyasi və iqtisadi əməkdaşlığını genişləndirir, Zəngəzur dəhlizi əleyhinə çıxışlar edir və indi də səfiri vasitəsilə Azərbaycanın beynəlxalq platformalardakı uğurlarını gözdən salmağa çalışır.
Bütün bu gedişlər açıq şəkildə göstərir ki, İran bölgədə Azərbaycanın güclənməsindən narahatdır. Səfir Sübhani bu narahatlığı sözə çevirməklə əslində rəsmi Tehranın üzə çıxarmaq istəmədiyi fikirləri səsləndirir. Demək ki, İran hökumətinin “dostluq mesajları” yalnız saxta diplomatik vitrin rolunu oynayır.
Diplomatik səfir, yoxsa siyasi təxribatçı?
Bir ölkənin səfiri ev sahibi ölkədə öz dövlətinin maraqlarını qorumalıdır. Lakin Mehdi Sübhani öz postundan təhqiredici və provokativ ritorika üçün istifadə edir. Onun dili nə diplomatikdir, nə də neytral. Bu, açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir.
Sual yaranır: Əgər İran Prezidentinin və Xarici İşlər Nazirliyinin Azərbaycana yönəlik pozitiv bəyanatları varsa, bu səfir niyə əks mövqe nümayiş etdirir? Yoxsa bu, elə İranın rəsmi mövqeyidir, ancaq onu daha “yumşaq dillə” təqdim etməyə çalışırlar?

Əgər belədirsə, bu, İranın ikili siyasətini ifşa edir. Əgər belə deyilsə, İran dərhal bu səfirin fəaliyyətinə hüquqi və diplomatik qiymət verməlidir.
Nəticə: Azərbaycan səssiz qalmamalıdır
Azərbaycan diplomatik nota verməkdən çəkinməməlidir. İƏT Zirvə toplantısına qarşı yönəlmiş bu cür fikirlər təkcə Bakıya qarşı deyil, bütün təşkilata qarşı hörmətsizlikdir. İran diplomatının bu bəyanatlarına səssiz qalmaq, faktiki olaraq bu oyunlara göz yummaq deməkdir.
Azərbaycan dövləti konkret və qəti şəkildə bildirməlidir ki, səfirin bu tərzi nə dostluğa, nə də əməkdaşlığa xidmət edir. Bu cür ritorikaya cavab verilməzsə, İranın bölgədəki təxribatçı ritorikası daha da genişlənə bilər.
Vüqar VƏLİYEV

Seçilən
152
baki-xeber.com

1Mənbələr