Fransa prezidenti mürəkkəb geosiyasi vəziyyət fonunda müdafiə xərclərinin 2030 yox, artıq 2027-ci ilə qədər ikiqat artırılacağını bəyan edib…
Poliqon xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ölkənin hərbi büdcəsinin artırılması planlarının sürətləndiriləcəyini açıqlayıb. Makron bildirib ki, dünyada geosiyasi gərginliyin artması səbəbindən Fransa 2030-cu ilə planlaşdırılan müdafiə büdcəsinin ikiqat artırılması hədəfini artıq 2027-ci ilə qədər reallaşdırmağı qarşısına məqsəd qoyub.
Prezidentin sözlərinə görə Fransanın hərbi büdcəsi 2017-ci ildə 32 milyard avro təşkil edirdisə, bu rəqəm 2027-ci ilə qədər 64 milyard avroya çatdırılacaq. Bundan əlavə, 2025-ci ildə əlavə olaraq 3,5 milyard avro, 2027-ci ildə isə daha 3 milyard avro müdafiə sahəsinə ayrılması planlaşdırılır.
Makron qeyd edib ki, 2026-cı il üçün dövlət büdcəsində 40 milyard avro qənaət nəzərdə tutulsa da, müdafiə xərclərinin artımı iqtisadi fəallığın gücləndirilməsi hesabına maliyyələşdiriləcək.
“Bizim hərbi müstəqilliyimiz maliyyə müstəqilliyimizdən ayrılmazdır. Bu artım iqtisadi aktivliyin və istehsalın genişlənməsi hesabına təmin olunacaq”, deyə Fransa prezidenti vurğulayıb.
Poliqon.info