AZ

Aqrar sığorta ödənişlərinin və subsidiyaların həcmi xeyli artıb

Bu, bir həqiqətdir ki, yalnız risklərdən sığortalanmağı bacaran fermerlər uğur qazana bilirlər

Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən səmərəli layihələr həyata keçrilir. Xüsusilə bu sahəyə tətbiq edilən vergi güzəştləri, hər il ayrılan subsidiylar, hətta kənd təsərrüfatı məhsullarına dövlət aqrar sığortasının tətbiqi deməyə imkan verir ki, ölkə fermerləri hərtərəfli qayğı ilə əhatə olunublar.  Vurğulamaq lazımdır ki, cari ildə də fermerlərə yazlıq əkinlər üçün dövlət subsidiyaları ayrılıb. Kənd Təsərrüfatı Nazirliyinin  Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun olaraq əkin sahələrinin hər hektarına görə fermerlərə subsidiyalar ayırır. Yazlıq əkinlərə pambıq, qarğıdalı, günəbaxan, kartof, yazlıq arpa və buğda, tərəvəz, bostan və s. bitkiləri aiddir.

Subsidiya almaq üçün müraciət prosesi elektronlaşdırılıb. Qanunvericiliyə əsasən, 5 hektardan artıq sahədə aparılan əkinlər aqrokimyəvi analiz və 10 hektarlıq əkinlər, eləcə də yeni salınan meyvə bağları sığorta predmeti hesab olunur. Bu səbəbdən də yazlıq əkin aparan fermerlər torpaq nümunələrindən analiz verməli və əkinlərini 50 faiz dövlət dəstəyi ilə sığortalamalıdırlar

Eyni zamanda, ölkəmizdə dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə pambıq sahələrinin sığortalanması prosesinə start verilib. Fermerlər dövlətin 50 faizlik sığorta haqqı dəstəyindən istifadə etməklə pambıq sahələrini sərfəli şərtlərlə sığorta edə bilərlər.

Bu, bir həqiqətdir ki, yalnız riskləri diqqətdə saxlayaraq onlardan  sığortalanmağı bacaran fermerlər uğur qazana bilirlər. İndi feremerlərin qarşısında duran əsas məsələlərdən biri də məhsullarını gözləyən təhlükələrdən sığortalanmaqdır. Ona görə ki, onların  əksəriyyətinin sığortası olmadığından belə riskli vəziyyətlə qarşılaşdıqda dəymiş zərəri özləri qarşılamaq məcburiyyətindədirlər. Təbii ki, bu kimi problemlərin həlli üçün fermerlərdən yalnız işgüzarlıq deyil, həm də daha ciddi təşəbbüs də tələb edilir. Bu,  aqrar sığortanı işgüzar həyatlarına daxil etmələridir.

Azərbaycan Sığorta Fonvunun  (ASF) mətbuata açıqlamasında bildirilir ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi üzrə sığorta ödənişləri hər il artır, sığortadan faydalanan fermerlərin sayı çoxalır. Belə ki, 2024-cü il ərzində müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş fermer və təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən 6 milyon 423 min manat məbləğində aqrar sığorta ödənişi edilib. Bu, Aqrar Sığorta Fondunun fəaliyyətə başlamasından sonra qeydə alınan ən böyük illik sığorta ödənişi məbləğidir.

Xüsusi qeyd etmək lazımdır ki, 2025-ci ilin ötən dövründə Azərbaycanda aqrar sığorta ödənişlərində rekord göstərici qeydə alınıb. Belə ki, bu barədə Aqrar Sığorta Fondundan məlumat verilib. Məlumatda bildirilir ki, bu ilin yanvar-iyun aylarında müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara ümumilikdə 4 milyon 435 min manat aqrar sığorta ödənişi həyata keçirilib. Ötən ilin eyni dövrünə nisbətən ümumi sığorta ödənişlərində 55 %, əkin sahələri üzrə sığorta ödənişlərində isə təqribən 2 dəfə artım baş verib. Xatırladaq ki, 2024-cü ilin müvavfiq dövründə ölkədə 2 milyon 864 min manat sığorta ödənişi həyata keçirilmişdi.

Fondun məlumatına görə, yanvar-iyun aylarında həyata keçirilən 4 milyon 435 min manatı sığorta ödənişindən 4 milyon 246 min manat əkin sahələri üzrə, 189 min manat sığorta ödənişi isə heyvandarlıq təsərrüfatları üzrə həyata keçirilib. Təqribən 17 min hektar əkin sahəsində baş verən hadisələrə görə aqrar sığorta ödənişləri ötən illə müqayisədə 90 % artaraq indiyəədək ən yüksək həddə çatıb. Xatırladaq ki, 2024-cü ilin ilk yarım ilində əkin sahələri üzrə 2,2 milyon manat sığorta ödənişi edilmişdi.

Məlumata görə, ilk yarım ildə ən böyük sığorta ödənişləri buğda-arpa (2,5 milyon manat), pambıq (577 min manat), qarğıdalı (447 min manat), günəbaxan (196 min manat) və tütün bitkiləri (174 min manat) üzrə həyata keçirilib. Bundan başqa, ilk yarım ildə meyvə bağları üzrə 170 min manata yaxın sığorta ödənişi edilib. Yanvar-iyun aylarında ən çox sığorta ödənişi həyata keçirilən rayonlar arasında Füzuli (645,5 min manat), Ağcabədi (607,4 min manat), Tovuz (322 min manat), Tərtər (301 min manat) və Ağsu (273 min manat) və başqalarını qeyd etmək olar.

Faktlardan və rəqəmlərdən də göründüyü kimi, kənd təsərrüfatında sığorta olduqca vacibdir. Çünki kənd təsərrüfatı digər sahələrlə müqayisədə daha riskli sahə olduğundan burada sığortasız gəlir əldə etmək çətindir.  Eyni zamanda, risklər sığortalanarsa kreditləşmə, investisiya qoyuluşu da stimullaşacaq. Diqqəiçəkən faktdır ki, heç bir ölkədə sığorta sistemi olmadan aqrar sahəyə kütləvi və davamlı kredit qoyuluşu reallaşmır.

Elçin Zaman, «İki sahil»

Seçilən
21
ikisahil.az

1Mənbələr