AZ

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatçısı rolunda...

“Odlar yurdu” Suriyanın da etibarlı enerji təminatına töhfə verəcək

Suriya Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri və Prezident İlham Əliyevlə görüşü Azərbaycan-Suriya əlaqələrində yeni bir dönəmin başlanğıcını qoyub. Görüş zamanı Azərbaycan-Suriya əlaqələrinin genişlənməsi, iki dövlətin müxtəlif məsələlər, xüsusilə də enerji sahəsində əməkdaşlığı müzakirə edilib, bu istiqamətdə konkret qərarlar qəbul edilib. Tərəflər arasında əldə edilən razılığa əsasən, bundan sonra Azərbaycan Türkiyə vasitəsilə Suriyaya qaz ixrac edəcək ki, bu da hazırda ciddi enerji böhranı yaşayan Suriyanın etibarlı enerji təminatının formalaşması baxımından həyati əhəmiyyətə malikdir.

Bu əməkdaşlıq Azərbaycanın enerji təchizatçısı kimi qlobal aləmdəki nüfuzunun daha da artması deməkdir ki, bu da həm iqtisadi, həm də siyasi baxımdan ölkəmiz üçün mühüm önəm kəsb edir.

Enerji təminatını Azərbaycan qazı əsasında formalaşdıracaq 13-cü ölkə - Suriya!

Xatırladaq ki, hazırda Azərbaycan dünyanın 12 ölkəsinə qaz ixrac edir ki, bu da ölkəmizin enerji ixracatçısı kimi önəmindən, onun nəhəng potensialından xəbər verir. Bu gün müasir dünyada enerji təhlükəsizliyinin sadəcə iqtisadi deyil, həm də dövlət təhlükəsizliyinin mühüm elementinə çevrildiyini nəzərə alsaq, Azərbaycanın bu dövlətlərin həyatında necə mühüm rol oynadığı aydın olar. Ölkəmizin yaxın gələcəkdə Suriyaya qaz nəql etməsi ilə enerji təminatını Azərbaycan qazı əsasında formalaşdıran dövlətlərin sayı 13-ə çatacaq ki, bu da resppublikamız adına çox böyük uğurdur. Bu, Azərbaycanın Avropa ilə yanaşı, həm də Yaxın Şərqin enerji təhlükəsizliyində aparıcı rol oynadığını, bu mövqeyini getdikcə daha da gücləndirdiyini göstərir.

Dünya dövlətlərinin Azərbaycan qazına bu qədər maraq göstərməsinə səbəb nədir?

Azərbaycanın qaz ixracatçısı kimi dünya enerji bazarındakı mövqeyini durmadan gücləndirməsi bir sıra amillərlə bağlıdır ki, bunlardan biri ölkəmizin qaz təchizatçısı kimi potensialının böyüklüyü, digəri isə enerji faktorundan siyasi təzyiq aləti kimi istifadə etməməsidir.

Heç kimə sirr deyil ki, bəzi enerji ixracatçıları enerji təminatı baxımından asılı ölkələrə siyasi təzyiq məqsədilə də istifadə edir, mütəlif məsələlərlə bağlı öz iradələrini qarşı tərəfə məhz bu yolla qəbul etdirməyə çalışırlar. Halbuki, Azərbaycan tarixində bir dəfə də olsun bu cür hal baş verməmiş, rəsmi Bakı öz siyasi maraqlarını “enerji şantajı” vasitəsilə müdafiə etməyə qalxmamışdır. Məhz bu amil – yüksək siyasi əxlaq dünya bazarında Azərbaycan qazına olan marağın hədsiz artmasına səbəb olmuş, etibarlı ölkə kimi digər dövlətləri  respublikamızla əməkdaşlığa sövq etmişdir.

Yeni imkanlar və perspektivlər...

Azərbaycanın Suriyaya qaz ixracı ölkəmizin enerji təchizatçısı kimi iqtisadi-siyasi nüfuzunu artırmaqla yanaşı, yaxın gələcək üçün əlavə imkanlar və geniş perspektivlər də vəd edir. Belə ki, Suriya-İordaniya qaz kəməri bərpa olunarsa, bu, Azərbaycanın qazının daha geniş coğrafiyada yayılmasına, hətta Misirə qədər nəqlinə gətirib çıxara bilər ki, bu da ölkəmiz üçün çox böyük nailiyyət olar.

Bundan başqa, unutmaq olmaz ki, Azərbaycan dünya bazarında sadəcə qaz deyil, həm də elektrik enerjisi ixrac edən ölkə kimi tanınır. Bu baxımdan Azərbaycan Türkiyə-Suriya marşurutu ilə Yaxın Şərqə elektrik enerjisi də ixrac edə bilər ki, ölkəmizdə bunun üçün də böyük imkanlar mövcuddur. Sadəcə bir faktı qeyd edək ki, Azərbaycan işğaldan azad edilən ərazilərdə çoxlu sayda ekoloji təmiz enerji layihələri həyata keçirir ki, bu da ölkəmizin enerji ixracı imkanlarını əhəmiyyətli şəkildə rtırır. Bütün bunları nəzərə alaraq, ehtimal etmək olar ki, Azərbaycan yaxın gələcəkdə Yaxın Şərqə sadəcə qaz ixrac etməklə qalmayacaq, öz elektrik enerjisi ilə də bu regionu nura qərq edəcək.

Seymur ƏLİYEV

 

Seçilən
16
moderator.az

1Mənbələr