AZ

Masallıda xeyriyyəçilərin dəstəyi ilə ehtiyacı olanlar üçün yeni evlər tikilir

Küləkli və bir az da mülayim keçən iyulun ikinci ongünlüyündən havalar istilənməyə başlayıb. Paytaxt sakinlərinin çoxu bu vaxtlar məzuniyyət və istirahət günlərini səmərəli keçirmək üçün Bakıətrafı kənd və qəsəbələrdəki bağ evlərinə, ölkəmizin bölgələrində təbiətin qoynundakı istirahət yerlərinə, sanatoriya və müalicəxanalara, ya da xarici ölkələrə, uzaq şəhərlərə üz tuturlar.

Bəs hazırda yayın bu qızmar günlərində ailə qayğıları və ya işi ilə əlaqədar harasa gedə bilməyənlər istirahət saatlarını və günlərini necə keçirirlər? Bəri başdan onu da qeyd edək ki, yay mövsümündə istər bölgələrdən, istərsə də qonşu xarici ölkələrdən Bakıya gələnlərin də sayı çoxdur. Çünki Bakı və onun ətraf qəsəbələri gündən-günə gözəlləşir, abadlaşır, insanların sosial tələblərinin hərtərəfli təmini və istirahətlərinin mənalı keçməsi üçün lazımi infrastruktur yaradılır.

Qədimdən Bakının gəzməli, görməli yerlərindən söhbət düşəndə ilk növbədə Xəzərin mirvari boyunbağısı adlandırılan Sahil bağı - Bakı bulvarı yada düşür. 108-ə yaxın yaşı olan 3,5 hektarlıq bu bağ  Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və sərəncamına əsasən genişləndirilərək 16 hektara çatdırılıb. 

Biz də yolumuzu yeni bulvardan salırıq. Görülən iş, yaradılan şərait göz oxşayır. Gəzintidə olanların əksəriyyəti Sahil bağının gecə füsunkarlığından, gəzməli və görməli yerlərindən, Vətən müharibəsinin qələbəsindən, rəşadətindən söhbət açan Hərbi Qənimətlər Parkını ziyarət etməmiş geri dönmür. Burada gəzintidə olanlardan biri də  Əhmədli qəsəbəsinin sakini, ali dərəcəli həkim-kardioloq Həsən Məmmədovun ailəsi, onun köhnə bakılılardan hesab olunan, 26 ilə yaxın Avropada - Avstriyanın Vyana şəhərində yaşayan qonağı, vaxtilə Əhmədli qəsəbəsinin sakini olmuş Füzulidir. O, özünün dediyi kimi, həyat yoldaşı Pərvanə xanım, qızları Lalə, Cənnət, nəvələri Rəhimə və Atəşlə Bakıda qonaqdırlar. "İstirahətinizi necə keçirirsiniz?" sualına əvvəlcə Həsən Məmmədov cavab verir:

- Bir həftədən çox qonaqlarla birlikdə Qubada, Nabranda idik. Gəzdik-dolandıq, əyləndik. Amma harada olmuşuqsa, hey deyiblər, sabah gedək Bakıya. İki gündür qayıtmışıq. Yeni bulvar bizə yaxındır, demək olar ki, hər gün günortadan sonra bura gəzməyə, uşaqları əyləndirməyə çıxırıq. Hər cür şərait var, çox razıyıq.

29 il əvvəl Bakıdan Avstriyaya köçən Füzuli kişi və Pərvanə xanım bugünkü Bakının gözəlliyindən, füsunkarlığından ağızdolusu danışdılar. Şəhərin görməli yerlərini mobil telefonlarına çəkdiklərini dedilər. Füzuli kişi dedi:

- Bundan sonra hər il yay aylarında ailəliklə Bakıya gəlməyi, Xəzərin ləpədöyənində, Qubada, Qusarda, Şuşada, Xankəndidə dincəlməyi qərara almışıq. Çox ölkələrdə olmuşuq, Azərbaycan, Bakı, doğrudan da, çox gözəldir.

Bakını gözəlləşdirən, onu belə ürəyəyatımlı edən həm də şəhərdə aparılan möhtəşəm quruculuq işləri, ətraf qəsəbələrdə yaradılan, 54-dən çox yeni, 90-dan çox əsaslı təmir olunmuş mədəniyyət və istirahət parklarıdır. Həqiqətən, Bakı və onun ətraf qəsəbələri bu parkların hesabına gündən-günə gözəlləşir, abadlaşır. Belə istirahət parklarından biri - əsaslı təmir və yenidənqurmadan sonra   ötən ayın birinci yarısında paytaxtın Nərimanov rayonunda açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Nərimanov parkıdır. Ərazisi 4,1 hektar olan bu park şəhər sakinlərinin sevimli məkanıdır. Park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanı yenidən qurulub. Odur ki, buraya gəlib-gedənlərin sayı çoxalıb. Parkda Zeynal Arzumanovla həmsöhbət olduq:

- Uzun illərdir parkın yaxınlığında yaşayıram, açığı deyim ki, əvvəllər bura küçə alverçilərinin yığnağı idi, necə deyərlər, park dükan-bazarı xatırladırdı. Amma təmirdən sonra mənzərə tamam dəyişib. Parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb, yerində salınan yeni yaşıllıq sahələri, dekorativ kollar göz oxşayır. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda təmir edilib, yeni işıqlandırma sistemləri,  idman qurğuları, uşaq-əyləncə meydançası yaradılıb, habelə yağış sularının axıdılması üçün xətlər çəkilib. Bir sözlə, parkda istirahət üçün hər cür şərait yaradılıb.

Heydər Əliyev Sarayının arxasından Akademik Milli Dram Teatrına qədər uzanan park-fəvvarə kompleksində olduq. Günün qüruba gedən çağı hava bürkülü idi. Parka gələnlərin ardı-arası kəsilmirdi, əksəriyyəti də yaxın ərazilərdə yaşayan sakinlər idi. Xan çinarın kölgəsində əyləşmiş ortayaşlı Şahlar  Səfərovla həmsöhbət olduq:

-  "Bakı Metropoliteni"ndə işləyirəm. Hər il bu vaxtlar məzuniyyətimi Bakıda, Xəzər çimərliklərində, ya da yaxında yaşadığımdan bu bağda keçirirəm. Bir neçə gün əvvəl məzuniyyətə çıxan kimi getdim ata-baba yurdum Qusarın Avaran kəndinə. Bir həftə orada dincələndən sonra qayıtdım. Əvvəlki vaxtlara baxanda indi Bakıda istirahət etməyə, dincəlməyə o qədər yer, elə şərait var ki, heç rayona getməyə, xərc çəkib evindən-eşiyindən olmağa dəyməz. Qusardan söhbət düşmüşkən, Bakıda yaşayan yazıçı-publisist Elbrus Şahmarla Qusar şəhərinin mərkəzi parkında oxucularla görüşdə tanış oldum. Mənə "Xanimanım Qubadlı" kitabını avtoqrafla hədiyyə etdi. Bir çox ölkədə, şəhərdə olmuşam. Amma Bakıda salınan parklar, yaşıllıqlar, istirahət guşələri gördüklərimdən qat-qat üstündür. Bu parkda yaradılan səliqə-sahman, yarlı-yaraşıqlı dekorativ kollar, qol-budaq atmağa başlayan Gəncə çinarları, müxtəlif ölkələrdən gətirilmiş ağaclar, müasir işıqlandırma sistemi göz oxşayır. 

Paytaxt sakinlərinin və qonaqların sevimli  gəzinti və istirahət yerlərindən biri də Bakı Konqres Mərkəzinin qarşısında salınmış istirahət parkıdır. Ümumi sahəsi 7 hektardan çox olan parkın ərazisində 300-dən çox müxtəlif növ ağac, 50 mindən artıq dekorativ gül və kol bitkiləri əkilib. Burada çinar, tut, dəmirağacı, söyüd və palıd ağaclarının bir neçə növü var. Parkda İtaliyadan gətirilmiş bitki və ağaclara da rast gəlmək olar.

Bakı şəhər sakinləri Müseyib Əliyev, Salman Həsənov, Sevda Kazımova, Nigar Səmədova, Rəna Zülayeva, Aytel Sultanlı və Ruslan Bədəlovla həmsöhbət olduq. Onların hər biri gəzintidən, ümumiyyətlə,  son illər paytaxtda yaşıllığa xüsusi diqqət yetirildiyindən razılıqla danışdılar. Müseyib Əliyev dedi:

- Mən builki məzuniyyətimin yarıdan çox hissəsini demək olar ki,  Heydər Əliyev Mərkəzi və Təbriz küçəsi arasında yerləşən bu parkda keçirmişəm. Ərazidə 4 müxtəlif istirahət zonası var. İdman zonasında müxtəlif qurğular qoyulub. Uşaqlar üçün xüsusi zonalar yaradılıb, həmin zonalar 2700 kvadratmetrə yaxın yumşaq səthlə örtülüb. Ərazidə fəvvarə və 3 göl var. Burada ilin bütün fəsillərində fəaliyyət göstərən sintetik örtüklə təchiz edilmiş buz meydançası da yaradılıb. Bu istirahət mərkəzi nəinki biz gənclərin, yaşlı  insanların, yeniyetmə oğlan və qızların da gəzməli, dincəlməli və istirahət etməli məkanıdır.   

Rəhman SALMANLI,

"Azərbaycan"

Seçilən
9
azerbaijan-news.az

1Mənbələr