AZ

40 illik kabus bitir: Silahlar yandı, planlar da yandı

PKK tarixin arxivinə gedir, Bakı və Ankara bölgədə oyunu dəyişdi

PKK terror təşkilatı silahları yerə qoymağa başlayıb. İlk mərasim İraqın şimalındakı Süleymaniyyə şəhərində keçirilib. Silahburaxma mərasiminə 15 qadın və 15 kişi olmaqla ümumilikdə 30 təşkilat üzvü qatılıb. 30 PKK üzvü könüllü şəkildə təslim olaraq silahlarını təhvil veriblər. Simvolik mərasim zamanı təhvil verilən silahlar böyük metal qazanda yandırılıb. 

Bu rəmzi addım prosesin dinc şəkildə aparıldığını və qarşılıqlı anlaşma ruhunda həyata keçirildiyini göstərmək məqsədi daşıyır. Proses Türkiyə tərəfindən də yaxından izlənilib. Jesana bölgəsində keçirilən mərasimdə 150 nəfərlik türk nümayəndə heyətinin iştirak etdiyi bildirilib. PKK-nın silahları təhvil verməsi prosesi sentyabr ayının sonlarına qədər tam şəkildə yekunlaşdırılacaq. Ankara, Ərbil və Bağdad idarələrinin koordinasiyası ilə silahların təhvil veriləcəyi nöqtələrin yaradılması və təşkilatın bu ərazilərdə silahlarını təhvil verməsi nəzərdə tutulur. Mərasimdən əvvəl PKK lideri Abdullah Öcalanın 9 iyulda ictimaiyyətə mesajı açıqlanmışdı. Öcalan PKK-nın milli dövlətçilik məqsədindən imtina etdiyini demişdi. 

Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, PKK-da 30 nəfərlik ilk qrupun silahı buraxması ilə qruplaşmanın ləğvi qərarı praktiki mərhələyə keçdi. Ekspert vurğulayıb ki, bu mərhələnin davamında müəyyən problemlər yaşana, kiçik qruplar prosesi pozmağa çalışa bilər, lakin PKK-nın əvvəlki dövrə qayıtmasının çətin olacağı məlumdur: 

"Silahların məhz yandırılması da simvolik xarakter daşıyır. Bu, yenidən silahlanmayacaqları deməkdir. Azərbaycanın Qarabağı azad etməsi və erməni separatizmini sıradan çıxarmasından sonra Türkiyənin də PKK problemini həll etməsi, daha doğrusu, etməyə başlaması iki müttəfiqin regionda hakim mövqeyini gücləndirən amildir. Çünki indiyə qədər maraqlı tərəflər Qarabağın işğalını-erməni separatizmini Bakıya, PKK-nı Ankaraya qarşı “buxov” kimi istifadə etməyə çalışırdı. Bu “buxov”ların qırılması dövlət başçısı İlham Əliyevin dediyi kimi,  Azərbaycanın da  yeri olan  Türk ailəsi, Türk birliyi sözlərinin reallıq perspektivini gücləndirir". 

Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, terrorçu PKK-nın silahları təhvil verməsi Türkiyənin bölgədə artan rolundan xəbər verir. Ekspertin sözlərinə görə, PKK terrorçularının silahları təhvil verməyə başlaması Türkiyəni 40 ildir məşğul edən əsas problemdən qurtulmasına imkan verəcək: 

"Bu prosesi pozmaq istəyənlər kənar qüvvələr var olsa da, terror Türkiyənin gündəmindən çıxmaq üzrədir. PKK-dan Türkiyəyə qarşı daha kimlər istifadə etmədi ki? Rusiya, ABŞ, Yunanıstan, Fransa, Almaniya, İran, İsrail, Kipr Yunan Respublikası, hətta Ermənistan, bu dövlətlər imkanları daxilində PKK-nın ayaqda durmasına dəstək verdilər. Ankara terrorçuları tərksilah etməklə həmin dövlətlərin Türkiyə əleyhinə istifadə etdiyi aləti əllərindən almış olacaq".

Seçilən
6
sherg.az

1Mənbələr