AZ

Fərid Şahbazlı: “Rusiya Jurnalistlər İttifaqının bəyanatı qərəzli və təxribat xarakterlidir”

“”Sputnik Azərbaycan” agentliyinin bəzi əməkdaşlarının həbsi ilə bağlı Rusiya Jurnalistlər İttifaqının yaydığı müraciət əsassız, qərəzli və açıq şəkildə təxribat xarakterlidir”.

Bu açıqlama ilə Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı çıxış edib.

Onun sözlərinə görə, həbs edilən şəxslərin fəaliyyəti jurnalistika prinsiplərinə deyil, xarici xüsusi xidmət orqanlarının göstərişlərinə əsaslanıb və onların saxlanılması Azərbaycan Respublikasının qanunvericiliyinə tam şəkildə uyğun həyata keçirilib: “Həmin şəxslərin sırf jurnalist olduqları üçün təqib edilməsinə dair ortada heç bir hüquqi və faktoloji əsas yoxdur”.

Baş redaktorun fikrincə, Rusiya Jurnalistlər İttifaqının bu məsələ ilə bağlı mövqeyi jurnalistikanın müdafiəsi adı altında siyasi manipulyasiya və beynəlxalq rəyə təsir göstərmək cəhdidir. Onun sözlərinə görə, bu cür yanaşma Azərbaycana qarşı informasiya təzyiqi yaratmaq məqsədi daşıyır və Rusiya tərəfindən uzun illərdir sistemli şəkildə həyata keçirilən çirkli media siyasətinə tam uyğundur: “Rusiyada jurnalistlərin susdurulması, müstəqil medianın sıradan çıxarılması və söz azadlığının məhdudlaşdırılması ilə bağlı kifayət qədər ciddi faktlar var. Anna Politkovskaya, Pavel Şeremet, Yuri Şçekoçixin kimi nüfuzlu jurnalistlərin müəmmalı şəkildə qətlə yetirilməsi və bu cinayətlərin indiyədək tam şəkildə araşdırılmaması, əksinə, ört-basdır edilməsi rəsmi Moskvanın media siyasətinin əsas mahiyyətini ortaya qoyur. Rusiya Jurnalistlər İttifaqı jurnalistika adı altında casusluqla məşğul olanları müdafiə etməkdənsə, elə Rusiyanın özündə media nümayəndələrinin hüquqlarının pozulması, azad sözün susdurulması ilə bağlı çoxsaylı faktlara etiraz etməlidir”.

Editor.az-ın baş redaktoru hesab edir ki, Rusiya Federasiyası uzun müddətdir medianı təzyiq vasitəsinə çevirərək, müxtəlif ölkələrdə daxili sabitliyi pozmaq, cəmiyyətlərdə çaşqınlıq yaratmaq, ictimai rəyi yönləndirmək məqsədilə istifadə edir. “Sputnik” və digər bu qəbildən olan media platformaları vasitəsilə casusluq fəaliyyəti, dezinformasiya yayımı və informasiya diversiyaları həyata keçirilməsi artıq beynəlxalq aləmdə ciddi narahatlıq doğurur”.

Fərid Şahbazlı bildirib ki, beynəlxalq ictimaiyyət bu tip hallara qarşı susmamalı, jurnalistika adı altında aparılan bu təhlükəli fəaliyyətlərə prinsipial və obyektiv münasibət ortaya qoymalıdır. Onun fikrincə, media azadlığı adı ilə hüquqi dövlətin suveren qərarlarını şübhə altına almağa cəhd göstərilməsi yolverilməzdir.

Seçilən
28
2
editor.az

3Mənbələr