Alkoqollu içkilər bədəndə su-duz balansını pozaraq şişkinliyə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, bu barədə “Alkomed” klinikasının psixiatr və narkoloqu Andrey Tyurin məlumat verib. O, ən çox şişkinliyə səbəb olan spirtli içki növünü açıqlayıb.
Pivə bədəni daha çox şişirdir
Həkimin sözlərinə görə, spirtli içkilər böyrəklərə və sidik ifrazı sisteminə əlavə yük yaradır. Bu, orqanizmdə maye yığılmasına səbəb olur. Əgər alkoqol duzlu və yağlı qidalarla birlikdə qəbul edilərsə, şişkinlik daha da güclənir.
Narkoloq pivəni bədəndə ən çox şişkinlik yaradan içki kimi qeyd edib. “Pivə içildikdən sonra etanolun böyrəklər və qan damarlarına təsiri nəticəsində orqanizmdə maye tutulması baş verir. Bundan başqa, pivənin tərkibindəki əlavə maddələr – xüsusilə çirklər və konservantlar – qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərir. Bu da artıq şişkinliyə səbəb ola bilər”, – deyə Tyurin bildirib.
Şampan və ağ şərab da risk yaradır
Həkim əlavə edib ki, şampan və ağ şərab da şiddətli şişkinlik törədə bilər. Bu içkilərin tərkibindəki şəkər və sulfitlər, onların asanlıqla və çox miqdarda içilməsinə səbəb olur. Nəticədə, həddindən artıq spirt qəbul edilir və bu da ertəsi gün bədəndə nəzərəçarpacaq dərəcədə şişkinliklə müşayiət olunur.
Tərcümə: Könül Oruc
E-saglam.az