AZ

Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir


Uca Yaradan insanı bu kainatın ağlı və ruhu kimi yaratmış, onu yer üzündə Özünün xəlifəsi elan etmişdir. Amma bu ilahi lütf, insanın davranış və münasibətlərində məsuliyyət və ibrət alma borcunu da şərt qoyur. Qurani-Kərimdə “Biz hər şeyi sizin üçün yaratdıq ki, düşünəsiniz” – buyurulur. Deməli, heyvanlar aləmi də insan üçün yalnız təbiət sisteminin bir halqası deyil, həm də tükənməz mənəvi dərs kitabıdır.

Məsələn, bal arısından zəhmətkeşlik və təşkilatlanmağı, qarışqadan uzaqgörənliyi və ehtiyatçılığı, hörümçəkdən toxumağı, qarğadan isə ölünü dəfn etməyi öyrənən insan indi canavardan ailə sədaqətini və qonşuluq haqqını öyrənməlidir.

Ailə sədaqətində canavarın dərsi

Təbiətdə az sayda heyvanlar ömür boyu yalnız bir partnyorla birlikdə yaşayır. Canavarlar isə bu azlığın içindədir. Dişi canavar öz erkəyinə sadiq qalır, bir ömürlük ona bağlanır və xəyanət etmir. Bu sədaqət nümunəsi, əslində, Allaha inanan və mənəviyyat sahibi olan insan üçün çox böyük ibrətdir.

Cəmiyyətin əsas sütunu olan ailənin dağılmasının, boşanmaların və xəyanətlərin artmasının kökündə bu sədaqət ruhunun itməsinin dayandığını görəndə, istər-istəməz düşünürsən:
Niyə insan bu qədər ucaldıldığı halda, sədaqətdə bir canavar qədər ola bilmir?

Qonşuluq münasibətlərində canavarın əxlaqı

Canavar haqqında çox yanlış fikirlər mövcuddur: sanki o, hər şeyə hücum edən vəhşi bir məxluqdur. Halbuki, müşahidələr və çobanların təcrübəsi göstərir ki, canavar öz yaşadığı əraziyə və oradakı heyvanlara zərər vermir. Əksinə, o bölgədəki sürüləri başqa yırtıcılardan qoruyur. Ov etmək üçün kilometrlərlə uzaqlara gedər, öz qonşuluğuna toxunmaz.

Bu davranış, insan cəmiyyətinə böyük bir dərsdir:
Qonşunun malına göz dikmə, əmlakına müdaxilə etmə, ona zərər vermə!

Bugünkü insan və qonşuluq haqqının it(irl)məsi

Bugünkü kənd və şəhər həyatında qonşuluq münasibətləri ciddi böhrandadır. Qonşu qonşuya torpaq üstündə, yol üstündə, hasar üstündə zülm edir. Bəzən bir metr torpaq üçün illərlə küsülülük, düşmənçilik yaranır. Hətta, valideynlər öləndə belə, onların etdikləri haqsızlıqları düzəltmək əvəzinə, övladlar ehsanla guya savab qazanmağa çalışırlar. Halbuki, ilk ehsan qonşudan halallıq almaqdır.
Peyğəmbər (s) buyurur:
“Cəbrayıl o qədər qonşu haqqından danışdı ki, elə bildim, qonşunu vərəsə edəcək.”

Quranın çağırışı: yaxşılığa çağıranlar olun

Allah-Təala buyurur:
“İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən nicat tapmış şəxslərdir.” (Ali-İmran, 104)

Deməli, sədaqət, ədalət, qonşuluq, halallıq kimi dəyərləri yaşadan və təbliğ edən insanlar həm bu dünyada, həm də axirətdə nicat taparlar. Bu dəyərləri itirənlər isə, çox böyük zərərə uğrayar.

Canavar, sədaqətin və əxlaqlı qonşuluğun simvoludur. İnsan isə, yaradılışda bu qədər ucaldıldığı halda, bəzən bu yırtıcıdan belə geri qalır. Əgər biz ailədə canavar qədər sədaqətli, qonşuluqda isə onun qədər etibarlı ola bilsək, həm fərd olaraq, həm də cəmiyyət olaraq nicat taparıq.

Unutmayaq: Qonşudan halallıq almadan, heç bir ehsan qəbul olunmaz.
Allah bizi canavardan öyrənəcək qədər təvazökar, onun qədər də mərd etsin.

Paşa Yaqub
Həkim, elmi-lədun bilicisi

Seçilən
1
baki-xeber.com

1Mənbələr