BAKI, TurkicWorld
ABŞ Prezidenti Donald Tramp, maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədlərin Demokratlar tərəfindən uydurulduğunu bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında yazıb.
“İllərdir Epşteyn, təkrar-təkrar. Sabiq Prezident Barak Obama və satqın dövlət katibi Hillari Klinton tərəfindən yazılmış sənədləri niyə ictimailəşdirirlər?” – deyə, ABŞ Prezidenti qeyd edib.
Tramp əlavə edib ki, Epşteynin dosyesinin hazırlanmasında sabiq Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Federal Təhqiqat Bürosunun (FBI/FTB) rəhbərləri, eləcə də sabiq prezident Co Baydenin administrasiyasından olan “uğursuzlar və cinayətkarlar” iştirak ediblər. Onun sözlərinə görə, əgər bu sənədlər ona zərər yetirə bilsəydi, “radikal solçu dəli”lər onları çoxdan yayardılar.
Qeyd edək ki, iyun ayında amerikalı iş adamı İlon Mask ABŞ-da Epşteyn işi üzrə bütün sənədlərin hələ də nə üçün yayımlanmadığını bildiyini söyləmişdi. O, bu sənədlərdə Trampın adının keçdiyini iddia etmişdi. Lakin artıq ictimaiyyətə açıqlanan sənədlərdə də onun adı mövcuddur.