BAKI, TurkicWorld
Bayraktar TB2 sayəsində Marmarisdə meşə yanğınının qarşısı alınıb
TurkicWorld xəbər verir ki, Muğlanın Marmaris rayonunda bağ təmizliyi zamanı çıxan yanğın Bayraktar TB2 pilotsuz uçuş aparatı (PUA) tərəfindən vaxtında aşkar edilib və meşəlik əraziyə keçmədən söndürülüb.
Bu barədə Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı sosial media hesabında məlumat yayıb. O, yaşıl vətənin qorunmasında texnologiyanın və erkən müdaxilənin əhəmiyyətini vurğulayıb: “Bağ tullantılarının yandırılması nəticəsində baş verən yanğın Bayraktar TB2 İHA tərəfindən aşkarlanaraq dərhal nəzarət altına alınıb. Quru qruplarımızın sürətli müdaxiləsi ilə meşəlik sahəyə keçmədən söndürülüb. Yanğını törədən şəxs barəsində hüquqi tədbirlər görülüb.”
Nazir Yumaklı bildirib ki, hazırda ölkə üzrə 14 pilotsuz uçuş aparatı və 776 müşahidə qülləsi ilə yanğınlar orta hesabla iki dəqiqə ərzində aşkarlanır. Onun sözlərinə görə, hər gün onlarla yanğın erkən müdaxilə ilə nəzarət altına alınır və müvafiq qüvvələr oktyabrın 15-nə qədər tam hazırlıq vəziyyətindədir.
Nazir əhaliyə çağırış edərək, hava temperaturunun artdığı günlərdə açıq havada od qalamasından çəkinməyi və yaşıl təbiəti qorumağa töhfə verməyi tövsiyə edib.
Qeyd edək ki, Türkiyə meşə yanğınlarının qarşısının alınması məqsədilə Bayraktar TB2 kimi texnoloji vasitələrdən geniş şəkildə istifadə edir və bu, erkən xəbərdarlıq və reaksiya müddətini əhəmiyyətli dərəcədə qısaldır.