AZ

“Əkinçi”nin ruhu hələ də yaşayır -FOTO

Mətbuat millətin qürur tarixidir

 Bu gün Azərbaycan Mətbuat Şurasında milli mətbuatımın 150 illik yubileyinə həsr olunan tədbir keçirilib. Konfrans “Azərbaycan Türk Ocağı” İctimai Birliyinin təşəbbüsü ilə “Turan işığında 150 il” layihəsi çərçivəsində baş tutub.
Toplantını giriş sözü ilə açan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov qeyd edib ki, milli mətbuat tarixini əhatə edən bu cür təşəbbüslər yalnız tarixi xatırlamaq deyil, eyni zamanda gələcək nəsillərə milli düşüncənin ötürülməsi baxımından əhəmiyyətlidir:
“Mətbuat bir millətin aynasıdır. Onun keçdiyi yol, çəkdiyi zəhmət, qoruduğu dəyərlər bugün informasiya cəmiyyətində daha da aktuallaşır”.

Tədbirin əsas məruzəçisi – “Şərq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı olub. O, tədbirin və layihənin adını daşıyan “Turan işığında 150 il” kitabının ərsəyə gəlmə prosesindən danışaraq vurğulayıb ki, əsər yalnız faktlara söykənən xronoloji icmal deyil, həm də milli mətbuatın maarifçilik missiyasının dərin təhlilidir.

“Bu nəşrdə “Əkinçi”dən başlayaraq sovet dövrünə qədər fəaliyyət göstərmiş qəzet və jurnalların tarixi konkret sənədlərlə əks olunub. Mətbuat bizim milli dirçəliş yolumuzun ilk addımıdır”, – deyə A.Aşırlı bildirib.
O, çıxışında Ünsizadə qardaşlarının “Ziyayi-Qafqaziyyə” qəzeti vasitəsilə 1854–1933-cü illər ərzində milli kimlik ideyasının təməlini qoyduğunu xüsusi qeyd edib. Eyni zamanda Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun ədəbi dilin qorunması və milli ideologiyanın formalaşmasındakı roluna diqqət çəkib.

Akif Aşırlı M.Ə.Rəsulzadənin 1915-ci ildə nəşr etdirdiyi “Açıq söz” qəzetindən də bəhs edib:
“Bu qəzet təkcə Azərbaycan türklərinin deyil, ümumən Rusiyada yaşayan türklərin milli varlığı və gələcəyi üçün fundamental bir tribunaya çevrilmişdi”.

Tədbirdə çıxış edən jurnalist və hərbi-siyasi ekspert Həşim Səhrablı maarifçilik ideyasının tarixi dəyərdən daha çox, bu günün və gələcəyin əsas ideoloji dayağı olduğunu bildirib.
“Əli bəy Hüseynzadə mətbuatda qarşısına üç əsas sual qoymuşdu: Hansı sahədə, necə çalışmalı və nə qazanmalıyıq? Cavabı isə özü vermişdi – maarifçilik, birlik, hürriyyət”.

H.Səhrablı Azərbaycan Xalq Cümhuriyyətinin mətbuat sayəsində formalaşdığını vurğulayaraq bildirib ki, bu gün milli mətbuat yeni informasiya mühitində daha böyük məsuliyyət daşıyır:
“Əgər bir əsr öncə biz imperiyalara qarşı ideoloji mübarizə aparırdıqsa, bu gün informasiya cəbhəsində Şərq və Qərb, Şimal və Cənub arasında milli-mədəni kimliyimizi qorumaq kimi missiyamız var”.
Tədbirdə çıxış edən Xalq artisti Əminə Yusifqızı da A.Aşırlının mətbuat tarixi sahəsindəki xidmətlərini xüsusi qeyd edib. O, müasir dövrdə qəzet oxucusuna marağın azalmasından narahatlığını ifadə edərək bildirib ki, bu sahəyə diqqət artırılmalıdır:
“Qəzet mətbuatın özəyidir. Onu yaşatmaq üçün dövlət dəstəyi, oxucu inamı və media ictimaiyyətinin səfərbərliyi vacibdir”.

Toplantının digər iştirakçıları – “Zəfər” liseyinin baş icraçı direktoru Tural Abasquliyev və jurnalist, şair Elman Eldaroğlu Azərbaycan mətbuatının 150 illik təcrübəsinin yeni media dövrü üçün strateji baza rolunu oynadığını bildiriblər.

Çıxış edən gənc jurnalistlər də ölkənin informasiya mühitinə töhfə verməyə hazır olduqlarını bəyan ediblər.
Tədbirin sonunda iştirakçılar birgə xatirə şəkli çəkdirərək konfransı yekunlaşdırıblar.

Aybəniz Səfərova




Seçilən
120
sherg.az

1Mənbələr