AZ

Tariximizə işıq salan şəxsiyyət

Azərbaycanın həm sovet dövr tarixi, həm də müstəqilliyinin ilk illəri dövlətimizin və xalqımızın taleyində dönüş anı sayılan mühüm siyasi hadisələrlə əlamətdardır.  Fəxrlə qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bu hadisələr Azərbaycanı tənəzzüldən, xalqımızı manqurtlaşmadan xilas etmiş, respublikamızı inkişaf yoluna çıxarmış, müstəqilliyimizi əbədi və sarsılmaz etmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyini özündə ehtiva edən bu hadisələr nəticəsində həm sovet, həm də müstəqillik illərində respublikamızın qürurdoğuran tarixinin təməlləri qoyulmuşdur.

İyulun 14-də isə əbədiyaşar şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərliyə başlamasının növbəti ildönümü tamam olur. Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilməsi respublikamızın tarixində tamamilə yeni mərhələnin başlanğıcına çevrilmiş, yeni iqtisadi, sosial-mədəni və ictimai proseslərin meydana çıxmasına səbəb olmuşdur. 

Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra öz fəaliyyəti ilə sovet rejiminə xas olan bütün stereotipləri dəyişmişdi. Təsadüfi deyil ki, Ulu Öndərin rəhbərliyinin ilk günlərindən ölkədə pozitiv dəyişikliklər hiss olunmağa başlamış, vətəndaşlar yeni rəhbərin yenilikçi təşəbbüslərinin şahidi olmağa başlamışdılar. Sovet dövlətinin sərt inzibati və siyasi-ideoloji fəaliyyət metodlarına rəğmən Heydər Əliyevin tamamilə yeni idarəçilik prinsiplərindən çıxış etməsi, qarşıya qoyulmuş vəzifələrin icrası, problemlərin aradan qaldılırması istiqamətində fərqli və novator yanaşma ortaya qoyması, kadr məsələsində azərbaycanlıları önə çəkməsi bütün cəmiyyətimizi ruhlandırmışdı. Təbii ki, bütün bunlar  cəmiyyətin sosial zümrələrini qarşıya qoyulan vəzifələrin icrasında səfərbər etmişdi.

Bu baxımdan Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü - 1969-1982-ci illər respublikamızın müasir tarixində ilk sürətli inkişaf və intibah mərhələsi kimi xarakterizə olunur. Bu inkişaf özünü bütün sahələrdə - həm sənayedə, həm kənd təsərrüfatında, həm xidmət sahələrində, həm elm və təhsil sferalarında, həm idarəçilikdə, həm də əhalinin sosial rifahının yüksələşində özünü göstərmişdir. O illərdə Azərbaycanın bütün şəhər və kəndlərinin siması dəyişmiş, abadlıq və quruculuq işləri geniş vüsət almışdı. Cəmi 13 ildə Azərbaycanda milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2,7 dəfə  artmışdı.  Azərbaycanda buraxılan 350 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac olunmuşdu.  O dövrdə Azərbaycanın inkişaf göstəricilərinə görə keçmiş ittifaq dövlətləri arasında 14-cü yerdən liderlər cərgəsinə yüksəlməsində məhz bu amillər əsas rol oynamışdı.

Sovet hakimiyyətinin quruluşu və idarəetmə forması respublikamızda xüsusən milli müstəvidə hansısa yeniliyi və ya dəyişikliyi, xalqların öz mənəvi və mədəni dəyərlərinin təbliğini istisna edirdi. Kiçik epizodları çıxmaq şərtilə xalqların öz milli dəyərlərini açıq şəkildə ifadə etmələri, demək olar ki, mümkün deyildi. Bu qaydaları pozanları sovet dövlətinin sərt cəza tədbirləri gözləyirdi. Lakin sovet rejiminin tələblərinin əksinə olaraq Heydər Əliyev milli və mənəvi dəyərlərimizin qorunması, yaşadılması, xalqımızın özünəməxsus ənənələrinin yaşadılması üçün bütün imkanlardan səmərəli şəkildə istifadə etmişdir. Təsadüfi deyil ki, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü həm də xalqımızın milli mənlik şüurunun inkişafına güclü təkan verən tədbirlərin reallaşdırılması ilə əlamətdardır. Bütün bunlar Ulu Öndərin milli dəyərlərə son dərəcə bağlı olmasından, vətənpərvərliyindən, öz xalqına sonsuz sevgisindən qaynaqlanırdı. O dövrdə milli məsələlərlə bağlı olan ictimai  şüurda olan qorxu və narahatçılığa Heydər Əliyevin sayəsində son qoyuldu.  Bütövlükdə ötən əsrin 70-80-ci illərində Azərbaycanın sosial-iqtisadi inkişafı ilə yanaşı, hansı milli-mənəvi dəyərlərə bağlı olduğumuzun açıq şəkildə ifadə edilməsi Heydər Əliyevin adı ilə bağlı idi. Prezident 

İlham Əliyevin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" sərəncamında Ulu Öndərin respublikamıza rəhbərliyinin birinci dövrü barədə deyilir:  "Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir".

Təbii ki, həm də ictimai şüurda milli oyanışa gətirib çıxaran bu reallığın nəticəsi olaraq 1970-1980-ci illərdən Azərbaycanın müstəqilliyi ideyası formalaşmağa başlamışdı. Ona görə də Heydər Əliyevin 1969-cu ildən Azərbaycana rəhbərliyə başlamasından sonra respublikamızın iqtisadi, sosial və mədəni həyatında baş verən keyfiyyət dəyişiklikləri yalnız həmin dövrlə yekunlaşmır. Bu dəyişikliklər xalqımızın gələcək taleyinə də təsir göstərərək, Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün etibarlı iqtisadi təməl və siyasi zəmin yaratmışdı.

Müasir tariximizin dərslərindən biri də budur ki, Azərbaycan xalqı ən böyük problemlər və sarsıntılarla yalnız Heydər Əliyevin siyasi hakimiyyətdə olmadığı dövrdə üzləşmişdir. 1980-ci illərin sonlarından başlayaraq müstəqilliyimizin ilk illərinə qədər Azərbaycana rəhbərlik edənlər xalqa yalnız iztirab və sarsıntı yaşatdılar, torpaqlarımızın işğalına səbəb oldular. Yalnız Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə tarixin gərdişi xalqın arzuladığı istiqamətə dəyişdi. Beləliklə, əgər Heydər Əliyev 1969-1982-ci illərdə iqtisadi, milli və mədəni intibahı təmin etmişdisə, 1993-cü ildə yenidən siyasi rəhbərliyə başlamaqla Azərbaycanın müstəqilliyini xilas etmiş, respublikamızı parçalanmasına imkan verməmişdi, müasir, hüquqi və dünyəvi Azərbaycan dövlətini yaratmışdı. Ulu Öndər əməlləri ilə Azərbaycan xalqının əbədiyaşar Ümummilli Liderinə çevrilmişdi.

Heydər Əliyev bu gün də uğurla davam etdirilən yüksəliş epoxasının yaradıcısıdır. Öz başlanğıcını 1969-cu ilin 14 iyulundan  götürən bu epoxa Ulu Öndərin ən layiqli siyasi davamçısı, cənab Prezident İlham Əliyevin Azərbaycana müdrik rəhbərliyi ilə dinamik inkişafı, müstəqilliyimizin əsaslarının daha da möhkəmləndirilməsi, xalqımızın qüdrətli dövlətçiliyə malik olması, respublikamızın regionda və qlobal miqyasda mövqelərini möhkəmləndirməsi, yeni dünya nizamının formalaşmasında iştirak kimi reallıqları özündə birləşdirir. Cənab Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması və Qarabağda erməni separatizminə son qoyulması isə bu epoxanın ən böyük tarixi nailiyyətləridir. 

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr