AZ

Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...


Təbriz Musayev: “Bütün bu uğurların memarı Prezident Əliyevdir”

Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2025-ci il iyulun 10-da Əbu-Dabidə baş tutan görüş Cənubi Qafqazın siyasi tarixində yeni səhifə açır.

Bu görüş, uzun illər beynəlxalq vasitəçilərin iştirakı ilə nəticəsiz qalan danışıqlardan fərqli olaraq, tərəflərin birbaşa iradəsi və məsuliyyəti əsasında irəliləyən, nəticə yönümlü formatın mümkünlüyünü ortaya qoyur. Görüşün artıq ilkin nəticələri də məlum olub. Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin paraflanması kimi strateji məsələlərin müzakirəsi onu göstərir ki, artıq texniki detallardan siyasi qərarlara qədər bütün spektr ikitərəfli formatda həll edilməkdədir.

Onu da qeyd edək ki, 44 günlük şanlı Vətən müharibəsindən sonra Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyini birmənalı olaraq olaraq dayandırdı. Çünki Minsk Qrupunun 28 illik vasitəçiliyi Qarabağ münaqişəsinin həllinə yox, işğalın legitimləşdirilməsinə xidmət edirdi. Ona görə də Azərbaycan güc yolu ilə ərazilərini işğaldan azad edərək səmərəsiz danışıqlara son qoydu. Vətən müharibəsindən sonra Avropa İttifaqının və Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan dövlət başçıları arasında müəyyən danışıqlar keçirilib. Lakin Azərbaycan 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror əməliyyatları nəticəsində Qarabağda suverenliyini tam bərpa edəndən sonra ümumiyyətlə, vasitəçilərdən imtina etdi. Ondan sonra Ermənistanla aparılan birbaşa danışıqlar nəticəsində Ermənistanla sərhədin müəyyən hissəsi delimitasiya edildi, humanitar və digər məsələlər həll edildi. Bir sıra beynəlxalq görüşlərdə İlham Əliyevlə Nikol Paşinyanın təkbətək görüşü olub. Ən nəhayət, ilk dəfə Ərəb ölkəsi olan Birləşmiş Ərəb Əmirliyində iki dövlət başçısı bir araya gələrək bir sıra məsələləri razılaşdırıblar.

Bütün bu deyilənlərin fonunda, Azərbaycan-Ermənistan danışıqlarının Əbu-Dabi görüşü kimi əhəmiyyətli nöqtəyə gəlib çıxmasında İlham Əliyevin təşəbbüs və səyləri nə kimi rol oynadı?

“Qazaxın 4 kəndinin döyüşsüz işğaldan azad edilməsi, digər uğurlar və ən nəhayət Əbu-Dabi görüşü bu siyasətin parlaq nəticəsi idi”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev bildirdi ki, bütün bu uğurların memarı Prezident Əliyevdir: “Bu kimi məsələlərdə güclü və ağıllı lider anlayışı çox önəmlidir. Azərbaycan müstəqillik qazananda ölkəyə güclü lider rəhbərlik etsəydi, Qarabağı ermənilər işğal edə bilməzdilər. Prezident İlham Əliyev mümkünsüzü reallığa çevirdi. 1994-cü ilin mayından, 26 ildən çox idi ki, ərazilərimiz işğal altında idi. Bir çoxları mənasız danışıqlardan bezib torpaqların azad ediləcəyinə inamını itirmişdi. Ancaq Əliyevin bacarıqlı və uzaqgörən siyasəti nəticəsində uğurlu geosiyasi məqam yarandı və ərazilərimizi ordumuz azad etdi. Həmin 44 gün ərzində xaricdən ciddi təzyiqlər oldu, amma Prezident Əliyev buna dözdü. Sona qədər getdi. 2020-ci ilin 10 noyabrında uğurlu siyasi gediş edərək müharibəni dayandırdı və sülhməramlıların ora yerləşməsinə razılıq verdi. Ən nəhayət, 2023-cü ilin sentyabrında Qarabağda suverenliyimiz bərpa edildi. 2024-cü ilin aprelində Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağdan çıxarıldı. Vətən müharibəsindən sonra həm Ermənistan, həm onların havadarları vasitəçilərin iştirakı ilə danışıqların keçirilməsinə, Minsk Qrupunun qalmasına çalışdılar. Ancaq məhz Prezident Əliyevin qətiyyəti sayəsində bu baş tutmadı. Azərbaycan birmənalı olaraq vasitəçilər olmadan danışıqlara üstünlük verdi. Qazaxın 4 kəndinin döyüşsüz işğaldan azad edilməsi, digər uğurlar və ən nəhayət Əbu-Dabi görüşü bu siyasətin parlaq nəticəsi oldu”.

Vidadi ORDAHALLI

Seçilən
25
baki-xeber.com

1Mənbələr