ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynaya qarşı yeni addımlar atmaq niyyətində olduğunu bildirib. Bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Rusiyanın Ukraynada mülki obyektə zərbə endirdiyi barədə suala cavabında Tramp qısa şəkildə “Bilirəm. Bir şey olacağını görəcəksiniz” deyə cavab verib. Lakin ABŞ lideri konkret hansı addımların atılacağını açıqlamayıb. Maraqlıdır, “Trampın “bir şey olacağını görəcəksiniz” bəyanatı ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə müdaxilə strategiyasında hansı dəyişiklikləri ehtimal etdirir? Bu, münaqişənin dinamikasına necə təsir göstərə bilər?”
Mövzu ilə bağlı politoloq Taleh Əliyev KONKRET.az-a açıqlamasında bildirib ki, Donald Tramp prezident postuna qayıtdıqdan sonra Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün, xüsusilə də Rusiyanın maraqları nəzərə alınmaqla, danışıqlara üstünlük verməyə çalışıb.
Taleh Əliyev
Onun sözlərinə görə, Tramp həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Volodimir Zelenski ilə birbaşa əlaqələr qurub, lakin bu danışıqlar gözlənilən nəticəni verməyib:
“Rusiya tərəfi bu danışıqlarda öz maraqlarının tam təmin olunmadığını görərək Ukraynanın qalan hissəsini ya işğal etmək, ya da neytral bir zonaya çevirmək istədi. Bu isə Trampı çətin vəziyyətə saldı və nəticədə ABŞ-ın yanaşmasında dəyişikliklər müşahidə olunmağa başladı”.
Taleh Əliyev qeyd edib ki, artıq ABŞ Senatı Ukraynaya yardım paketi ayırıb, Dövlət katibi isə silah yardımının dayandırılmayacağını bəyan edib. Bu, ABŞ-ın yenidən sərt sanksiyalar siyasətinə qayıtmaq niyyətində olduğunu göstərir:
“Rusiyanın may ayında İstanbulda baş tutan danışıqlardan sonra yenidən masa arxasına oturmağa hazır olduğunu bildirməsi və son dövrlərdə artan artilleriya və dron hücumları göstərir ki, ABŞ, xüsusilə də Tramp Rusiyaya qarşı əvvəlki sərt mövqeyinə qayıtmaq məcburiyyətində qalır. Bu isə müharibənin gedişində yeni mərhələnin başlanğıcı ola bilər,” – deyə politoloq vurğulayıb.
Ekspertin fikrincə, Trampın hakimiyyətə gəlişindən sonra Avropa ölkələrinin Ukraynaya hərbi və maliyyə dəstəyində fəallaşması da diqqət çəkir. Əgər ABŞ yenidən sanksiyalar siyasətini gücləndirərsə, bu, Avropanı da Rusiyaya qarşı daha sıx birləşdirə bilər:
“Bütün bu proseslər Ukrayna-Rusiya müharibəsinin coğrafiyasının genişlənməsinə, hətta ölkə sərhədlərini aşa biləcək bir mərhələyə keçməsinə səbəb olar ,” – deyə Taleh Əliyev fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az