Rusiya Xarici İşlər Nazirliyi Vladimir Putinin İranı ABŞ-la nüvə sazişini qəbul etməyə çağırdığı iddia edilən “Axios” nəşrinin məlumatını “çirkli siyasiləşdirilmiş kampaniya” adlandırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN Qərb mediasını “feyk” məlumatlar yaymaqda ittiham edib.
"Qərb mediası öz əsl mahiyyətini açıq şəkildə nümayiş etdirməkdə davam edir - siyasi elitaların, kəşfiyyat qurumlarının və qondarma dərin dövlətin əlində olan, heç bir üsuldan, o cümlədən birbaşa təxribatlardan və “feyk”lər yaratmaqdan çəkinməyən alətdir", - Rusiya XİN-nin bəyanatında bildirilib.
Qeyd olunub ki, bu məsələdə, o cümlədən İsrail və Amerikanın İran ərazisinə endirdiyi zərbələr kontekstində Rusiya Federasiyasının mövqeyi hamıya məlumdur: “Biz İranın nüvə proqramı ətrafında yaranmış böhranın istisnasız olaraq siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini ardıcıl və dəfələrlə vurğulamışıq və qarşılıqlı məqbul həll yollarının tapılmasına kömək etməyə hazır olduğumuzu bildirmişik”, - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.