Rusiya Müdafiə Nazirliyi Rusiya Hərbi Dəniz Qüvvələrində 2018-ci ildən təmirdə olan yeganə təyyarədaşıyan “Admiral Kuznetsov” gəmisini bərpa etməkdən imtina edə bilər.
“Moskva Tayms” mənbələrə istinadən xəbər verir ki, gəminin təmiri və modernləşdirilməsi dayandırılıb və onun gələcək taleyi ilə bağlı yaxın vaxtlarda qərar veriləcək.
Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanlığının və kreyserin bərpasında iştirak edən Birləşmiş Gəmiqayırma Korporasiyasının nümayəndələri hazırda təyyarədaşıyan gəminin donanmaya qaytarılıb-qaytarılmaması məsələsini müzakirə edirlər.
Rusiya Sakit Okean Donanmasının keçmiş komandanı admiral Sergey Avakyants təmir işlərinin davam etdirilməsindən imtinanı “tamamilə düzgün” adlandırıb.
Onun fikrincə, Rusiya donanmasının modernləşdirilmiş “Admiral Kuznetsov”a belə ehtiyacı yoxdur, çünki bu, çox bahalı və səmərəsiz dəniz silahıdır.
"Təmirə davam etməmək qərarı verilsə, geriyə "Admiral Kuznetsovu doğrayıb məhv etmək qalacaq" - deyə Avakyants bildirib.
“Admiral Kuznetsov” kreyseri iri yerüstü hədəfləri məhv etmək, dəniz birləşmələrini düşmən hücumlarından qorumaq və desant əməliyyatlarını dəstəkləmək üçün nəzərdə tutulub.
Gəmi 28 təyyarə və 24 helikopter qəbul edə bilir. Əvvəlcədən yenidənqurma xərcləri 20 milyard rubl qiymətləndirildi.
Gəminin 2022-ci ildə Rusiya Hərbi Dəniz Qüvvələrinə qaytarılacağı güman edilirdi, lakin təmirin başa çatma tarixi bir neçə dəfə təxirə salınıb.
TAHİR