AZ

Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər belə olacaq…

“Comex” birjasında 2025-ci ilin sentyabrında tədarükü üçün nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti 21 sentyabr 2011-ci ildən bəri ilk dəfə olaraq 39 dolları ötüb. Bu bahalaşma təkcə qlobal bazarları deyil, həm də Azərbaycan və region ölkələrinin iqtisadiyyatını təsir altına almaqdadır. Maraqlıdır, Gümüş və qızılın bahalaşması Azərbaycanda və regionda zərgərlik, elektronika və sənaye məhsullarının qiymətlərinə necə təsir edə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qızıl və gümüşün bahalaşması zərgərlik məhsullarının qiymətlərini artırıb və bu tendensiyanın təsirləri artıq uzun müddətdir hiss olunur:

Xalid Kərimli

“Hazırda zərgərlik məmulatları kifayət qədər bahadır. Bahalaşmanın əsas səbəblərindən biri də məhz qızıl və gümüş qiymətlərindəki artımdır. Qızıl əsasən zinət əşyalarında istifadə olunur və sənayedə rolu azdır. Lakin gümüşün sənayedə mühüm əhəmiyyəti var”.

Xalid Kərimlinin sözlərinə görə, gümüş müxtəlif sənaye və elektronika məhsullarında istifadə olunduğuna görə, onun qiymətindəki artım bu sahələrdə istehsal olunan məhsulların maya dəyərini də artıracaq:

“Gümüş texnologiya və elektronika sektorunda geniş istifadə olunur. Buna görə də qiymət artımı bu məhsulların satış qiymətinə birbaşa təsir göstərir. Gümüşdən nə qədər istifadə olunursa, qiymətə təsiri də o qədər yüksək olur”.

Beləliklə, qiymətli metalların bahalaşması fonunda Azərbaycanda zərgərlik əşyaları ilə yanaşı, bəzi sənaye və elektronika məhsullarında da qiymət artımı gözlənilir. Bu isə həm istehlakçılar, həm də yerli istehsalçılar üçün yeni çağırışlar deməkdir.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
1
1
konkret.az

2Mənbələr